17
milli dövlətçilik baxışlarında türk mövqeyi, ağır maliyyə sarsıntıları keçirən Türkiyəyə yardım etmək siyasəti
özünü həmişə aydın şəkildə göstərmişdi. Özü də bu mövqe bolşevik sistemi daxilində Türkiyəyə münasibətin
ziddiyyətli xarakter daşıdığı dönəmdə ortaya çıxmışdı. Nərimanovun Türkiyə siyasəti hakim partiya rəhbərləri ilə
onun arasında ixtilafların yaranmasına təsir edən amillərdən biri olmuşdur. Bütün bu tədbirlərə baxmayaraq o, bu
mövqedən geri çəkilməmişdir.
Nərimanovun Atatürkə olan sevgisini təsdiqləyən faktlardan biri də 13 iyul 1923-cü ildə Bakıda partiya
fəallarının yığıncağının stenoqramıdır. AKPMK katibi L.Mirzoyanın sədrlik etdiyi, Moskva nümayəndəsi
Yaroslavskinin qatıldığı iclasda Nərimanovun Stalinə göndərdiyi məktub müzakirə edilir. Yaroslavski öncə
Mirsultan Qaliyevin millətçilik fəaliyyətindən, Türkiyəyə məhəbbətindən danışır. Serqo Orconikidze isə yerindən
replika verir ki, bütün müsəlman bölgələrinidə Türkiyə agentləri var və onlara qarşı amansız mübarizə
aparılmalıdır. Serqo replikasını inkişaf etdirərək üzünü Nərimanova tutur: “Düzdür, Türkiyə Azərbaycanda Sovet
hakimiyyətinin qurulmasına imkan verib. Lakin Azərbaycan seminaristləri yaxalarında Leninin və ya sənin deyil,
Mustafa Kamalın nişanını daşıyır”. Türkiyəyə sevginin, türk milliyyətçiliyinin sovet sisteminə qarşı zərərindən
uzun-uzun danışılandan sonra Nərimanovun məktubu müzakirəyə çıxarılır. Heydər Qarayevin xüsusilə canfəşanlıq
etdiyi bu toplantıda Nərimanovun partiyadan kənarlaşdırılması tələb olunur. Bu dəm ayağa qalxan Serqo
Orconikidze deyir: “Mən bir neçə dəfə bu tribunadan belə bir sarsaq işin, Bakı təşkilatı ilə Nərimanov və onun
qrupunun işinin həll edilməsinə qarışmışam. Bu gün biz həddən artıq məsuliyyət daşıyırıq. Bizim yüksəltdiyimiz
adam, partiyanın yüksəltdiyi adam bir qəpiklik dəyəri olmayan məruzə ilə çıxış edir, hamını, o cümlədən məni
çirkaba bulayır. Halbuki mən həyatımda belə ittihama rast gəlməmişəm, mən türk xalqını yox etməkdə ittiham
olunuram, guya məsul işçilərin çoxu milli mübarizə aparır, türk xalqını sıxışdırır”. Orconikidze bu çıxışında
Nərimanovun məlum məktubundakı statistik göstəricilərə, Bakının rəhbər strukturlarında əyləşənlərin milli
mənsubiyyyəti barəsindəki rəqəmlərə toxunmur. Çünki rəhbər işçilər arasında çoxluq rus və ermənilərə aid idi,
türklərin Leninin vəd etdiyi “müstəqil Azərbaycanda” azlıqda qalmasını Nərimanov “türklərə qarşı aparılan
aksiya” hesab edirdi. Bu işdə Orconikidzeni, Mirzoyanı ittihamlayırdı. Orconikidzenin Bakını erməniləşdirmək,
ruslaşdırmaq siyasətinin ağır fəsadlar törədəcəyini açıqca söylədiyinə görə “millətçilikdə” günahlandırılan
Nərimanov az sonra Azərbaycandan kənarlaşdırıldı.
Nərimanovun türkçülük mövqeyində önəmli fəaliyyətinin bir hissəsini müxtəlif ölkələrdə yaşayan türk
alimlərinin səylərinin cəmləşdirilməsi, əlaqələndirilməsi və əməkdaşlığının qurulması tutmuşdur. Türkoloji
qurultay ideyası Nərimanova məxsus olmuşdur. 1922-ci il dekabrın 3-də Zaqafqaziya hökumətinin başçısı olaraq
Nərimanov Tiflisdə Türk Dram Cəmiyyəti teatrındakı çıxışında deyirdi: “Türk aləmində böyük tərəqqi meydana
gətirmək üçün İran, Türkiyə və cəmi türkcə danışan tayfaların bir konfransı fikri bizdə çoxdan bəri vardır və biz
buna çalışmalıyıq. Fəqət konfransdan qabaq biz istərdik ki, yeni türk əlifbası (qraiikası) ilə nəşr edilmiş balaca
kitabçalar olsun və biz onları material olaraq konfransda göstərək”. Türkoloji Qurultay ideyası onun ölümündən 1
il sonra, 1926-cı ildə həyata keçirildi. Türk dünyası üçün vahid əlifba islahatının həyata keçirilməsi ideyası
Nərimanovu Azərbaycana rəhbərliyə gəlişi anından düşündürürdü. O, bu arzusunu Moskvaya danışıqlara yollanan
Türkiyə nümayəndə heyətinin üzvü Rza Nura da bildirmişdi.
Türkiyə araşdırmaçısı Hüseyn bəy Adıgözəl Nərimanovun Türkiyənin milli istiqlalına göstərmiş. olduğu
maddi-mənəvi dəstəyi xatırlayaraq yazır: “Baxmayaraq ki, Nərimanova kommunist kimi yanaşırlar, biz onun
siyasi yönümünü yox, türk dünyasına vermiş olduğu xeyiri, göstərmiş olduğu xidməti qiymətləndirməliyik. İstiqlal
savaşı Nərimanovun etmiş olduğu köməkliyin nəticəsində uğurla nəticələndi”. Araşdırmaçının bu qənaətini
bölüşməmək olmur. Nərimanovun Türkiyə siyasəti və türkçülük mövqeyi dostluq, qardaşlıq və həmrəylik
şüarlarıyla səciyyələnir. O, hələ hakimiyyətə gəlməmişdən öncə milli düşüncəni, türk həmrəyliyini təbliğ etmiş,
eyni tarixə, mədəniyyətə malik olan xalqların birliyinə çalışmışdır. Hələ 1918-ci ildə Zaqafqaziya Seyminin
Osmanlı dövlətinə qarşı müharibə istəklərini pisləmiş, Nargin adasında saxlanılan türk hərbi əsirlərinə tibbi və
mənəvi yardım etmiş, türk ordusunun Bakını tərk etməsini pisləmiş, türkoloji qurultay ideyasının müəllifı
olmuşdur. Atatürkün Sovetlər İttifaqına, xüsusən bu ittifaqın bir üzvü olan Sovet Azərbaycanına münasibəti,
yeritdiyi siyasət tarixi reallığa əsaslanırdı. Onun Sovet İttifaqı tərkibində yaşayan türkdilli xalqların gələcək
taleyinə aid siyasəti də, fikri də uzaqgörənliyi ilə seçilir. Nərimanov Mustafa Kamal Paşaya müraciətində iki xalq
arasında münasibəti “qardaşlıq silahı ilə silahlanmaq” kimi dəyərləndirərək, 1920-ci il aprel ayında Bakıda həbs
olunan türk əsgər və zabitləri azad etmişdir. Azərbaycanın maraqlarını Kamal Türkiyəsi ilə sıx əlaqədə görmüş
Nərimanov bu birgə maraqları Sovet Rusiyası ilə əlaqələndirmiş, Rusiyanın Türkiyə siyasətinə müsbət istiqamət
vermişdir. Rusiya Azərbaycanda saxlanılan ingilis və fransız əsirlərini Böyük Britaniyanın nəzarəti altında olan öz
vətəndaşlarına dəyişmək istədikdə Nərimanov onların Malta adasında əsir saxlanılan türk ziyalı və siyasi
xadimlərinə dəyişdirilməsini təkid etmiş və buna nail olmuşdur.
Bütün bunlara rəğmən Nərimanov bir türk olaraq heç vaxt milli maraqların müdafiəsindən geri çəkilməmiş,
uzun mübarizə yolu keçmişdir. Bu siyasət adamının türk dünyasına vermiş olduğu töhfələr heç vaxt
unudulmamalıdır.