Акционерный банк газовой промышленности (Закрытое акционерное общество) Москва 2007 утверждена



Yüklə 72,76 Kb.
tarix22.11.2017
ölçüsü72,76 Kb.
#11419

Azərbaycan Beynəlxalq Bankı” ASC-nin

Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir:


Protokol № 3 ; Qərar № 2 ;

Tarix: 17.09.2013

Azərbaycan Beynəlxalq Bankı” ASC-nin

cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə

qarşı mübarizə sahəsindəki fəaliyyəti üzrə

Müştərini tanı Siyasəti”



  1. Ümumi müddəalar





    1. Bu Siyasət “Banklar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra Maliyyə Monitorinqi Xidməti) “Hüquqi şəxs olan monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin təşkili üzrə Tələblər”inin, “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsindəki fəaliyyətləri üzrə «müştərini tanı siyasəti»nə dair” Metodoloji Rəhbərliyinin və digər normativ hüquqi sənədlərinin, habelə Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələrinin, Bank Nəzarəti üzrə Bazel Komitəsinin prinsiplərinin və bank praktikasında geniş istifadə edilən ”Volfsberq prinsipləri”nin əsasında hazırlanmışdır.

    2. Bu Siyasət “Azərbaycan Beynəlxalq Bankı” ASC (bundan sonra Bank) tərəfindən mövcud və potensial müştərilər haqqında zəruri məlumatların toplanması, onların kimliyi və sahib olduqları pul vəsaitlərinin və ya digər əmlakın mənbəyinin müvafiq qaydada yoxlanılması prosesi ilə bağlı kompleks tədbirlər sisteminin məqsədini və əsas elementlərini müəyyənləşdirir.

    3. Bankın müştərilərlə birbaşa işləyən və ya onlarla əlaqə qurulmasında iştirak edən əməkdaşlarının öz vəzifələrinin icrası zamanı bu Siyasətin müddəalarının tətbiqi məcburidir.




  1. İstifadə edilən anlayışlar




  1. Müştəri – pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatların həyata keçirilməsinə dair Bankın hər hansı xidmətindən daimi və ya qeyri-müntəzəm istifadə edən fiziki və ya hüquqi şəxsdir.

  2. Benefisiar – pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, habelə xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən fiziki şəxsdir.

  3. Eyniləşdirmə – müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin şəxsiyyətinin, hüquq qabiliyyətinin, təmsilçilik səlahiyyətinin və işgüzar fəaliyyətinin müəyyən edilməsidir.

  4. Verifikasiya – etibarlı mənbələr vasitəsilə müştəri, benefisiar və səlahiyyətli nümayəndə barəsində əldə edilmiş eyniləşdirmə məlumatlarının həqiqiliyinin müəyyən edilməsidir.

  5. Struktur bölmə – öz funksiyalarının icrası zamanı müştərilərlə əməliyyatların aparılmasını və ya onlarla əlaqələrin qurulmasını həyata keçirən bölmədir.

  6. Müştəri profilimüştərinin mənsub olduğu ölkə, hazırda və ya daha əvvəl tutduğu mühüm ictimai vəzifə və sosial statusu, maliyyə vəziyyəti, kimin adından fəaliyyət göstərməsi, əlaqəli hesabları, biznes fəaliyyəti və onun təbiəti, yerləşməsi və s. kimi səciyyəvi xüsusiyyətlər toplusu.

  7. Məsul şəxs – Bankın struktur bölməsinin rəhbəri ilə təyin olunan, Bankın struktur bölməsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qaydaların və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, Bankın Daxili nəzarət və monitorinq departamenti ilə məlumat mübadiləsini həyata keçirməyə, habelə monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabat formaları hazırlamağa və təqdim etməyə məsul olan şəxsdir.

  8. Bankın Məsul şəxsi – İdarə Heyəti Sədrinin əmri ilə təyin olunan, Bankda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qaydaların və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, Maliyyə Monitorinqi Xidməti ilə məlumat mübadiləsini həyata keçirməyə, habelə monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq gündəlik hesabatları hazırlamağa və təqdim etməyə məsul olan şəxsdir.

  9. PL/TM – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi;

  10. PL/TMM – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə.

Qeyd. Bu sənəddə izahı verilən anlayışlar yalnız Siyasətin məqsədləri üçün nəzərdə tutulur, izahı verilməyən digər anlayışlar Maliyyə Monitorinqi Xidmətinin normativ hüquqi sənədlərindəki mənanı daşıyır.
3. Müştərini tanı siyasətinin məqsədi
3.1. Müştərilərin fəaliyyətini hərtərəfli təhlil etmək, biznes profilləri barədə ətraflı məlumata sahib olmaq, onların təqdim etdiyi sənədləri qeydə almaq və yoxlamaq.

3.2. Müştərilərlə bağlı əldə olunmuş məlumatlar və sənədlər əsasında müntəzəm şəkildə aparılan araşdırmalar nəticəsində aşağıdakı hallar aşkar olunduqda müştərilərlə işgüzar münasibətlərin qurulmasından və ya davam etdirilməsindən imtina etmək:



  • müştərinin PL/TM-da iştirakı barədə əsaslı şübhələr olduqda;

  • müştərinin transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı barədə əsaslı şübhələr olduqda;

  • maliyyə-kredit təşkilatının qeydiyyata alındığı ərazidə fiziki mövcudluğu olmadıqda;

  • maliyyə-kredit təşkilatının PL/TMM sahəsində tam həcmdə tədbirlər görməyəndə;

  • müştəri tərəfindən zəruri sənədlər təqdim edilmədikdə və ya saxta sənədlər (məlumatlar) təqdim edildikdə.

3.3. Bu Siyasəti tətbiq etməklə cinayətkar elementlərin PL/TMM məqsədilə Bankdan istifadə edilməsinin qarşısı alınır və son nəticədə əhəmiyyətli xərclər və itkilərə səbəb olan nüfuz, əməliyyat, hüquqi və konsentrasiya riskləri minimuma endirilir.
4. Müştərini tanı siyasətinin əsas elementləri
4.1. Müştəri ilə işgüzar münasibətlərin qurulması.

Müvafiq qayda və prosedurlar əsasında müştəri ilə bağlı məlumat bazasının – müştərinin profilinin yaradılması üçün müştərinin mənsub olduğu ölkə, hazırda və ya daha əvvəl tutduğu mühüm ictimai vəzifə və sosial statusu, maliyyə vəziyyəti, kimin adından fəaliyyət göstərməsi, əlaqəli hesabları, biznes fəaliyyəti və onun təbiəti, yerləşməsi və s. kimi risk meyarları müəyyən edilməlidir. Müştəri ilə işgüzar münasibətlərin qurulması barədə qərarı məhz bu risk meyarları üzrə aparılan qiymətləndirməyə əsaslanmalıdır. Eyni zamanda, müştəri ilə işgüzar münasibətlərin qurulması ilə bağlı həyata keçirilən prosedurlar məhdudlaşdırıcı xarakterə malik olmamalıdır. Həddən artıq sərt tələblərin irəli sürülməsi müştərilərin Bankın xidmətlərindən imtina etməsi ilə nəticələnə bilər. Həmçinin bu prosedurlarda əhalinin aztəminatlı təbəqəsinin Bankın xidmətlərinə çıxışını məhdudlaşdıran elementlər istisna edilməlidir. Digər tərəfdən, mənbəyi məlum olmayan iri həcmli pul vəsaitləri və ya qiymətli əmlaka malik olan şəxslər üçün əlavə eyniləşdirmə tədbirləri tətbiq edilməlidir. Yüksək riskli müştərilər – qeyri-rezidentlər, xarici dövlətlərin siyasi xadimləri, şübhəli reputasiyaya və ya kriminal keçmişə malik müştərilər, xeyriyyə təşkilatları, birbaşa əlaqə qurmadan texnoloji vasitələrdən istifadə edən və müxbir hesablara malik müştərilər ilə işgüzar münasibətlərin qurulmasına dair qərar Bankın rəhbərliyi tərəfindən verilməlidir.

4.2. Eyniləşdirmə və verifikasiya tədbirləri.

Aşağıdakı hallarda müştərinin və benefisiarın eyniləşdirilməsi üçün tədbirlər görülməlidir:



  • işgüzar münasibətlər yaradılmasından əvvəl;

  • on beş min manat məbləğində (bundan sonra - limit) və ya bundan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);

  • məbləğindən asılı olmayaraq hesab açılmadan həyata keçirilməsi gözlənilən pul köçürməsindən əvvəl;

  • PL/TM ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda;

  • müştəri və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlandıqda.

Müştəri ilə işgüzar münasibətlər yalnız müştərinin tam və əhatəli eyniləşdirilməsi və verifikasiyasından sonra yaradılmalıdır. Müştərinin eyniləşdirmə məlumatları daim yenilənməlidir. Mürəkkəb, iri həcmli qeyri adi, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların həyata keçirildiyi, müştəri tərəfindən əvvəllər təqdim edilmiş məlumatlarda və ya müştəri hesablarının idarə edilməsində əhəmiyyətli dəyişikliklər baş verdiyi zaman bu məlumatların yenilənməsi xüsusilə vacibdir.

4.2.1. Standart eyniləşdirmə və verifikasiya tədbirləri



Hər bir yeni müştəri və onun biznes fəaliyyətinin məqsəd və xarakteri ilə bağlı bütün lazımi eyniləşdirmə məlumatları əldə edilməlidir. Müştərilərin eyniləşdirilməsi proseduru aşağıdakı qaydada həyata keçirilir:

  • hər bir halda, fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti qanunvericiliklə müəyyən olunan qaydada təsdiq edən sənəd əsasında aparılır;

  • hüquqi şəxsin eyniləşdirilməsi hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti əsasında aparılır;

  • hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti qanunvericiliklə müəyyən olunan qaydada təsdiq edən sənəd və müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında aparılır.

Müştəri və benefisiar mülkiyyətçi barədə əldə olunmuş eyniləşdirmə məlumatlarının qanunvericiliklə müəyyən edilmiş şəxsiyyəti təsdiq edən rəsmi sənədlər və etibarlı və müstəqil mənbələr (elektron məlumat bazaları, internet resursları və s) vasitəsilə verifikasiyası üçün tədbirlər görülməlidir. Hüquqi şəxs olan müştərinin adından çıxış edən fiziki şəxsin buna səlahiyyətli olub-olmaması yoxlanmalı, səlahiyyətli nümayəndədən müvafiq qaydada rəsmiləşdirilən etibarnamə tələb edilməli və onun eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görülməlidir. Hüquqi şəxsin nizamnaməsi və dövlət qeydiyyatına alınması haqqında sənəd əsasında hüquqi şəxsin hüquqi ünvanı, təşkilati-hüquqi forması və rəhbəri müəyyən edilməlidir. Benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və onun kimliyinin müəyyən edilməsinə tam əmin olanadək verifikasiyası üçün tədbirlər görülməlidir. Fiziki şəxs olan bütün müştərilərin öz adından və ya başqa şəxsin adından fəaliyyət göstərmələri müəyyən edilməlidir. İşgüzar münasibətlər, maliyyə əməliyyatları və ya digər əqdlər təmsilçi vasitəsilə həyata keçirilirsə həm təmsil edilən şəxsin (benefisiar mülkiyyətçinin), həm də təmsilçinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görülməlidir. Hüquqi şəxs olan müştərinin benefisiar mülkiyyətçisinin müəyyən edilməsi üçün hüquqi şəxsin əsl sahibi olan (təsisçi və ya nəzarət səhm paketinə malik olan səhmdar), hüquqi şəxsə nəzarəti həyata keçirən və ya hüquqi şəxsin fəaliyyətindən son nəticədə mənfəət əldə edən fiziki şəxslərin müəyyən edilməsi üçün də tədbirlər görülməlidir. Banka təqdim olunmuş məlumatların doğruluğu yeni müştərilərlə işgüzar münasibətlərin başlanğıcında və ya əməliyyatların sonrakı gedişində müntəzəm olaraq yoxlanılmalıdır. Korporativ müştərini təmsil edən nümayəndənin iştirakı olmadan həmin müştərinin adından çıxış edərək hər hansı əməliyyat həyata keçirməyə cəhd edən istənilən şəxsin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görülməlidir. Əgər müştərinin yaşadığı ünvan və ya iş yeri Bankın struktur bölməsinin xidmət etdiyi ərazidə deyilsə, müştərinin evindən, yaxud iş yerindən uzaqda yerləşən Bankın struktur bölməsi ilə əməkdaşlıq etməsinin səbəbi aydınlaşdırılmalıdır. Verifikasiya prosesini lazımi səviyyədə həyata keçirmək üçün zəruri sənədlərin təqdim edilməsindən imtina edən müştərilər və ya nümayəndələrin əməliyyatlarından imtina edilməlidir. İşgüzar münasibət qurulduqdan sonra müştəri barəsində təqdim edilmiş informasiyanın təsdiq edilməsi üçün onun telefon, e-mail və digər əlaqə vasitələrinin düzgünlüyü yoxlanılmalıdır.

4.2.2. Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirləri

Bu növ tədbirlər PL/TM risklərinin aşağı olduğu müştərilərə və əməliyyatlara münasibətdə tətbiq olunan eyniləşdirmə tədbirlərindən ibarətdir. Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirləri müştərinin, işgüzar münasibətlərin və həyata keçirilən əməliyyatların xarakteri və törədə biləcəyi risklər nəzərə alınmaqla tətbiq edilir. Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirləri yalnız PL/TM risklərinin aşağı olduğu müştərilərə, işgüzar münasibətlərə və əməliyyatlara münasibətdə işgüzar münasibətlərin qurulmasından əvvəl və 15 min manat məbləğində və ya bundan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan (bu hala həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir) əvvəl tətbiq oluna bilər. Bu halda müştərinin və benefisiarın eyniləşdirilməsi və verifikasiyası, müştərinin işgüzar münasibətlərinin məqsədinin və mahiyyətinin müəyyən edilməsi və əldə olunmuş məlumatların mütəmadi qaydada yenilənməsi daha sadə və məhdud həcmdə həyata keçirilə bilər. Aşağı riskli işgüzar münasibətlərlə bağlı olaraq tətbiq edilə biləcək sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirləri nümunələrinə aşağıdakılar daxildir:


  • işgüzar münasibətlərin yaradılmasından sonra müştərinin və benefisiar mülkiyətçinin verifikasiyası (məsələn, əgər hesabla əlaqədar əməliyyatlar müəyyən edilmiş minimal həddən yuxarıya qalxarsa);

  • müştərilərin eyniləşdirilməsi üzrə yeniləmələrin mütəmadiliyinin azaldılması;

  • müvafiq məbləğdə minimal hədd əsasında mütəmadi monitorinq və əməliyyatların təhqiqi səviyyəsinin azaldılması;

  • işgüzar münasibətlərin məqsədi və xarakteri barədə məlumatların aparılan əməliyyatlar və yaradılmış işgüzar münasibətlərdən əldə edilməsi.

4.2.3. Əlavə eyniləşdirmə tədbirləri

Yüksək risk kateqoriyasına daxil olan müştərilər və onların həyata keçirdikləri əməliyyatlar üzrə əlavə eyniləşdirmə tədbirlərinin tətbiq olunması zəruridir. Belə müştərilərin və ya onların fəaliyyətlərinin məxfiliyinin qorunması üçün hazırlanmış təhlükəsizlik tədbirləri, bu məlumatların Məsul şəxs, auditorlar və ya digər aidiyyəti şəxslər tərəfindən yoxlanılmasının qarşısını almamalıdır. Əlavə eyniləşdirmə tədbirləri aşağıdakılardır:



  • hesabların və işgüzar əlaqələrin yoxlanılması və ya həyata keçirilən əməliyyatın məqsədinin və mahiyyətinin aydınlaşdırılması;

  • hüquqi şəxs olan müştərinin səhmdarlarının və onların iştirak paylarının öyrənilməsi;

  • digər etibarlı mənbələr vasitəsilə müştəri, benefisiar və əgər mümkündürsə pul vəsaitlərinin və ya digər əmlakın mənbəyi barədə daha dəqiq məlumatların əldə edilməsi və üzləşdirilməsi.

Əlavə eyniləşdirmə tədbirlərinin xüsusilə aşağıdakı yüksək riskli müştəri kateqoriyaları ilə işgüzar münasibətlər həyata keçirilən zaman tətbiq edilməsi zəruridir.

 Qeyri-rezident müştərilər.

Qeyri-rezident müştərilərlə işgüzar münasibətlərə diqqət yetirilməlidir. Qeyri-rezidentlərin Azərbaycan Respublikasında fəaliyyət (bank hesablarının açılması, eləcə də pul vəsaitləri və ya digər əmlakla əməliyyatların aparılması və s.) səbəbləri dəqiq araşdırılmalıdır. Xüsusi diqqət yetirilməlidir yüksək risk səviyyəsinə malik olan dövlətlərdən (ərazilərdən) əməliyyatlara. Yüksək risk səviyyəsinə malik olan dövlətlərdən (ərazilərdən) əməliyyatlar dedikdə, bu dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatlar başa düşülür. Bu dövlətlərin (ərazilərin) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Maliyyə Monitorinqi Xidməti tərəfindən müəyyənləşdirilir və dərc olunur.

 Pul vəsaitlərinin, qiymətli kağızların və ya digər əmlakın idarə olunması həvalə olunmuş hüquqi şəxslər.

Müştəri öz kimliyini gizlətmək məqsədilə pul vəsaitlərinin, qiymətli kağızların və ya digər əmlakın idarə edilməsini həvalə etdiyi hüquqi şəxslərdən istifadə etməsi mümkündür. Müştərinin özünü digər şəxsin və ya şəxslərin adından çıxış edən fiziki və ya hüquqi şəxs qismində səlahiyyətli nümayəndə kimi təqdim edərək qeyri-qanuni fəaliyyəti gizlətməyə cəhd etməsi halları müəyyən edilməlidir. Bu zaman həm səlahiyyətli nümayəndənin, həm də onun təmsil etdiyi şəxsin dəqiq eyniləşdirilməsi həyata keçirilməli və kimliyi dəqiq müəyyən olunmalıdır. Peşəkar vasitəçi tərəfindən bankda açılan bir neçə müştəri hesablarının bir şəxsə (benefisiara) xidmət etmək üçün açılmasına əsaslı şübhələrin yarandığı halda həmin şəxsin (benefisiarın) əlavə eyniləşdirilməsi və verifikasiyası həyata keçirilməlidir. Peşəkar vasitəçilik xidmətləri göstərən hüquqi şəxslər tərəfindən idarə edilən birgə hesablarından (bir sıra müştərilərin depozit qoyduğu) istifadə edən bütün müştərilərin (benefisiarların) kimliyi müəyyən olunmalıdır.

 Nominal saxlayıcı olan və ya sənədli adsız səhmlər buraxmış hüquqi şəxslərlə əməliyyatlar.

Nominal səhmdarları, yaxud adsız səhmləri olan müəssisələrlə işgüzar münasibətlərə başlayarkən, bu münasibətlərə diqqət yetirilməlidir. Belə şirkətlərin benefisiarları tam və dəqiq eyniləşdirilməlidir.

 Xarici banklarla müxbir hesablar vasitəsilə həyata keçirilən əməliyyatlar.

Bank müxbir hesablar vasitəsilə əməliyyat həyata keçirən respondent bankın biznes fəaliyyətini tam başa düşmək üçün onun haqqında yetərli informasiyaya malik olmalıdır. Xarici bankın muxbir hesabının açılması zamanı xarici bankdan özünüqiymətləndirmə sorğu cədvəlinin doldurulması tələb olunmalıdır. Həmin sorğu cədvəli Bankın Məsul şəxsi tərəfindən qiymətləndirilməli və nəticələri barədə Bankın rəhbər vəzifəli şəxsinə (İdarə Heyətinin üzvünə) yazılı hesabat təqdim edilməlidir. Xarici bankın muxbir hesabının açılması barədə qərar yalnız Bankın rəhbərliyi tərəfindən qəbul edilməlidir.

Hər hansı ölkədə fiziki baxımdan mövcud olmadan xidmətlər təklif edən respondent bankın müxbir hesablarına xüsusi diqqət yetirilməlidir. Bank yalnız müvafiq sahə üzrə nəzarət orqanları tərəfindən effektiv şəkildə nəzarət olunan xarici banklarla müxbir əlaqələr qurmalıdır. Hər hansı bir ölkədə qeydiyyatdan keçmiş, lakin fiziki mövcudluğu və tənzimləyici qurumu olmayan banklarla (shell–bank) müxbir əlaqələr qurulmamalı və ya daha əvvəl qurulmuş bu cür münasibətlər davam etdirilməməlidir. Bank PL/TMM sahəsində yüksək standartlara malik olmayan və bu sahədə əməkdaşlığa meylli olmayan ölkələr kimi müəyyən edilmiş yurisdiksiyalarda yerləşən respondent banklarla işgüzar münasibətlər qurarkən və ya mövcud əlaqələri davam etdirərkən daha diqqətli olmalıdır. Respondent bankın eyniləşdirmə və verifikasiya qayda və prosedurlarına malik olması bank tərəfindən müəyyən edilməli və müxbir hesablar vasitəsilə həyata keçirilən əməliyyatlarda əlavə eyniləşdirmə tədbirləri görülməlidir.

 Xarici dövlətlərin siyasi xadimlərinin əməliyyatları.

Xarici dövlətlərin siyasi xadimlərinə dövlət və ya hökumət başçıları, nüfuzlu siyasətçilər, hökumət üzvləri, yuxarı instansiya məhkəmələrinin hakimləri, yüksək rütbəli hərbi qulluqçular, dövlət mülkiyyətində olan müəssisələrin rəhbərləri, siyasi partiyanın vəzifəli şəxsləri, onların ailə üzvləri və yaxın qohumları daxildir. Xarici dövlətlərin yüksək vəzifəli şəxsləri, yaxud onlarla bilavasitə əlaqəli olan şəxslər və şirkətlərlə işgüzar münasibətlərin qurulması Bank üçün potensial olaraq nüfuz və hüquqi risk təhlükəsi yarada bilər. Buna görə də bu və ya digər şəxsin siyasi xadim olduğu ilə bağlı şübhə olduqda, həmin şəxslə və ona birbaşa aidiyyəti olan insanlar və müəssisələrlə bağlı ətraflı eyniləşdirmə tədbirləri həyata keçirilməlidir. Siyasi xadimlərlə işgüzar münasibətlərə başlamadan öncə vəsaitlərin mənbəyini araşdırmalıdır. Siyasi xadimlərlə işgüzar münasibətlərin qurulması haqqında qərar Bankın rəhbərliyi tərəfindən qəbul edilməlidir.

 Qeyri-adi və şübhəli əməliyyatlar.

Qeyri-adi əməliyyatlar müştərinin mövcud fəaliyyəti üçün xarakterik olmayan mürəkkəb, habelə aydın iqtisadi və ya qanuni məqsədə malik olmayan, iqtisadi cəhətdən qeyri-rasional şəkildə və nisbətən iri həcmli nağd vəsaitlərlə həyata keçirilən əməliyyatlar hesab olunur. Qeyri-adi əməliyyat PL/TM riski yaratma ehtimalının yüksək olacağı güman edildikdə şübhəli əməliyyat hesab olunur. Əməliyyatın qeyri-adi olmasına dair şübhələr bir sıra amillərin qiymətləndirilməsinə əsaslanmalıdır. Belə əməliyyatı həyata keçirən tərəflərin kimlikləri barədə məlumatın təqdim olunması tələb edilməli, vəsaitin mənbəyini və əməliyyatın məqsədini müəyyən etmək üçün digər zəruri tədbirlər görülməlidir. Qeyri-adi əməliyyatlarda PL/TM risklərinin yüksək olması müəyyən olunduğu halda Bank qanunvericiliyə müvafiq olaraq bu barədə məlumatı Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.

 Birbaşa əlaqə qurmadan texnoloji vasitələrdən istifadə etməklə həyata keçirilən əməliyyatlar.

Bank birbaşa əlaqə qurmadan texnoloji vasitələrdən istifadə etməklə işgüzar münasibətlər quran müştərilər üçün hesabların açılması zamanı tətbiq olunan müştərinin eyniləşdirilməsi, verifikasiyası və əlavə eyniləşdirmə qayda və prosedurlarını tətbiq etməlidir. Burada əlavə eyniləşdirmə tədbirlərini həyata keçirən zaman etibarlı üçüncü tərəfin xidmətlərindən də istifadə etmək olar. Yarana biləcək potensial risklər qiymətləndirilməli və bu risklər nəzərə alınmaqla müştərilərin eyniləşdirmə və verifikasiya prosedurları yeni texnoloji vasitələr nəzərə alınaraq daima yenilənməlidir.

4.3. Müştərinin hesablarının və əməliyyatlarının davamlı monitorinqi.

Müştərilərin hesabları və onlar tərəfindən həyata keçirilən əməliyyatlar, habelə müştərilərin işgüzar münasibətlərinin məqsədi və mahiyyəti barədə məlumatlar davamlı şəkildə monitorinq olunmalıdır. Risk dərəcəsinin artmasına proporsional olaraq monitorinqin intensivliyi də artırılmalıdır.

4.4. Risklərin idarə edilməsi

Müştərilər barəsində müntəzəm şəkildə araşdırmalar aparmaqla Bank nüfuz, əməliyyat, hüquqi və konsentrasiya risklərini minimuma endirir.



Nüfuz riski Bankın biznes fəaliyyəti və işgüzar əlaqələri ilə bağlı ictimaiyyət qarşısında mənfi rəy formalaşdıraraq Banka etibarın azalmasına səbəb olacaq təhlükə kimi müəyyən edilir. Bank qəsdən və ya qeyri-ixtiyari olaraq müştərilərin qanunsuz əməliyyatlarının həyata keçirilməsində vasitəçi rolunu oynaması onun gələcək fəaliyyətini ciddi təhlükə altına alır.

Əməliyyat riski Bankın fəaliyyət xarakterinin və əməliyyatlarının aparılmasının daxili qayda və prosedurlarının mövcud qanunvericiliyin tələblərinə uyğun olmaması nəticəsində potensial maliyyə itkilərinə məruz qalma təhlükəsini ifadə edir. Bu riskin yüksək olması Bankın öz fəaliyyəti, o cümlədən də risklərin səmərəli şəkildə idarə edilməsi sahəsində peşəkar qayda və prosedurlara və nəticə etibarilə normal biznes fəaliyyətinə malik olmamasını göstərir.

Hüquqi risk Bankın qeyri-qanuni əməliyyatların həyata keçirilməsində birbaşa və ya dolayı yolla iştirakı nəticəsində üzləşdiyi iri məbləğdə cərimələrin, məhkəmə qərarlarının, hətta fəaliyyətinin dayandırılması ilə bağlı hökm çıxarılması hallarını nəzərdə tutur.

Konsentrasiya riski Bankın fəaliyyətinin hər hansı konkret alət, ayrı-ayrı müştəri qrupları, əməliyyatlar, iqtisadiyyatın konkret sektoru üzərində cəmləşməsindən irəli gələn potensial itkilərə məruz qalma təhlükələrini ifadə edir. Konsentrasiya risklərini müəyyən etmək üçün Bank müştərilərin kimliyini və onların fəaliyyət göstərdiyi sahələri dəqiq bilməlidirr. Belə ki, məhdud müştəri qrupuna və ya iqtisadi sahələrə məxsus böyük məbləğli investisiya, əmanət və digər maliyyə alətlərinin geri çəkilməsi, alınmış kreditlərin ödənilməməsi, müqavilələrin ləğv olunması və digər bu kimi arzuolunmaz hallarla nəticələnən potensial risklər Bankı ciddi təhlükə qarşısında qoya bilər.

Müştərilərin fəaliyyətləri üzrə risklər planlaşdırılmış şəkildə müəyyən edilməli, qiymətləndirilməli, monitorinq olunmalı və nəzarət edilməlidir. Bank PL/TM üzrə öz risklərini (müştərilər, dövlətlər və ya coğrafi ərazilər, məhsullar, xidmətlər, əqdlər və ya çatdırılma kanalları) müəyyən edərək qiymətləndirmək üçün müvafiq tədbirlər görməlidir. Yüksək risklər aşkar edildiyi hallarda, risklərin idarə edilməsi və azaldılması üçün əlavə tədbirlər həyata keçirilməlidir. Aşağı risklər aşkar edildiyi hallarda isə sadələşdirilmiş tədbirlər həyata keçirilə bilər.


5. Bu siyasətə əməl olunmasına məsuliyyət

5.1. Bu Siyasətlə müəyyən olunan tədbirlərin yerinə yetirilməsinə görə Bankın rəhbərliyi, bu tədbirlərin icrasına nəzarəti həyata keçirən Bankın Məsul şəxsi və həmin tədbirləri icra edən Bankın digər əməkdaşları birbaşa məsuliyyət daşıyırlar.

5.2. Bu Siyasətin inkişafına Bankın Məsul şəxsi məsuliyyət daşıyır.
6. Yekun müddəalar
6.1. Bu Siyasət Bankın Müşahidə Şurası tərəfindən təsdiq olunur.

6.2. Bu Siyasətə bütün dəyişikliklər və əlavələr Bankın Müşahidə Şurasının qərarı əsasında aparılır.



Yüklə 72,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə