Araşdirma aida imanquliyevanin yaradiciliğinda



Yüklə 360,66 Kb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü360,66 Kb.
#63530


60

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı

Dövlət və Din - № 01 (54) Yanvar - Fevral 2018

ARAŞDIRMA

AİDA İMANQULİYEVANIN YARADICILIĞINDA 

DİNLƏR VƏ MƏDƏNİYYƏTLƏRARASI 

HARMONİYA

Əli FƏRHADOV,

Milli Azərbaycan Tarixi 

Muzeyinin elmi işçisi,

ali_farhadov@yahoo.com

AÇAR SÖZLƏR: A.İmanquliyeva, C.X.Cübran, M.Nüaymə, ər-Reyhani, din, tolerantlıq.

КЛЮЧЕВЫЕ СЛОВА: А. Имангулиева, Дж. Х. Джубран, М. Нуайме, аль- 

 

 

 

 

 

 Рейхани, религия, толерантность.

KEY WORDS: A. Imanguliyeva, J.H. Cubran, M.Nuayme, er-Reyhani, religion, tolerance.

Hər bir millətin mədəniyyətinin ümumbəşəri dəyərlərlə qırılmaz bağlılığı var. Milli olanın 

ümumbəşəri olanla birliyindən kənarda heç bir mədəniyyət tam inkişaf edə bilməz. Azərbaycan 

mədəniyyəti də öz tarixi prosesində Şərq, xüsusilə ərəb mədəniyyəti ilə sıx əlaqədə olmuşdur. 

Bu əlaqənin əsas tədqiqatçılarından biri görkəmli şərqşünas alim Aida İmanquliyeva (1939-

1992) olmuşdur.

Aida  İmanquliyeva  Azərbaycan  Dövlət  Universitetinin  Şərqşünaslıq  fakültəsinin 

ərəb  şöbəsində  1957-1962-ci  illərdə  təhsil  almışdır.  1966-cı  ildə  Moskvada  SSRİ  Elmlər 

Akademiyasının  Şərqşünaslıq  İnstitutunda  ərəb  filologiyası  üzrə  aspiranturanı  bitirib,  

Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi 

vəzifəsindən həmin institutda direktor vəzifəsinə qədər yüksəlmiışdir.

Görkəmli  şərqşünas  A.İmanquliyevanın  yaradıcılığında  ərəb  məhcər  (mühacirət) 

ədəbiyyatının  tədqiqi  xüsusi  yer  tutur.  Məhcər  ədəbiyyatı  dedikdə  (“Ədəbül-məhcər”)  XIX 

əsrin II yarısından etibarən Amerikaya köçmüş ərəblərin orada təmsil etdikləri ərəb ədəbiyyatı 

nəzərdə tutulur [1, s. 364]. 

Professor A.İmanquliyeva göstərir ki, “VII-XII əsrlərdə çiçəklənmə mərhələsini yaşayaraq 

intibah dövrünün mədəni yüksəlişinə öz əhəmiyyətli töhfəsini vermiş ərəb mədəniyyəti” XIX 

əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  məhcər  ədəbiyyatının  formalaşması  ilə  yenidən  zirvəyə 

ucalmışdır [2]. 

Aida xanım İslamdan əvvəlki və sonrakı, eyni zamanda XIX yüzillikdə Avropanın təsiri ilə 

formalaşmış müasir ərəb ədəbiyyatını dərindən bilirdi. Ona görə də o, ərəb məhcər ədəbiyyatının 

orijinal təhlilini verməyi bacarırdı. Bu təhlillərin ərəb müəlliflərinin yazdıqlarından daha dəqiq 

və  hərtərəfli  olduğunu  söyləmək  mümkündür.  Ərəb  müəllifləri  məhcər  şair  və  yazıçıların 

tərcümeyi-hallarını, əsərlərindən nümunələri verməklə kifayətlənirdilər. Aida xanım isə daha 




61

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı

Dövlət və Din - № 01 (54) Yanvar - Fevral 2018

ARAŞDIRMA

dərindən araşdıraraq bütün məziyyətləri əhatə etməyə çalışırdı [3, s. 18].

Aida xanımın “Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk mətbu məqaləsi 

“Azərbaycan” jurnalında (1964, № 12) dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir 

neçə  hekayəsini  ərəb  dilindən  ruscaya  çevirmişdir.  Onun  müasir  ərəb  ədəbiyyatının  aktual 

problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və 

elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur [4]. A.İmanquliyevanın “Ассоциация 

пера” и Михаил Нюйме” [5] (“Qələmlər birliyi” və Mixail Nüaymə”), “Cübran Xəlil Cübran 

(həyatı və yaradıcılığı)” [6], “Корифеи новоарабской литературы” (“Yeni ərəb ədəbiyyatı 

korifeyləri”) [7] kimi əsərləri XIX-XX əsrin əvvəllərindəki ərəb ədəbiyyatının tədqiqi baxımından 

müstəsna əhəmiyyətə malikdir. Bu əsərlərdə Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail 

Nüaymənin  nümunəsində  ərəb  məhcər  ədəbiyyatının  görkəmli  nümayəndələrinin  rolunu 

səciyyələndirən A.İmanquliyeva  “Onların  ədəbi  fəaliyyətləri  Qərb  və  Şərq  ədəbiyyatlarının 

öz mənəvi nailiyyətlərini bir-biri ilə mübadilə etdikləri informasiya kanalı rolunu oynayırdı” 

deyərək mövzuya multikultural baxış bucağını ortaya qoymuşdur. 

A.İmanquliyeva  qeyd  edir  ki,  ərəblərin  ictimai-mədəni  həyatının  yüksələn  xətlə 

inkişafında  yeni  mərhələ  XVIII  əsrin  sonundan  –  ərəb  dünyası  və  Qərb  əlaqələrinin 

genişlənməsi ilə nəticələnən Misir və Suriyaya fransız ekspedisiyalarından sonra başlayır. O, 

şərqşünas İ.Kraçkovskiyə istinadən bildirir ki, XIX əsrdə Suriya və Misirdə başlanan böyük 

canlanma, xüsusən paytaxtı Beyrut olan Livanı bürümüşdü. Avropalı səyyahlara görə, Beyrut 

Asiya  şəhərləri  arasında  ən  çox  Qərb  xüsusiyyətlərini  daşıyan  şəhər  idi.  Onların  fikrincə, 

Beyrutda ictimai-mədəni, iqtisadi yüksəlişlə yanaşı, xristian Avropa missionerlərinin də təsiri 

güclənir, missioner məktəbləri, universitetlər açılır, nəticədə Avropa mədəniyyətinin, dünyəvi 

maarifçiliyin Livanda yayılmasına gətirib çıxarırdı [8, s. 15-17, 36].

XIX  əsrin  II  yarısındakı  iqtisadi  problemlər  yerli  əhalinin  bir  çoxunun  Amerikaya 

köçməsinə səbəb olmuşdur. Ərəb məhcər ədəbiyyatı – Suriya-Amerika məktəbi yaranmışdır. 

Bu məktəbin əsas nümayəndələri Cübran Xəlil Cübran (1883-1931), Əmin ər-Reyhani (1876-

1940)  və  Mixail  Nüaymə  (1898-1988)  idi. A.İmanquliyevaya  görə,  bu  yazıçıların  yaradıcı 

fəaliyyətinin  əhəmiyyəti  ondadır  ki,  onlar  Qərb  dəyərlərini  yeni  formada  –  milli  ənənələrlə 

sintez şəklində ifadə etmişlər [8, s. 18-19]. 

1920-ci  ildə  Nyu-Yorkda  yaradılan  “Qələm  birliyi”  (“ər-Rabiətül-qələmiyyə”,  1920-

1931) ərəb məhcər ədəbiyyatının əsas aparıcı təşkilatı olmuşdur. Təşkilatın əsas orqanı “əs-

Saih” məcmuəsi idi [1, s. 365]. Təşkilata 11 il sədrlik edən Cübran (1883-1931) vətənindən 

uzaq düşən ərəb ziyalılarını onun ətrafında birləşdirmişdir [9, s. 6-8]. Onun katibi isə Nüaymə 

(1889-1988)  idi. A.İmanquliyevaya  görə,  ər-Reyhani  və  Cübrana  qədər  ərəb  ədəbiyyatında 

mənsur  şeir  janrı  mövcud  olmamışdır  [8,  s.  46].  Cübranın  poeziyası  ərəb  ədəbiyyatında 

inqilabdır. Onun şeirlərinin məzmunu gerçəkliklə bağlıdır. O, sadə həyatı təsvir etmiş, xeyrə 

və  ədalətə  çağırmışdır.  Cübranın  yaradıcılığında  Şekspir,  Höte,  Dante  və  Şərq  fəlsəfəsinin 

təsiri görünür. A.İmanquliyevaya görə, “Göl məktəbi” (Lake poets – göl məktəbi XVIII əsrin 

sonları-XIX əsrin əvvəllərində ingilis romantik şairlərinin birləşdiyi qrupun şərti adıdır – Red.) 



62

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı

Dövlət və Din - № 01 (54) Yanvar - Fevral 2018

ARAŞDIRMA

nümayəndələrindən təsirlənən Cübran və Reyhaninin yaradıcılığında vətən azadlığı, maarifçilik, 

dirçəliş, humanizm kimi ideyalar, həmçinin Qərb romantizmi irsinə müraciət aparıcı yer tutur. 

[8, s. 61-69]. 

Livanlı xristian ərəb olan Cübran Qərb və ərəb mədəniyyətinin varisi və daşıyıcısıdır. 

Ərəbdilli  əsərləri  ilə  yanaşı,  onun  ingilis  dilində  yazdığı  “Peyğəmbər”  (1923),  “İsa  insan 

oğludur” (1928), “Yer allahları” (1931), “Peyğəmbər bağı” (1933) kimi əsərləri də var. Eyni 

zamanda, böyük rəssam olan Cübranın rəsm əsərləri ABŞ-da dəfələrlə sərgilənmiş, tənqidçilər 

tərəfindən  yüksək  qiymətləndirilmişdir  [10,  s.  11-12].  Şərqşünas  İ.Kraçkovskinin  fikrincə, 

Cübranın yaradıcılığı həm Nyu-Yorkda, həm Livan kəndlilərinin qəlbində əks-səda tapırdı [8, 

s. 86; 10, s. 20-21].

Cübranın  yaradıcılığında  İslam  sufizmi  ilə  xristian  mistisizminin,  panteist  fəlsəfənin 

vəhdəti görünür. O, təbiətlə insanı qarşı-qarşıya qoymur, onların harmonik ittifaqını tərənnüm 

edir. “Sən nəsən ey torpaq və kimsən? Sən mənsən, ey torpaq! İkimiz bir canıq” [8, s. 102] deyən 

Cübran kainatla insanın vəhdətini ifadə edirdi. Bənzər fikirləri kainatı böyük insan, insanı kiçik 

kainat sayan İslam düşüncəsində də görürük [11, s. 61].

A.İmanquliyeva qeyd edir ki, Cübran hansı məsələdən danışırsa-danışsın, o, həmişə öz 

xalqını, bütün bəşəriyyəti hədsiz dərəcədə sevən şəxsiyyət olmuşdur [10, s. 3].

Cübran həm də humanist ideallarla yaşamış, sadə zəhmətkeş insanın, ərəb qadınlarının 

vəziyyəti, sosial ədalətsizlik, yoxsulluq problemləri onu narahat etmişdir. Cübran nadan din 

xadimlərinin  insanları  istismar  etdiyini  yazmış,  əsərlərində  Livanın  gələcəyi  üçün  azadlıq 

mübarizəsi tərənnüm etmişdir [8, s. 72].

Cübranda qadın azadlığı mövzusu əsas yer tutmuşdur. O yazırdı ki, əgər mənim bu gün 

bir  əhəmiyyətim  varsa,  buna  görə  qadına  borcluyam.  Mütəfəkkir  qadınları  istismar  olunan 

millətlərin yüksələ bilməyəcəyini belə ifadə edirdi: “Məgər bu qadın bu məzlum milləti təcəssüm 

etdirmirmi? Məgər ruhunun çırpıntıları və cisminin əzabları ilə üzülmüş qadın öz ağaları və 

din xadimləri tərəfindən əldən salınmış bu millətə bənzəmirmi?” [8, s. 84]. Şərq qadınlarını 

“qanadı qırılmış mələklər”ə bənzədən Cübran özünün “Qırılmış qanadlar” povestində də qadın 

azadlığı mövzusuna geniş yer vermiş, qadınların ailə və cəmiyyətdəki rolunu araşdırmışdır. 

A.İmanquliyeva mütəfəkkirin bu povesti ilə qadın azadlığı mövzusuna geniş şərh tapıldığını 

göstərir [2].

Cübranın “Peyğəmbər” əsəri onun yaradıcılığında xüsusi yer tutur. A.İmanquliyevanın 

fikrincə,  “Peyğəmbər”  Cübranın  mənəvi  estetik  kredosudur.  Bu  əsər  M.Nüaymə  tərəfindən 

ərəbcəyə də tərcümə edilmişdir. Cübran bu əsəri “ikinci doğuluşum” adlandıraraq, “o, məni 

yaradıb” demişdir [8, s. 126-127]. Əsərdəki Mustafa obrazı ilə müəllif, əsasən, öz fikirlərini 

ifadə etmişdir [8, s. 221]. “Qəlbimin bir tərəfində İsa, digər tərəfində isə Məhəmməd oturub” 

[12] deyən Cübran öz yaradıcılığında bütün dinləri birləşdirmiş, insanlığa sevgini tərənnüm 

etmişdir. A.İmanquliyeva  qeyd  edir  ki,  Cübran  özünün  də  mənsub  olduğu  Xristianlığın  və 

İslamın nadan din xadimlərini “qaniçən çoxbaşlı əjdəha”ya [9, s. 51-52] bənzətmişdir [13; 14; 

15]. 



63

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı

Dövlət və Din - № 01 (54) Yanvar - Fevral 2018

ARAŞDIRMA

Cübranın əsərlərində, həmçinin çəkdiyi rəsmlərində müxtəlif dinlərin humanist fikirlərinin 

vəhdətini  görürük.  “Sən  mənim  qardaşımsan  və  mən  səni  sevirəm.  Sən  məsciddə  səcdədə 

olanda  da,  kilsədə  diz  çökəndə  də,  sinaqoqda  ibadət  edərkən  də  səni  sevirəm.  Sən  və  mən 

inamın - Allahın övladıyıq” - deyən Cübran dinlərüstü humanist bir inancı tərənnüm edirdi [16]. 

Onun “Əgər siz Allahı dərk etmiş olsaydınız, tapmaca tapmağa ehtiyac qalmayacaqdı. Yetər 

ki, ətrafınıza boylanasınız və Onun uşaqlarınızla necə oynadığının şahidi olacaqsınız. ...Onun 

yağışlarla yağdığını, çiçəklərdə gülümsəməyini, ağaclarda sizə əl etməsini görərsiniz” [8, s. 

98; 10, s. 97-98] sözləri sufizmdə kamil insanın ifadəsi olan “Ənəlhəqq” (“Həqq məndədir” – 

Həqq kamil insanda təzahür edər) fikri ilə həmahənglik təşkil edir. İslam və sufizmlə yaxından 

tanış  olan  Cübranın  “Gözəllik  –  özünə  güzgüdə  baxan  əbədiyyətdir.  Əbədiyyət  də  sizsiniz, 

güzgü də siz” [10, s. 96] fikri insanı Allahın təcəllisi sayan sufizm fəlsəfəsinin təzahürü şəklində 

ortaya çıxır. Cübran Mustafa obrazının dili ilə “Sizin uşaqlar – sizin uşaqlarınız deyil. Onlar 

sizin vasitənizlə gəlirlər, lakin sizdən gəlmirləri, Sizinlə olduqlarına baxmayaraq, sizə məxsus 

deyillər. Siz onlara sevginizi verə bilərsiniz, amma fikirlərinizi yox. Zira onların öz fikirləri var. 

Siz onların bədənlərinə sığınacaq verə bilərsiniz, amma ruhlarına yox” [10, s. 63], deyərək azad 

insanın yetişdirilməsinə xüsusi önəm verirdi. 

Ərəb məhcər ədəbiyyatının digər nümayəndəsi Əmin ər-Reyhani də sadəcə yazıçı deyil, 

həm  də  dövrünün  böyük  mütəfəkkiri  olmuşdur.  O,  Qərbdə  təhsil  almasına  və  uzun  müddət 

ABŞ-da yaşayıb-yaratmasına baxmayaraq, Şərq ruhuna həmişə sadiq qalmış, Şərq dəyərlərini 

tərənnüm etmiş, insanın mənəvi kamilliyini sivilizasiyanın zahiri cazibəsindən uca tutmuşdur 

[17]. O, 1922-ci ildə ərəb ölkələrinə səyahətə çıxmış və 14 ay ərəb torpaqlarında səyyah kimi 

dolaşmışdır. Əmin ər-Reyhani Misir, Yəmən, İraq, Bəhreyn, BƏƏ, Küveyt və s. ölkələrin həm 

rəsmi dairələrində, həm də yerli ictimaiyyət nümayəndələri ilə söhbətlər aparmışdır. Şərqşünas 

V.Cəfərov göstərir ki, ər-Reyhani xristian olsa da, müsəlman-ərəb ölkələrinin keçmişi və müasir 

durumu, gördükləri barədə bir sıra əsərlər yazmışdır. Bu torpaqlarla bağlı təəssüratlar onun 

ikicildlik “Ərəb kralları”, “İraqın qəlbi”, “Birinci Feysəl” kimi əsərlərində əks olunmuşdur [18].

A.İmanquliyeva yaradıcılığında ər-Reyhaniyə xüsusi yer ayırmışdır. O, ərəb mütəfəkkirinin 

“Mən  Şərqəm”  şeirindən  “Ey  Qərb  gəncliyi!  ...Məndə  o  ruh  var  ki,  sənin  üsyankar  qəlbini 

sakitləşdirəcək, canlandıracaq” misralarını nümunə vermiş və göstərmişdir ki, ər-Reyhani milli 

dirçəlişin yolunu Qərblə Şərqin ən yaxşı nailiyyətlərinin birləşməsində görürdü [8, s. 166].

Ər-Reyhaninin əsərlərində nadan din xadimlərinin tənqidi də əsas yer tutur. O, “Lənətə 

gəlmiş əcnəbidən çəkinin. Onun əlində Bibliya olsa belə!”, - deyərək din adı altında xalqları 

istismar edənləri, müstəmləkə siyasəti aparan imperialistləri, “dinin həqiqi simasını təhrif edən 

klerikalları” ifşa edirdi [8, s. 192].

Ər-Reyhani öz əsərlərində mütərəqqi ərəb ziyalılarını da təbliğ edirdi. Onun “Cübranə” 

poeması bu baxımdan maraqlıdır. O bu əsərində Cübran sayəsində “Livanın ruhunun oyandığını” 

[8,  s.  168],  milli  dirçəlişin  onunla  başladığını  göstərirdi. A.İmanquliyeva  qeyd  edir  ki,  ər-

Reyhani  bu  poemasında  ərəb,  ingilis  dillərində  yazıb-yaratmış  Cübranı  iki  qılıncla  vuruşan 

döyüşçüyə bənzətmiş və onun vaxtsız ölümünə təəssüflənmişdir [8, s. 169].




64

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı

Dövlət və Din - № 01 (54) Yanvar - Fevral 2018

ARAŞDIRMA

“Xalidin  kitabı”  əsərində  dünyanı,  təbiəti  bir  kitab  və  məscid  kimi  təqdim  edən  ər-

Reyhani “Burada hansı tərəfə dönərsən dön, Allahın canlı ruhunun hər zaman mövcud olduğu 

bir sığınacaq vardır” [19, s. 21-29] – deyir və biz burada Quranın “əl-Bəqərə” surəsinin 115-

ci  ayəsinin  “Şərq  də,  Qərb  də  Allahındır:  hansı  tərəfə  yönəlsəniz  (üz  tutsanız)  Allah 

oradadır...” təsirini görürük.

Əsərlərində İslam sufizmini təbliğ edən, “Ərəbiyə salam olsun, Həqiqətin dilinə” deyən 

ər-Reyhani  İslam  dünyasının  böyük  mütəfəkkirlərindən  biri  -  məşhur  sufi  şairi  İbn  Ərəbini 

“Həqiqətin dili” hesab edirdi. Onun ingilis dilində yazdığı şeirlərinin çoxunda Tanrıdan bəhs 

olunarkən “God” yox, məhz “Allah” sözü işlənir ki, bu da onun xristian olmasına baxmayaraq, 

İslam  dininə  rəğbətindən  irəli  gəlir.  Ər-Reyhaninin  bütün  yaradıcılığına  təsir  edən  sufizm 

ideyaları ən  çox  “Mistiklərin  nəğməsi”  kitabında  tərənnüm  olunur.  Ümumiyyətlə, Əmin  ər-

Reyhani orta əsr İslam sivilizasiyasını bir ideal kimi götürürdü [19, s. 21-29].

Ər-Reyhaninin  yaradıcılığında  qadın  azadlığı,  qadın-kişi  hüquqlarının  bərabərliyi 

ideyaları da əsas yer tutur. O, “Hərəmxana divarlarından kənarda, yaxud Cihan” adlı povestində 

öz milli, cinsi hüquqları uğrunda mübarizə aparan Cihan obrazının dili ilə belə deyir: “Görəsən, 

Vətənin  oğulları  arasında  elə  biri  tapılarmı  ki,  onunla  eyni  yolu  getsin?...  Onun  müqəddəs 

arzularını istehzaya qoymasın?” [8, s. 175-177].

Özünü  “kainatın  vətəndaşı”  [20]  adlandıran  ər-Reyhaninin  ideyaları  müasir 

multikulturalizm  ideyaları  ilə  ahəngdardır.  Bu  fikirlərin  A.İmanquliyeva  tərəfindən  tədqiq 

edilməsi dini, etnik tolerantlıq, multikulturalizm baxımından olduqca vacibdir. 

Ərəb məhcər ədəbiyyatının nümayəndəsi M.Nüaymənin yaradıcılığı da Azərbaycanda ilk 

dəfə A.İmanquliyeva tərəfindən araşdırılmış [21, s. 19], onun bəzi əsərləri ərəbcədən dilimizə 

tərcümə edilmişdir [22]. Aida xanım qeyd edir ki, Nüaymə özünü yalnız ərəb yazıçısı hesab 

etmirdi, bütün bəşəriyyət üçün yazırdı.

M.Nüaymədə rus klassiklərinin təsiri güclüdür. O, yaradıcılığında daha çox rus tənqidi 

realizminə  (novellalarında)  müraciət  edirdi.  Ədəbiyyatda  yenilik  tərəfdarı  olan  Nuaymə 

yaradıcılığına rus mədəniyyətinin təsirini belə ifadə edirdi: “Mənim həyatım bu ölkənin həyatına 

çox sıx şəkildə bağlandı. Mən özümü onun oğullarından biri hesab etməyə başladım” [8, s. 196]. 

Nüaymədə rus klassiklərinin təsir dairəsini müəyyən edən A.İmanquliyeva konkret nümunələr 

əsasında müqayisəli ədəbi araşdırma aparmışdır. Aida xanım göstərirdi ki, “Poltavada təhsil 

almış Mixail Nuaymənin bədii yaradıcılığında L.Tolstoyun, İ.Turgenyevin, A.Çexovun, ədəbi-

tənqidi  məqalələrində  isə  V.Belinskinin  təsiri  müşahidə  olunur”  [23,  s.  14].  O  bildirirdi  ki, 

Nüaymə Rusiyada yaşadığı illəri, rus ədəbiyyatından aldığı təəssüratları daim minnətdarlıqla 

yad etmişdir. Rusiya ilə müqayisədə ərəb ölkələrində ədəbi durğunluğun olduğunu qeyd edən 

Nüaymə bu durğunluqdan üzülmüşdür [24]. Aida İmanquliyeva məşhur rus tənqidçisi Belinskinin 

ədəbi-tənqidi görüşlərinin Nüaymənin ədəbi-tənqidi estetikasının formalaşmasındakı rolundan 

xüsusilə bəhs edirdi. Bu iki görkəmli ədib arasında paralellər aparan Aida xanım Nuaymənin 

ərəb cəmiyyətindəki tərbiyəvi və reformist rolunun Belinskinin rus cəmiyyətindəki rolundan 

az olmadığını vurğulayırdı [3]. Aida xanım ərəb yazıçılarının Nüayməni “ərəb ədəbiyyatının 



65

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı

Dövlət və Din - № 01 (54) Yanvar - Fevral 2018

ARAŞDIRMA

Belinskisi” adlandırdıqlarını da qeyd edirdi [8, s. 201].

Nüaymə təkcə rus ədəbiyyatı ilə kifayətlənməmiş, rus ədəbiyyatından tutmuş Amerika, 

Avropa ədəbiyyatına, müsəlman sufi düşüncə tərzinə, Qərb və Uzaq Şərqdəki fəlsəfi cərəyanlara 

da dərindən bələd olmuşdur [25, s. 7]. Onun fəaliyyətinin əsas istiqamətlərindən biri də ərəb 

ədəbiyyatının,  xüsusilə  Cübran  və  ər-Reyhani  yaradıcılığının  tədqiqidir.  O,  Cübranı  ərəb 

dünyasında bir “inqilab”, “susmağa məhkum edilmiş bir millətin hiss və istəklərinin bəhrəsi”, 

Livan xalqının “danışdığı ilk dil” adlandırırdı [8, s. 220]. Nüaymə ər-Reyhani yaradıcılığında 

millilik  gücünün,  Şərq  koloritinin,  ərəb  ətrinin,  hətta  onun  ingilisdilli  əsərlərində  də  hiss 

olunduğunu yazırdı [8, s. 219].

Nüaymənin  yaradıcılığı  multikulturalizm  ideyaları  ilə  zəngindir.  Onun  “Ərqəşin 

xatirələri” povesti bu baxımdan diqqəti cəlb edir. Özünü “dünyanın oğlu” adlandıran Ərqəşin 

“Əgər insanlar Allahı tanısaydılar, onlar yəhudilərə, xristianlara, müsəlmanlara bölünməzdilər, 

insan insanın qanını tökməzdi” [8, s. 234-235] sözləri multikulturalizm ideyasının ana xəttini 

təşkil  edir.  A.İmanquliyeva  göstərir  ki,  Nüaymənin  “Mirdad  haqqında  kitab”ı  Cübranın 

“Peyğəmbər” əsəri ilə səsləşir və Nüaymədə Tolstoyda olduğu kimi, “Tanrı – məhəbbətdir” 

fikri əsas yer tutur [8, s. 240-241]. Həmçinin mütəfəkkir “Mirdad haqqında kitab” əsərində 

sevgi məfhumuna üstünlük verir və insanlığa nifrət bəsləyənin elə özünə nifrət etdiyini, hər kəsi 

sevməyin vacibliyini vurğulayır [26]. 

Beləliklə,  Aida  İmanquliyevanın  qeyd  etdiyi  kimi,  “Cübran  Xəlil  Cübran,  Əmin  ər-

Reyhani və Mixail Nüaymə çoxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının 

nailiyyətlərini  mənimsəmiş,  onların  dəyərlərini  ən  yaxşı  milli  bədii  ənənələrlə  üzvi  surətdə 

sintezləşdirmişlər” [20].

ƏDƏBİYYAT

1.Yazıcı H. Mehcer edebiyatı. Diyanet İslam Ansiklopedisi, 28. Cild. Ankara: Meks, 2003.

2.Əzizəliyeva B. “Görkəmli şərqşünas Aida İmanquliyevanın Azərbaycan elminin inkişafında rolu” // 

https://news.day.az/politics/521478.html

3.Həmidov M. Aida İmanquliyevanın tədqiqat sferası // “525-ci qəzet”, 3 oktyabr, 2015.

4.Həmidov M. Aida İmanquliyevanın tədqiqat sferası // “525-ci qəzet”, 3 oktyabr, 2015.

5.İmanquliyeva A. «Ассоциация пера» и Михаил Нюйме. Mосква: Наука, 1975, 145 с.

6.İmanquliyeva A. Cübran Xəlil Cübran (həyatı və yaradıcılığı). Bakı: Elm, 1975, 71 səh.

7.İmanquliyeva A. “Корифеи новоарабской литературы. Баку: Элм, 1991, 324 с.

8.İmanquliyeva A. Yeni ərəb ədəbiyyatı korifeyləri (XX əsrin əvvəllərində Şərq və Qərb ədəbiyyatlarının 

qarşılıqlı əlaqəsi probleminə dair). Bakı: Elm, 2003, 400 s.

9.İmanquliyeva A. Cübran Xəlil Cübran. Bakı: Elm, 2002, 120 s.

10.Cübran C.X. Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı: 2008, 

273 səh.


11.İmam-i Rabbani. Mektubat. I cild. İstanbul: Hakikat Kitabevi, 2017.


66

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı

Dövlət və Din - № 01 (54) Yanvar - Fevral 2018

ARAŞDIRMA

12.Arıbaş  M.A.  Bir  edebiyat  sürgünü:  Halil  Cibran  //  http://www.halilcibran.org/;  Bəhai  duaları. 

Bakı:  Azərbaycan  Bəhailəri  Milli  Ruhani  Məhfili,  2004,  352  s.  /  http://web.archive.org/

web/20120214060552/http://bahai.az/lib/prayers/prayers_az.shtm 

13.Kahlil Gibran and the Baha’i Faith / http://bahaiblog.net/site/2013/03/khalil-gibran-and-the-bahai-

faith/


14.Халиль Джебран: Воспоминания Джулиет Томпсон о Халиле Джебране, рассказанные Марзие 

Гэйл (Marzieh Gail) // http://www.bahaiarc.narod.ru/bios/Gibran.htm

15.Халиль Джебран: человек и поэт / http://www.bahaiarc.org/90-parabahai/1089-kahlil-gibran

https://az.wikipedia.org/wiki/Cübran_Xəlil_Cübran 

https://az.wikipedia.org/wiki/Əmin_ər-Reyhani 

18.http://www.azerbaijan-news.az/index.php?mod=3&id=124228

19.Xəlilov S. “Aida İmanquliyevanın yaradıcılığında Şərq və Qərb düşüncə tərzlərinin vəhdəti ideyası” 

// “Fəlsəfə və sosial-siyasi elmlər”, № 3, 2009.

20.Əzizəliyeva B. “Azərbaycan və dünya şərqşünaslığında parlaq imza: Aida İmanquliyeva” // “525-ci 

qəzet”, 10.10.2017.

21.Əzizəliyeva  B.  “Şərqşünaslığımızda  önəmli  bir  kitab  :  Mahir  Həmidovun  «Mixail  Nuaymənin 

poetikası və şeirləri» monoqrafiyası haqqında” // “Kaspi” qəz., 25 fevral, 2017.

22.Cəfərov V. “Mixail Nuaymə poeziyası Azərbaycan dilində” // “525-ci qəzet”, 5 noyabr, 2015.

23.Həmidov M. “Şərqlə Qərb - Aida İmanquliyeva yaradıcılığında fərqli dünyalar, ortaq dəyərlər” // 

“Zaman” qəz., 2014, 2 oktyabr.

24.İmanquliyeva A. “Qələmlər Birliyi” və Nüaymə. Bakı: Elm, 2002, 180 s.

25.Həmidov M. Aida İmanquliyeva yaradıcılığında müqayisəli ədəbiyyat // “Zaman” qəz., 9-10 oktyabr, 

2012.https://niftiyevibrahim.blogspot.com/2015/01/mikayl-naymi-mirdadn-kitab.html




67

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı

Dövlət və Din - № 01 (54) Yanvar - Fevral 2018

ARAŞDIRMA

Али Фархадов



МЕЖРЕЛИГИОЗНАЯ И МЕЖКУЛЬТУРНАЯ ГАРМОНИЯ В 

ТВОРЧЕСТВЕ АИДЫ ИМАНГУЛИЕВОЙ

РЕЗЮМЕ


В  статье  рассматривается  творчество  крупного  представителя  азербайджанского 

востоковедения А. Имангулиевой и исследуется тема межрелигиозной и межкультурной 

гармонии в арабской эмигрантской литературе. На основе суждений арабских мыслителей 

Дж.  Х.  Джубрана,  М.  Нуаймы,  аль-Рейхани  раскрыты  взгляды  А.  Имангулиевой  на 

гуманизм и толерантность, указано, что изучение размышлений этих писателей приводит 

к выводу о большом значении мира и братства во всем мире на распространение ценностей 

мультикультурализма. 

Ali Farkhadov



THE HARMONY AMONG RELIGIOUS AND CULTURES IN 

WORKS OF A. IMANGULIYEVA

SUMMARY


The  author  researches  works  of  great  Azerbaijani  scientist  of  Arabian  studies 

A.Imanguliyeva, who wrote several works about the Arabic emigre literature. In these works 

the scientist paid attention on theme of harmony in religious and cultural diversity. In the article 

the author shows humanistic and tolerant thoughts of A.Imanguliyeva, that studied the works of 

J.H. Cubran, M.Nuayme, er-Reyhani. The author comes to the conclusion that the thoughts of 

these great thinkers played a big role in spreading the multicultural values in the world.



Document Outline

  • JUrnal-Yanvar-Fevral-2018

Yüklə 360,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə