8
İslam Milli Azərbaycanda postsovet diktaturası qurmaq planını həyata keçirərkən yalnız “o”nun yardım
və məsləhətlərinə
arxalanır, “o”nun tövsiyələrini kompartiyada topladığı təcrübədən və heyvani instinktlərindən üstün tuturdu. Əlbəttə,
söhbət pul və iqtidar hərisliyində sərhəd tanımayan sadiq
köməkçisi, həyat yoldaşı Qənirədən gedir.
İslam, bütün uğurlarını borclu olduğu Qənirə Dostəliyeva ilə 1980-ci ildə evlənmiş, bu izdivacdan oğlu Elnur və
Azərbaycan xalqı üzərində onilliklərlə davam edəcək olan hakimiyyəti doğulmuşdu. Həqiqətən də, məqsədyönlü Qənirə
olmasaydı, bəlkə də İslam hakimiyyət zirvələrini belə asanlıqla fəth
edə bilməz, ierarxiya pillələrinin birində ayağı
büdrəyər, əzmi tükənərdi.
Qənirə olmasaydı, İslam bəlkə də qeyrətə gəlib, inadkarlıqla Moskvaya yaltaqlanmaqdan bezə bilərdi.
Qənirə olmasaydı, bəlkə də vicdanının səsini dinləyib, özünə opponent bildiyi xalqına divan tutmaqdan vaz keçə bilərdi.
“Coco Chanel” ləqəbli ədabaz Qənirə olmasaydı, İslam Milli Avropalıları öz proqressivliyinə, müasirliyinə və islahatlara
açıq olmağına inandıra bilməzdi. Avropa modasının ən son təmayüllərinə, öz xalqının güzəranından daha yaxından
bələd
olan Qənirənin, Qərbliləri belə heyran qoyan geyimi-keçimi olmasaydı, İslam Milli Avropa siyasi çevrələrini hansı
anturajla hipnozlayacaqdı?
Ola bilsin bunlar sadəlövh ehtimallardır, istisna etmək olmaz. Lakin həqiqət həqiqətliyində qalır - doğrudan da qadın
böyük qüvvədir.
Qənirə 1955-ci ildə Qubada, kasıb kəndli ailəsində dünyaya göz açıb. Məktəbi həvəssiz oxuyan Qənirə yalnız əmək,
nəğmə və bədən tərbiyəsi dərslərindən yaxşı qiymətlər alırdı. On dörd yaşına çatanda o, Bakıya, dayısının evinə köçür.
Burada orta təhsilini güc-bəla ilə başa vuraraq, özünə bir məşğuliyyət axtarır. Heç vaxt savad sarıdan kasad olduğuna
görə kompleks keçirməyən Qənirə, intellektinin aşağı olması ucbatından girdiyi bütün işlərdən (aptek satıcısı, atelyedə
dərzi köməkçisi, hətta mənzil-istismar sahəsində katibə) qısa müddət sonra çıxarılırdı. Amma məyus olmurdu, “əzmi” və
“iradəsi” qırılmırdı.
19 yaşı tamam olanda Qənirə Kommunist Partiyasına üzv olmağa qərar verdi və qəribə də olsa, buna nail oldu. SSRİ
kimi nəhəng imperiyanın partiya sıralarına hansı ağlının, savadının, istedad və bacarığının sayəsində daxil olduğunu
özündən başqa bilən yoxdur. Gənc və perspektivli kommunist İslam Qulamovu da elə partiya təşkilatının iclaslarından
birində görüb, bir könüldən min könülə vurulmuşdu.
İlk baxışdan sonra ilk öpüş və öpüşün ardından Azərbaycan xalqının taleyinə yazılmış faciələr silsiləsinin təməl daşının
qoyulması.
1980-ci ildə Qənirənin hələ “Azərbaycan xalqının anası”, “Azərbaycanın parlaq məşəli”, “Qəhrəman qadın”, “Elm və
mədəniyyət işığı”, “Ziyalılığın meyarı”, “İsmət və namus abidəsi” kimi titulları yox idi. İki eşşəyin arpasını bölməkdə aciz,
ortastatistik kəndli qızı Qənirə, 1980-ci ildə həyatını İslamla birləşdirəndə, çox yox, beşcə il sonra hakimi-mütləqə
çevriləcəyini heç xəyal da etmirdi.
Bəlkə də edirdi.
1985-ci ildə birinci
katib seçiləndən dərhal sonra, İslam Qulamovun arvadına təqdim etdiyi birinci hədiyyəsi – kimyaçı
diplomu oldu. Nə üçün məhz kimyaçı? Bu da, indiyə qədər cavabı tapılmayan suallardan biridir. Lakin, məsələ bununla
da bitmədi. Müstəqillikdən sonra, alimlik ambisiyaları iltihablanan Qənirə, kimya elmləri doktoru olmaq eşqinə düşdü.
Adını yazmaqda çətinlik çəkən savadsız bir qadının kimya elmləri doktoru olması, qarışıqlıq və xaosun hökm sürdüyü o
illərdə çox diqqət cəlb etmədiyindən, fürsət
bu fürsət deyən birinci ledi, Milli Elmlər Akademiyasının “akademiki” ünvanını
da əldə etdi.
Dostəliyeva soyadından imtina edərək Milli soyadını alan Qənirə, bütün xarici səfərlərdə ərini müşayiət edir, “İslam və
Qənirə Millilər Pakistana rəsmi səfər etmişlər” kimi xəbərlərdən məst olur, on il cavanlaşırdı. 93-cü ildə, Milli cütlük
Londona səfərə hazırlaşanda, Qənirə prezident sarayına çağırdığı Xarici İşlər nazirinə: “Səfəri elə qurun ki, yolüstü
Parisə, ordan da Romaya dəyək. Təzə paltarlara baxmaq istəyirəm” deyə, tapşırıq vermişdi. Heyrətdən
dili tutulan xarici
işlər naziri, əvvəl bilməmişdi nə desin. Qənirənin boş və qəddar gözləri, nazirdən “baş üstə” cavabını gözləyərək nifrətlə
baxırdı. Handan-hana özünə gələn nazir, bu işin o qədər də asan olmadığını, müvafiq proseduralara ehtiyac
duyulduğunu deyəndə, Qənirə: “Bura bax qodux! Sən anadan nazir doğulmusan? Nədi!? Biz səni qanadımızın altına
alana qədər iylənmiş qoyunlarını otarmağın yadından çıxıb? Sən bilirsən mən kiməm? Bilirsəən!?” deyərək bağırmağa
və masanı yumruqlamağa başlamışdı.
Azərbaycan respublikasının sahibəsi, ərinin boyhaboy portretlərini və yaltaq şairlərin ona yazdıqları misraları ölkənin
dörd bir yanına asdırmışdı. Mədhiyyələr Qənirə üçün də yazılırdı. Məsələn məşhur bir mədhiyyədə deyilirdi: “Dahi
rəhbərin yolunu işıqlandıran, Azərbaycanı qələbəyə aparan parlaq ulduz - Qənirə Milli!”.
Telekanallar Qənirənin prezident aparatındakı kabinetini tez-tez göstərirdilər. Muzeyi xatırladan kabinetin divarları
başdan-başa
müxtəlif diplomlar, sertifikatlar, “elmi və pedoqoji fəaliyyətindəki uğurlarına” görə aldığı təşəkkürnamələr ilə
dolu idi. Qənirənin bütün bu kolleksiyanı, xüsusilə də xarici ölkələrdə ona verilən diplomları necə əldə etməsi, illər boyu
hər kəsi maraqlandıran sual olmuşdur. Çox az adam bilir ki, Avropa və Amerikada, üçüncü dünya
ölkələrinin liderləri və
oliqarxları üçün diplomlar, titullar, fəxri adlar hazırlayan institut və təşkilatlar var. Azərbaycan Dövlət Təhlükəsizlik
Nazirliyində (DTN) isə, dünyanın dörd bir yanında Qənirə Milli üçün diplom və fəxri ad axtaran xüsusi bir şöbə fəaliyyət
göstərir. Məhz bu gizli şöbə, Milli cütlüyün bütün xarici səfərlərində, Qənirənin növbəti dəfə fəxri elmi ad və ya hansısa
universitetin fəxri müəllimi titulunu almasını təmin etməklə məşğul olurdu. Hərdən Qənirə elmi konfranslarda da çıxış
etməli olurdu. Fors-major xarakterli
belə zərurətlər yarananda, Qənirə öz nitqini istisnasız olaraq siyasi-ictimai məsələlər
üstündə qurur, bilmədiyi mövzuda danışıb biabır olmaqdan yamanca qorxurdu.