Academic Views
1
“AGRI” - Cәnub Qaz Dәhlizindәki Layihәlәrdәn Biri Kimi: Tәrәflәr, Maraqlar,
Mövqelәr vә Imkanlar
Ariz Hüseynov
Açar sözlәr: AGRI, Cәnub Qaz Dәhlizi, enerji siyasәti, tәbii qaz
Giriş
“AGRI” layihәsi reallaşacaği tәqdirdә Azәrbaycan qazının Avropaya nәqli üçün әn qısa
marşrut olacaq. Bununla belә, layihә istәr akademik sәviyyәdә, istiәrәsә dә dövlәt vә
özәl sektor nümayәndәlәri tәrәfindәn az müzakirә olunur vә bu baxımdan Cәnub Qaz
Dәhlizindәki digәr layihәlәrin (“TANAP”, “Nabucco West”, “TAP”, “Cәnub Axini”)
kölgәsindә qalır. Mәqalәnin mәqsәdi bu boşluğu aradan qaldırmaq vә “AGRI”
layihәsinin әhәmiyyәtini vә reallaşması ehtimallarını tәhlil etmәkdәn ibarәtdir. Bunun
üçün mәqalәdә layihәnin meydana çıxmasının tarixi konteksti, hal-hazırkı vәziyyәti vә
layihә çәrçivәsindә nәlәrin planlaşdırıldığına baxılacaq. Bundan başqa, iştirakçi
ölkәlәrin, istәr istehsalçı, istәr idxalçı, istәrsә dә tranzit olsun, potensialı, maraqları vә
tutduqları mövqe müzakirә edilәcәk. Hәmçinin layihәnin maliyyәlәşdirilmәsi
ehtimalları vә bunun layihәnin reallaşma imkanlarına tәsiri tәhlil edilәcәk. Sadalanan
amillәrin, yәni iştirakçı tәrәflәrin maraqları vә imkanlarının tәhlili sonda bu qәnaәtә
gәlmәyә imkan verir ki, “AGRI” layihәsinin reallaşması imkanları yüksәkdir.
Tarixi kontekst
2008-ci ildә Azәrbaycanla Türkiyә arasında tәbii qazın uzun müddәtli alış-satışı barәdә
sazişin şәrtlәrinә görә qiymәt reviziyası tәşәbbüsü irәli sürülmüşdür. Çünki, artıq dünya
qaz bazarlarında vәziyyәt әvvәlki kimi deyildi: qazın strateji, siyasi, iqtisadi әhәmiyyәti
vә demәli hәm dә qiymәti artmışdır. Azәrbaycan Türkiyәyә qazı dünya bazarlarındakı
olmasa da, buna yaxın qiymәtә satmaq, bununla yanaşı hәm dә Türkiyә üzәrindәn
Avropa bazarlarına çıxış әldә etmәk niyyәtindә idi. Türkiyә isә tam әksinә, regionda
enerji “hab”ı olma siyasәtinin tәrkib hissәsi kimi Azәrbaycan qazını ucuz qiymәtә
almaq vә Avropaya daha baha qiymәtә ixrac etmәyi düşünürdü. Tәrәflәr, nә az nә çox,
düz 3 ilә yaxın davam edәn intensiv danışıqlardan sonra razılıq әldә edә bildi vә nәhayәt
Türkiyә öz әrazisindәn Avropa bazarlarına çıxış imkanı verdi. [1] Baxmayaraq ki,
razıllıq әldә olundu, danışıqların bu qәdәr uzanması tәsirsiz ötüşә bilmәzdi.
Nәticәdә, onsuz da müstәqilliyinin ilk illәrindәn enerji ixrac marşrutlarının
diversifikasiyasını prioritet hesab edәn Azәrbaycan (Türkiyә ilә danışıqları davam
etdirmәklә yanaşı) bu istiqamәtdә sәylәrini artırdı. Hәmin әrәfәdә şimal dәhlizi ilә
Rusiyaya qaz ixracına başlandı vә cәnub dәhlizi ilә İrana qaz ixracı barәdә anlaşma
imzalandı. Azәrbaycanın irәli sürdüyü digәr bir layihә isә-Gürcüstan vә Qara Dәniz
vasitәsi ilә Rusiya vә Türkiyәdәn yan keçәrәk birbaşa Avropa ölkәlәrinә qaz ixrac
etmәyә imkan verәcәk-“AGRI” oldu.
[2]
Әslindә, Gürcüstan-Qara Dәniz dәhlizi ilә qaz
nәqli yeni mәsәlә deyildi vә hәlә “AGRI”-dan öncә bu istiqamәtdә “Ağ Axın” qaz boru-
kәmәri layihәsi gündәmdә var idi.
Ariz Hüseynov İyun 2013
Niyә “Ağ Axın” yox, “AGRI”?
“Ağ Axın” ilk dәfә olaraq 2005-ci ildә İngiltәrә mәrkәzli bir neçә şirkәt tәrәfindәn irәli
sürülmüş vә daha sonra Rusiyadan asılılığı azaltmağa çalışan Ukraynanın o zamankı baş
naziri Yuliya Timoşenko tәrәfindәn dәstәklәnmişdir. Layihәyә görә tәbii qaz Qara
Dәnizin dibi ilә çәkilәcәk boru kәmәri vasitәsi ilә Gürcüstandan Avropa bazarlarına
nәql edilәcәkdi. Hәtta 2008-ci ildә Avropa kommissiyası layihәyә “Prioritet Layihә”
statusu da verdi. [3] Bununla belә әsas dәyişiklik 2009-cu ilin oktyabrına tәsadüf etdi vә
dәhlizin aktuallığı nәzәrәçarpan dәrәcәdә artdı. Sәbәb Azәrbaycanın bu dәhlizә olan
marağının artması ilә bağlı idi. Amma maraq tәbii qazın boru kәmәrlәri vasitәsi ilә
deyil, sıxılmış (CNG) vә ya mayelәşdirilimiş (LNG) halda xüsusi gәmilәrlә ixracına
yönәldi.
Mәsәlә burasındadır ki, “Ağ Axın” layihәsi reallaşacağı tәqdirdә kәmәrlәrin Türkiyә vә
ya Rusiyaya aid ekskluziv iqtisadi әrazidәn (EİӘ) keçәcәkdi. Bu halda, hәmin ölkәlәr
әtraf mühit qanunvericiliyinә әsasәn boru xәttini nizamlama hüququna malik olacaqdı.
Misal üçün, Rusiya qazını Avropaya nәql edәn “Şimal Axını” qaz kәmәri Baltik
Dәnizindә Rusiya vә Almaniya ilә yanaşı, Finlandiya, İsveç, vә Danimarkaya aid ӘS vә
EİӘ-dәn keçdiyi üçün bu ölkәlәrin razılığı alındı vә kәmәrlәrin inşası onların daxili
qanunvericiliyinә uyğun aparıldı. [4]
Belәliklә, Türkiyә vә ya Rusiyanın kәmәrlәrin tikintisinә vә fәaliyyәtinә tәsir imkanları
olacaqdı. Bu ölkәlәrin, tәbii qazın tranziti mәsәlәsindә öz maraqlarının olmasını nәzәrә
alsaq, bu imkandan istifadә etmә ehtimalları artırdı. Başqa sözlә, Türkiyә ilә
danışıqların uzanmasından әziyyәt çәkәn Azәrbaycan yenә bu kimi çәtinliklәrlә üzlәşә
bilәrdi. Mәsәlә burasındadır ki, “Ağ Axın” irәli sürülәrkәn Türkiyәyә (vә ya Rusiyaya)
alternativ olmaq kimi mәqsәd dә yox idi vә ona görә dә bu mәsәlәyә әhәmiyyәt
verilmirdi. [5] Amma artıq vәziyyәt dәyişmişdi. Mәqsәd Türkiyәyә (Rusiya ilә yanaşı)
alternativ ixrac yollarını inkişaf etdirmәk idi vә, demәli, bu ölkәlәrә aid sulardan kәmәr
keçirmәk bu mәqsәdә xidmәt edә bilmәzdi. [6]
Qaz sıxılmış vә ya mayelәşdirilmiş halda xüsusi gәmilәrlә daşındıqda isә vәziyyәt fәrqli
olacaqdı. Baxmayaraq ki, gәmilәr dә eyni-yәni Türkiyә vә ya Rusiyanin
yurisdiksiyasına daxil olan ӘS vә ya EİӘ-dәn keçәcәk, bu dövlәtlәrin gәmilәrin
keçişinә mane olmaq imkanları olmayacaqdı. Çünki BMT-nin ‘Dәniz Hüququ üzrә
Konvensiya’sı bu sulardan xarici (istәr hәrbi istәrsә dә mülki) gәmilәrin maneәsiz
keçişinә icazә verir. [7] Belәliklә, qәrar tәbii qazı boru kәmәrlәri ilә (“Ağ Axın”) deyil,
sıxılmış vә ya mayelәşdirilmiş halda ixracından yana oldu. Bu hәm “AGRI” layihәsinin
meydana çıxması vә, belәliklә, hәm dә “Ağ Axın” layihәsinә ağır zәrbә demәk idi.
“AGRI LNG Co” birgә müәssisәsi
2010-cu il aprelin 13-dә Azәrbaycan, Gürcüstan vә Rumıniyanın müvafiq
nazirliklәrinin rәhbәrlәri sәviyyәsindә layihәnin hәyata keçirilmәsi istiqamәtindә
әmәkdaşlıq barәdә Anlaşma Memorandumu imzalandı. Bir neçә ay sonra, sentyabrın
14-dә ama bu dәfә prezidentlәr sәviyyәsindә Azәrbaycan, Gürcüstan vә Rumıniya
arasında tәxminәn eyni mәzmunlu anlaşma imzalandı vә bunun nәticәsi kimi baş ofisi
Buxarestdә yerәlәşәn “AGRI LNG Co” Birgә Müәssisәsi yaradıldı. [8] Mәrasimdә
Academic Views
3
Macarıstanın baş naziri dә iştirak edirdi ki, bu layihәyә olan marağın göstәricisi idi. Bu
marağın nәticәsi idi ki, 2011-ci il fevralın 14-dә Buxarestdә Azәrbaycan, Rumıniya vә
Macarıstanın enerji nazirlәri Macarıstanın dövlәt şirkәti olan “MVM”-in dә layihәyә
qoşulması barәdә Birgә Bәyәnat imzaladılar. Hәmçinin, bu günә qәdәr Bolqarıstan,
Ukrayna vә Serbiya kimi dövlәtlәr dә müxtәlif vaxtlarda vә müxtәlif sәviyyәlәrdә
layihәdә iştirak etmәk istәklәrini bildiriblәr.
Belәliklә, “AGRI LNG Co” Birgә Müәssisәsi hәrәsinә sәhmlәrin 25%-i aid olmaqla
dörd dövlәt şirkәtindәn ibarәt oldu: “ARDNŞ” (Azәrbaycan), “Romqaz” (Rumıniya),
“Gürcüstan Neft vә Qaz Korporasiyası” vә “MVM” (Macarıstan). Müәssisәnin idarә
heyyәtinin sәdri ARDNŞ-in investisiya vә marketinq üzrә vitse-prezidentinin müavini
Vitaliy Bәylәrbәyov oldu. Bu da әslindә layihәdә Azәrbaycan dövlәt neft şirkәtinin
aparıcı mövqeindәn xәbәr verirdi.
Layihә çәrçivәsindә Azәrbaycanda hasil edilәcәk qazın Gürcüstan vә Qara Dәniz
vasitәsi ilә Rumıniyaya, Macarıstana vә ordan da digәr Cәnub Şәrqi Avropa ölkәlәrinә
ixracı nәzәrdә tutulur. Azәrbaycanda istehsal edilәcәk tәbii qaz Bakı-Tbilisi-Әrzurum
marşrutu ilә Tbilisiyә qәdәr, Tbilisidәn isә yeni inşa edilәcәk kәmәrlәr vasitәsi ilә
Gürcüstanın Qara Dәniz sahillәrinә- Poti vә ya Kulevi limanına daşınacaq. Burada yeni
inşa edilәcәk terminalda tәbii qaz mayelәşdirilәrәk gәmilәrlә Qara Dәniz vasitәsi ilә
Rumıniyanın Konstanta limanına daşınacaq. Orda isә tikilәcәk reqazifikasiya
terminalında maye qaz yenidәn tәbii qaz halına salınaraq kәmәrlәr vasitәsi ilә Rumıniya
daxilinә vә Rumıniya üzәrindәn Arad-Szeghed kәmәri vasitәsi ilә Macarıstana vә daha
sonra digәr Avropa ölkәlәrinә ixrac edilәcәk. Misal üçün, Ukrayna, Bolqarıstan vә
Serbiya artıq layihә çәrçivәsindә nәql edilәcәk qazdan pay almaqda maraqlı olduqlarını
bildiriblәr. Belәliklә, layihә reallaşacağı tәqdirdә Azәrbaycandan qaz alan ölkәlәrin sayı
artmaqla yanaşı ixrac marşrutlarının da diversifikasiyası tәmin edilmiş olacaq.
Layihәnin mәrhәlәli şәkildә hәyata keçirilmәsi-ilkin mәrhәlәdә 2, ikinci mәrhәlәdә 5 vә
son mәrhәlәdә 8 milyard kub metr qazın daşınması nәzәrdә tutulur. Texniki iqtisadi
dәyәrlәndirmә yekunlaşmadığı üçün layihәnin başa gәlmәsi üçün lazım olacaq
sәrmayәnin miqdarı hәlә dәqiq deyil. Layihәnin hәcmindәn asılı olaraq maliyyә xәrclәri
2-4 milyard dollar dәyәrindә tәxmin edilir. Bura Tbilisidәn Qara dәniz sahilinә qәdәr
kәmәrlәrin inşası, Gürcüstanın vә Rumıniyanın Qara Dәniz sahilindә terminalların
tikilmәsi üçün xәrclәri daxildir.
Bu istiqamәtdә işlәr artıq başlanıb. 2012-ci il sentyabrın 25-i layihәnin Texniki İqtisadi
Dәyәrlәndirilmәsini aparmaq üçün keçirilәn tenderdә ingilis şirkәti “Penspen” qalib
gәldi. [9] Texniki İqtisadi Dәyәrlәndirmә çәrçivәsindә qaz bazarları, qaz tәminatı,
kәmәr vә LNG (vә ya CNG) terminalların tikintisi üçün mühәndislik işlәri, iqtisadi vә
maliyyә, risk vә әtraf mühit mәsәlәlәri araşdırılacaq. Bununla layihә barәdә bir çox
suallara aydınlıq gәlәcәk.
İstehsalçı ölkәlәr: Qaz tәminati potensialı vә maraqlar
“AGRI”, ümumiyyәtlә, Azәrbaycanın tәşәbbüsü ilә meydana çıxan bir layihәdir vә ilk
vaxtlardan layihә çәrçivәsindә Azәrbaycanda hasil olunacaq qazın daşınması nәzәrdә
Ariz Hüseynov İyun 2013
tutulur. Bununla belә, gәlәcәkdә Mәrkәzi Asiya ölkәlәrindә hasil olunan qazın da
daşınması ehtimalı qalmaqdadır.
2006-cı ildәn etibarәn Şahdәniz qaz yatağının istismara başlaması ilә qaz istehsalı 3
dәfә artdı vә Azәrbaycan tәbii qaz idxal edәn ölkәdәn ixrac edәn ölkәyә çevrildi.
Azәrbaycan illik olaraq Gürcüstana 2 mlrd. kubmetrә qәdәr, Türkiyә 6.6 mlrd. kubmetr,
Rusiya 3 mlrd. kubmetrә qәdәr vә Yunanıstana 750 mln. kubmetr (amma 2012-ci ilin
fevral ayından etibarәn dayandırılıb) qaz ixrac edir. “TANAP” layihәsinin reallaşması
vә “Şahdәniz 2” layihәsinin işlәnmәsi ilә Azәrbaycan Türkiyә vә Avropaya daha 16
mlrd. kub metr qaz ixrac edәcәk. Bundan başqa yeni kәşf olunan (Babәk, Ümid,) vә
perspektivli hesab edilәn (Abşeron) qaz yataqları da var ki, onların istismara başlaması
ilә Azәrbaycanın qaz hasilatı әhәmiyyәtli dәrәcәdә artacaq. Bura hәmçinin Azәri-
Çıraqlı-Günәşli yatağından hasil edilәn qazı da әlavә etmәk lazımdır. Ümumilikdә
Azәrbaycanda qaz hasilatının artaraq 2025-ci ildә 40-50 mlrd. kub metrә çatacağı
gözlәnilir. [10] Bu isә onu demәyә әsas verir ki, “AGRI” layihәsi reallaşacağı tәqdirdә
Azәrbaycan әn azı ilkin mәrhәlәdә vә müәyyәn hәcmdә qaz tәminatını öz üzәrinә
götürә bilәr vә bunda maraqlıdır da.
Sual yarana bilәr ki, “TANAP” vә onun davamı olacaq “Nabucco West” vә ya “TAP”
(bu layihәlәr arasında seçimin 2013-cü ildә edilәcәyi gözlәnilir [11]) layihәlәri
çәrçivәsindә Azәrbaycan onsuz da Avropa vә dünya bazarlarına (hәm dә daha böyük
hәcmdә) qaz ixrac etmәk imkanı әldә edәcәksә, “AGRI” layihәsinә nә ehtiyac qalır.
“Nabucco West” layihәsi üstün seçilәrsә, o zaman bu sual daha da mәntiqli görünәcәk,
çünki, bu layihә (Avstriya vә digәr ölkәlәrlә yanaşı) “AGRI” ilә eyni bazarları
(Bolqarıstan, Rumıniya, Macarıstan) qazla tәmin etmәyi hәdәflәyir.
Mәsәlә burasındadır ki, “Nabucco West”-in seçilib seçilmәyәcәyi hәlә mәlum deyil. Bu
baş vermәsә vә “TAP” layihәsinә üstünlük verilsә Azәrbaycan qazı Rumıniya,
Macarıstan, Ukrayna, Bolqarıstan, Serbiya vә digәr region ölkәlәrindәn yan keçәrәk
Türkiyә sәrhәddindәn Yunanıstan-Albaniya-İtalya marşrutu ilә daşınacaq. Bu ölkәlәrә
qaz ixrac etmәk üçün isә “AGRI” layihәsi әhәmiyyәtli olacaq. Bu o demәk deyil ki,
“Nabucco West” layihәsi reallaşarsa “AGRI” layihәsinin әhәmiyyәti qalmayacaq.
Baxmayaraq ki, hәr iki layihәdә eyni bazarlara qaz ixrac edilmәsi nәzәrdә tutulur, qaz
bu bazarlara müxtәlif marşrutlarla nәql edilәcәk. Azәrbaycan bunda maraqlıdır, çünki,
mәqsәd tәk ixrac bazarlarının deyil, hәm dә ixrac marşrutlarının diversifikasiyasını
tәmin etmәkdir. [12]
Bundan әlavә, qaz tәminatı mәsәlәsindә müsbәt amillәrdәn biri gәlәcәkdә Mәrkәzi
Asiya qazının da bu layihә çәrçivәsindә daşınması ehtimalıdır. Bunun üçün ilk öncә,
Türkmәnistan qazının Xәzәr dәnizi vasitәsi ilә Azәrbaycana daşınması üçün lazımi
infrastruktur inkişaf etdirilmәlidir. Bu, uzun zamandır haqqında danışılan amma
gerçәklәşmәsi üçün bir iş görülmәyәn Trans-Xәzәr boru-kәmәrinin inşasından sonra
mümkün ola bilәrdi. Amma, baxmayaraq ki, orta vә uzun müddәtә layihәnin
reallaşdırılması ehtimalı qalmaqdadır, yaxın gәlәcәkdә bu gözlәnilmir.
Buna baxmayaraq, 2011-ci ilin mayında Türkmәnistan tәrәfi “AGRI” layihәsinә
qoşularaq öz qazını mayelәşmiş halda bu layihә çәrçivәsindә Avropaya ixrac etmәkdә
maraqlı olduğunu bildirdi. [13] Amma bunun hansı formada hәyata keçirilәcәyi mәlum
Academic Views
5
deyildi. 2012-ci ilin avqustunda isә mәlum oldu ki, Türkmәnistan Dәniz vә Çay
Nәqliyyatı üzrә Dövlәt Xidmәti sıxılmış (CNG) türkmәn qazının Xәzәr Dәnizi vasitәsi
ilә xüsusi konteynerlәrdә gәmiylә Azәrbaycana vә daha sonra qatarla Gürcüstanın Qara
dәniz sahillәrinә, oradan isә Avropaya ixracı variantını araşdırır. [14] Bu
Türkmәnistanın alternativ ixrac marşrutlarına verdiyi önәmin göstәricisidir.
Artıq neçә ildir ki, Türkmәnistan qazının Rusiyaya alternativ yolla, yәni Xәzәr dәnizi
vasitәsi ilә Azәrbaycan üzәrindәn Avropaya nәqlini tәmin etmәk üçün Trans-Xәzәr boru
kәmәrinin inşası müzakirә olunur. Bu danışıqlar bir nәticә vermәdiyi üçün
Türkmәnistan qaz ixracını diversifikasiyasını (boru kәmәrlәri ilә deyil) digәr üsullarla
tәmin etmәyin yollarını axtarır. Belәliklә, “AGRI” layihәsindә iştirak etmәk bu
yollardan biri kimi Türkmәnistan hökumәtinin maraq dairәsindәdir.
Ümumilikdә qaz tәminatı ilә bağlı “hәr şey aydındır” deyә bilmәsәk dә, artan qaz
hasilatı fonunda Azәrbaycanın әn azı ilkin mәrhәlәdә vә müәyәn hәcmdә layihәni qazla
tәmin elәmә ehtimalları yüksәk görünür. Üstәlik, Türkmәnistan tәrәfinin Trans-Xәzәr
boru kәmәri vasitәsi ilә olmasa da, mayelәşdirilmiş halda qaz ixrac etmә istәyi layihәnin
qaz tәminatı baxımından müsbәt amil kimi qiymәtlәndirilmәlidir.
İstehlakçı ölkәlәr: Alıcılıq potensialı vә maraqlar
“AGRI” layihәsi çәrçivәsindә qazın mümkün alıcıları sırasında Rumıniya, Macarıstan,
Bolqarıstan, Ukrayna vә Serbiya kimi ölkәlәr var. Mayelәşdirilmiş qaz Rumıniya
sahillәrindә yenidәn tәbii qaz halına gәtirildikdәn sonra daxili kәmәrlәr vә
interkonnektorlar vasitәsi ilә digәr region ölkәlәrinә nәql oluna bilәcәk. Bunun üçün, bu
ölkәlәr arasında interkonnektorların inşası lazım olacaq.
Rumıniya xarici mәnbәlәrdәn asılılıq baxımından digәr region ölkәlәri ilә müqayisәdә
daha yaxşı vәziyyәtdәdir. Xüsusilә dә qaz istehlakının böyük hissәsi (80%) daxili
istehsal hesabına qarşılanır vә yalnız 20%-i Rusiyadan idxal edilir. [15] Amma bu heç
dә Rumıniya üçün “AGRI” layihәsinin әhәmiyyәtini azaltmır vә buna görәdir ki,
Rumıniya ilk vaxtlardan layihә çәrçivәsindә әn fәal tәrәfdaşlardandır. Әn azı ona görә
ki, Rumıniyada böyük hәcmdә, (2010-cu) ildә 11 mlrd. kub metr qaz istehlak edilir vә
bunun 20%-i kifayәt qәdәr qaz demkdir. Odur ki, bunun müәyyәn hissәsini alternativ
mәnbәlәrdәn tәmin etmәk pis olmaz. Amma, әlbәttә ki, “AGRI” layihәsindә iştirak
etmәklә Rumıniya qaz tәminatını yaxşılaşdırmaqdan başqa (vә ya daha çox) regionda öz
strateji әhәmiyyәtini artırmağı düşünür. Layihә Rumıniyaya regiondakı digәr ölkәlәrә
qaz ixarcı üçün tranzit ölkә kimi әhәmiyyәtini artırmaq imkanı verәcәk. Serbiya artıq bu
istiqamәtdә Rumıniya ilә әmәkdaşlıqda maraqlı olduğunu bildirib vә Rumıniya
prezidenti Serbiyanın layihәdәn yararlanmasına yardım edәcәyini söylәyib. [16] 2012-ci
il Sentyabrın 7-dә Rumıniyanın Azәrbaycandakı sәfiri ölkәsinin Azәrbaycan vә
Türkmәnistanla üçtәrәfli danışıqlarda Avropa İttifaqının mövqeyinin formalaşmasında
tәsirli rol oyanaya bilәcәyini vә Azәrbaycanla Rumıniya arasındakı mövcud strateji
әmәkdaşlığın buna yaxşı şәrait yaratdığını bildirdi. [17] Belәliklә, Rumıniya Xәzәr
hövzәsindәn Qara Dәniz regionu vә qonşu region ölkәlәrinә hidrokarbon resursların
nәqlindә, istәr diplomatik danışıqlarda iştirakı ilә, istәrsә dә tranzit vә idxalçı ölkә kimi
regiondakı mövqeini güclәndirmәk niyyәtindәdir.
Ariz Hüseynov İyun 2013
Macarıstan Azәrbaycandan maye qaz almaq istәyәn vә “AGRI” layihәsi
tәrәfdaşlarından biridir. İlkin razılaşma Azәrbaycan, Gürcüstan vә Rumıniya arasında
bağlansa da sonradan Macarıstanın “MVM” şirkәti dә layihәyә qoşuldu. Layihә
çәrçivәsindә
Rumıniyadan
Macarıstana
qaz
nәqli
üçün
Arad-Szeghed
interkonnektorunun inşası nәzәrdә tutulur. Layihәyә qoşulmaq Macarıstan üçün hәyati
әhәmiyyәt kәsb etmәyәcәk, çünki Macarıstanda illik qaz istehlakı 12 mlrd. kub metrdir
ki, “AGRI” layihәsi çәrçivәsindә idxal edilәcәk qaz bu tәlәbatın çox az hissәsini
qarşılya bilәr. Amma әlbәttә, müxtәlif mәnbәlәrdәn qaz idxalı, hәcmindәn asılı
olmayaraq hәr zaman müsbәt qiymәtlәndirilir vә Macarıstan bu layihәnin
reallaşmasında maraqlıdır. Onu da qeyd etmәk lazımdır ki, “AGRI” layihәsinin mәhdud
hәcmi, Macarıstanı gәlәcәkdә “Nabucco West” layihәsi çәrçivәsindә dә Azәrbaycandan
qaz almaqda maraqlı edәcәk. [18] Belә olduqda Macarıstan müxtәlif marşrutlarla
Azәrbaycan qazını idxal edәn ölkәlәrdәn olacaq.
Digәr potensial alıcı isә Ukraynadır. 2011-ci il, sentyabrın 19-da Azәrbaycan vә
Ukrayna enerji nazirlәri mayelәşdirilmiş qaz ixracı barәdә protokol imzaladılar [5].
2012-ci ilin sentyabrında isә Azәrbaycan Sәnaye vә Energetika naziri müavini
N.Abbasov bildirdi ki, Ukrayna tәrәfi “AGRI” layihәsinә qoşulmaqda maraqlıdır vә
bunun üçün Ukraynanın Qara Dәniz sahillәrindә terminalın tikilmәsi tәşәbbüsü ilә çıxış
edir. [19] Ukrayna yuxarıda qeyd edildiyi kimi hәlә “Ağ Axın” layihәsi gündәmdә ikәn
bu layihәnin әsas tәşәbbüskarlarından idi. O zaman Ukrayna baş naziri Y. Timoşenko
bu layihә çәrçivәsindә kәmәrlәrin Ukraynanın Qara Dәniz sahilindәki Krım
yarımadasından keçәrәk Rumıniyaya birlәşmәsinin tәrәfdarı idi. “Ağ Axın” layihәsi
aktuallığını itirdikdәn vә “AGRI” layihәsi meydana çıxdıqdan sonra Ukrayna bu
layihәyә maraq göstәrmәyә başladı. Ukrayna bu layihә çәrçivәsindә qaz idxal etmәklә
Rusiyadan asılılıqdan tam olaraq yaxa qurtara bilmәsә dә bu asılılığı müәyyәn qәdәr
azaltmış olacaq. Bundan әlavә, Azәrbaycan qazının Rusiyadan idxal edilәn qazla
müqayisәdә daha ucuz başa gәlәcәyi gözlәnilir. [20]
Azәrbaycandan qaz idxal etmәkdә başqa maraqlı tәrәf Bolqarıstandır. Hәlә 2010-cu ilin
oktyabrında Baş Nazir Boyko Borisov Bolqarıstanın Azәrbaycandan “AGRI” layihәsi
çәrçivәsindә qaz almaq istәyini ifadә etmişdir. [21] Düzdür sonradan Bolqarıstanın
Türkiyә üzәrindәn Azәrbaycan qazını alması fikri meydana çıxdı vә Türkiyә ilә
Bolqarıstanı birlәşdirәcәk qaz kәmәrinin tikilmәsi tәklifi irәli sürüldü. [22] Bu variant
bu gün dә aktuallığını qoruyur. Amma bununla yanaşı 2012-ci il sentyabrında
Azәrbaycan Sәnaye vә Energetika naziri müavini N. Abbasov “AGRI” layihәsindә
maralı ölkәlәr sırasında Bolqarıstanın da adını çәkdi. [23]
Bolqarıstanda illik 2.5 mlrd. kubmetrә qәdәr qaz istehlak edilir vә bunun hamısı
Rusiyadan idxal edilir. Odur ki, Azәrbaycandan alınacaq qaz enerji mәnbәlәrinin
diversifikasiyası baxımından çox әhәmiyyәtli olacaq vә bu asılılığı yarı-yarıya azalda
bilәr. Bu sәbәbdәn Bolqarıstan “AGRI” layihәsindә әn azı Azәrbaycandan qaz almaq
üçün variantlardan biri kimi maraqlıdır.
Serbiya da layihәdә iştirak etmәkdә vә bu dәhliz vasitәsi ilә Azәrbaycandan qaz
almaqda maraqlıdır. Bunu Serbiya prezidenti Boris Tadiç 2011-ci il sonlarında
Rumıniyaya sәfәri zamanı Trayan Basesku ilә görüşündә ifadә etmişdi. [24] Serbiya
hal-hazırda tәlәbatını, Rusiyadan Ukrayna vә Macarıstan vasitәsi ilә idxal edilәn qaz
Academic Views
7
hesabına qarşılayır. Bundan başqa, Serbiya Rusiyanın “Cәnub Axını” layihәsindә dә
tәrәfdaşlardan biridir. Belәliklә, idxal marşrutları müxtәlif olsa da qaz eyni mәnbәdәn-
Rusiyadan idxal edilir. Tәk mәnbәdәn asılı qalmamaq vә enerji idxalının
diversifikasiyasını tәmin etmәk üçün Serbiya “AGRI” kimi alternativ layihәlәrә
әhәmiyyәt verir. Serbiyanın Azәrbaycandakı sәfirinin sözlәri ilә desәk Serbiya “AGRI”
layihәsindә maraqlıdır vә “Balkanlara qaz nәqli ilә bağlı hәr bir layihәdә iştirak etmәyә
hazırdır”. [25]
“AGRI” layihәsinin maliyyәlәşdirilmәsi
“AGRI” layihәsi barәdә sual doğuran mәqam vә әslindә hәlledici mәsәlәlәrdәn olan
layihәni kimin maliyyәlәşdirәcәyi vә hәyata keçirәcәyi ilә bağlıdır. Nәzәr salanda
görürük ki, layihә tәrәfdaşları mövcud maliyyә ehtiyyatı vә/vә ya tәcrübә baxımından o
qәdәr dә yaxşı vәziyyәtdә deyil.
Gürcüstanın dövlәtә mәxsus “Neft vә Qaz Korporasiyası” şirkәti әsasәn ölkә
әrazisindәki mövcud neft vә qaz kәmәrlәrinin fәaliyyәtinә nәzarәt edir vә bu günә qәdәr
“AGRI” kimi böyük layihәlәrdә iştirak etmәk kimi tәcrübәsi olmayıb. Tәcrübәsizliklә
yanaşı şirkәtin vә Gürcüstan dövlәtinin maliyyә imkanları ona bu layihәnin
maliyyәlәşdirilmәsindә dә iştirak etmәyә imkan vermir.
Layihәdәki digәr tәrәfdaş Rumıniyanın “Romgaz” şirkәti, baxmayaraq ki, bütün Şәrqi
Avropada әn böyük enerji şirkәtlәrindәn sayılır, çәtin ki, lazımı maliyyәni ayıra bilsin.
Şirkәtin 80% sәhmlәri hökumәtә mәxsusdur vә hal-hazırda Rumıniya maliyyә
böhranından әziyyәt çәkir. Avropa İttifaqı vә Dünya Maliyyә Fondu ilә razılaşmaya
görә hökumәt böhrandan çıxış yolu kimi maliyyә ehtiyatlarını güclәndirmәk üçün
dövlәt şirkәtlәrinin özәllәşdirilmәsini tәmin etmәlidir. O cümlәdәn “Romqaz”-ın da
sәhmlәrinin müәyyәn hissәsinin özәllәşdirilmәsi gözlәnilir. Odur ki, “Romqaz”-ın
“AGRI” layihәsinin maliyyәlәşdirilmәsindә tәsirli dәrәcәdә, iştirakı gözlәnilmir.
Macarıstanın dövlәt şirkәti olan “MVM” isә elektrik enerjisi sahәsindә fәaliyyәt göstәrir
vә yalnız 2011-ildәn etibarәn tәbii qaz sahәsinә maraq göstәrmәyә başlayıb. Bu günә
qәdәr “AGRI” ilә yanaşı bir sıra digәr layihәlәrә maraq göstәrsә dә bu sahәdә
әhәmiyyәtli uğur qazanmayıb. Üstәlik, Macarıstan da digәr region ölkәlәri kimi maliyyә
böhranından әziyyәt çәkir vә Rumıniya kimi Macarıstan da Dünya Maliyyә Fondundan
yardım almaq üçün müqavilә imzalamağa hazırlaşır. Belәliklә, Macarıstan tәmsilçisi dә
“AGRI” üçün lazımı maliyyә imkanları vә tәcrübәyә sahib deyil.
Layihәnin Avropa strukturları tәrәfindәn maliyyәlәşdirmәsi ehtimalı da eyni sәbәb-
Avropanı bürüyәn maliyyә böhranı sәbәbi ilә inandırıcı görünmür. Hәm dә Avropa
Birliyi böhrandan әvvәl belә bu kimi layihәlәrә (misal üçün “Nabucco”) maliyyә
ayırmaqda hәvәsli görünmürdü.
Yeganә olaraq Azәrbaycan Dövlәt Neft Şirkәtinin (ARDNŞ) tәcrübәsi vә maliyyә
resursları ona layihәnin hәyata keçirilmәsindә tәsirli rol oynamağa imkan verir. Amma
nәzәrә almaq lazımdır ki, “ARDNŞ” 2013-cü ildә inşasına başlanılacaq “TANAP”
layihәsindә әsas iştirakçıdır vә layihәnin maliyyәlәşmәsi dә Azәrbaycan Dovlәt Neft
Fondunun hesabına edilәcәk. Hәr halda artan maliyyә ehtiyatları vә yüksәk kredit
Ariz Hüseynov İyun 2013
reytinqi “ARDNŞ”-ә imkan verә bilәr ki, layihәnin reallaşmasında әsas mәsuliyyәti öz
üzәrinә götürsün.
Nәticә
Belәliklә, Türkiyә ilә qazın ixracı, tranziti, hәcmi vә qiymәti barәdә şәrtlәrin
razılaşdırılmasında yaranan çәtinliklәr Azәrbaycanı alternativ ixrac marşrutlarının
axtarışına sovq etdi ki, bunun da nәticәlәrindәn biri kimi “AGRI” layihәsi meydana
çıxdı. Bu layihә Azәrbaycana Avropa bazarlarına yeni vә alternativ marşrutla qaz ixrac
etmәk imkanı verәcәk. Artan qaz hasilatı isә müxtәlif layihәlәri qazla tәmin etmәyә
imkan verir. Üstәlik layihәdә iştirak etmәkdә maraqlı olan Türkmәnistanın da gәlәcәkdә
layihә çәrçivәsindә qaz ixrac etmә ehtimalı var.
Bundan başqa tranzit ölkә kimi Gürcüstan, hәm tranzit hәm idxalçı ölkә kimi Rumıniya,
idxalçı ölkәlәr kimi Macarıstan, Ukrayna, Serbiya, Bolqarıstan da layihәdә eyni
dәrәcәdә maraqlıdır. Gürcüstan vә Rumıniya tranzit ölkә olaraq bununla öz strateji
әhәmiyyәtlәrini artırmış olacaqlar. Rumıniya hәmçinin yeni mәnbәdәn qaz almaq
imkanı qazanacaq, baxmayaraq ki, әsas tәlәbatı daxili istehsal hesabına ödәyir. Digәr
ölkәlәr dә Azәrbaycandan qaz idxal etmәklә yeganә mәnbәdәn, Rusiyadan asılılığı
qismәn dә olsa azaltmış olacaqlar.
Yeganә olaraq, layihәnin maliyyәlәşdirilmәsi ilә bağlı bәzi suallar yaranır. Layihәdәki
tәrәfdaşlar mәhdud maliyyә ehtiyatları, maliyyә vә iqtisadi böhran vә bu kimi böyük
regional layihәlәrdә tәcrübәlәri olmaması sәbәbi ilә onun reallaşmasına töhvә vermәkdә
çәtinlik çәkәcәklәri ehtimal edilir. Bununla belә, Azәrbaycan Dövlәt Neft Şirkәti istәr
tәcrübә, istәrsә dә maliyyә ehtiyyatları baxımından layihәnin reallaşmasında aparıcı rolu
öz üzәrinә götürә bilәr.
Belәliklә, reallaşacağı tәqdirdә “AGRI” layihәsi istehsalçı ölkәlәrin ixrac
marşrutlarının, istehlakçı ölkәlәrin isә idxal mәnbәlәrinin diversifikasiyasını tәmin
edәcәk, hәmçinin tranzit ölkәlәrә öz strateji әhәmiyyәtini artırmaq imkanı verәcәk.
Bunlar da özü-özlüyündә layihәnin hәyata keçmәsi ehtimalını artıran amillәrdir.
Әdәbiyyat:
[1] Cain, Michael j. G., et all. “Linking The Caspian To Europe: Repercussions Of The
Trans-Anatolian Pipeline”, Rethink Paper 06, October 2012.
[2] Tsakiris, Theodoros, “Hungary Joins AGRI Project As Azeris Target Production
Doubling by 2020”, EKEM;
(http://www.ekemeuroenergy.org/en/index.php?option=com_content&view=article&id
=176:hungary-joins-agri-project-as-azeris-target-production-doubling-by-
2020&catid=45:caspian-sea-black-sea-and-south-east-europe&Itemid=69).
Academic Views
9
[3] Roberto Pirani, “White Stream™: A Priority Project of the EU and integral
component of the Southern Gas Corridor”, OSCE – Ashgabat, May 2010;
(http://www.osce.org/ashgabat/67922).
[4] “A Pipeline through the Waters of Many Nations”, Nord Stream; (http://www.nord-
stream.com/pipeline/permits/).
[5] Socor, Vladimir, “White Stream can De-Monopolize the Turkish Transit of Gas to
Europe”, Eurasia Daily Monitor, Vol. 6 Issue 199, 29 Oktyabr 2009;
(http://www.jamestown.org/single/?no_cache=1&tx_ttnews%5Btt_news%5D=35667#.
Ua2RnLuXSRJ).
[6] Ibrahimov, Rovshan, “AGRI: Can it be an Alternative Route?”, The Journal of
Turkish Weekly, 28 Yanvar 2011, (http://www.turkishweekly.net/columnist/3415/agri-
can-it-be-an-alternative-route.html).
[7] “United Nations Convention on the Law of the Sea, Part V, Exclusive Economic
Zone”; (http://www.un.org/Depts/los/convention_agreements/texts/unclos/part5.htm).
[8] Ibid, Tsakiris, Theodoros, “Hungary Joins AGRI Project As Azeris Target
Production Doubling by 2020”.
[9] “К проекту AGRI могут подключиться новые участники”, Day.az, 27 Sentyabr
2012; (http://news.day.az/economy/357416.html).
[10] “Rovnag Abdullayev: Gas production of Azerbaijan will reach 40 bln cbm in
2025”, Apa, 6 Sentyabr 2012; (http://en.apa.az/news/178395).
[11] “Decision on Nabucco West pipeline expected in early 2013”, EUbusiness, 8
Oktyabr 2012; (http://www.eubusiness.com/news-eu/energy-natural-gas.jww).
[12] “Стратегия транспортировки энергетических ресурсов”, Азербайджан;
(http://www.azerbaijans.com/content_1030_ru.html).
[13] Hasanov, H., “Turkmenistan displays interest in AGRI pipeline project”, Trend, 13
May 2012; (http://en.trend.az/capital/energy/1875389.html).
[14] Hasanov, H., “Turkmenistan studies possibility of liquefied gas export through
Azerbaijan”, Trend, 8 Avqust 2012; (http://en.trend.az/capital/energy/2054555.html).
[15] Writer, Staff, “Romanian gas consumption hits record, increases imports”, Energy
Daily, 31 Yanvar 2012; (http://www.energy-
daily.com/reports/Romanian_gas_consumption_hits_record_increases_imports_999.ht
ml).
Ariz Hüseynov İyun 2013
[16] Savic, Misha, “Serbia Wants to Join AGRI Gas Project to Tap Caspian Supplies”,
Bloomberg, 1 Noyabr 2011; (http://www.bloomberg.com/news/2011-11-01/serbia-
wants-to-join-agri-gas-project-to-tap-caspian-supplies.html).
[17] “Romanian ambassador to Azerbaijan: We hope for feasibility study for AGRI
project in November”, actmedia, 6 Sentyabr 2012; (http://actmedia.eu/energy-and-
environment/romanian-ambassador-to-azerbaijan-we-hope-for-feasibility-study-for-
agri-project-in-november/41912).
[18] Doç. Dr. Rövşәn İbrahimovla müsahibә, Vroslav, Polşa, 1 Noyabr 2012.
[19] “Ukraine and Bulgaria interested in AGRI project - Deputy Minister of
Azerbaijan”, 28 Sentyabr 2012; (http://ua-energy.org/en/post/24774).
[20] Jackson, Alex, “AGRI Project Moves Ahead”, Natural Gas Europe, 8 Oktyabr
2012; (http://www.naturalgaseurope.com/agri-project-moves-ahead).
[21] Tsakiris, Theodoros, “Can the AGRI Project Revolutionize Regional Gas
Geopolitics?”, EKEM;
(http://www.ekemeuroenergy.org/en/index.php?option=com_content&view=article&id
=100:can-the-agri-project-revolutionize-regional-gas-geopolitics&catid=45:caspian-sea-
black-sea-and-south-east-europe&Itemid=69).
[22] “Azerbaijan confirms willingness to deliver gas to Bulgaria”, thesofiaecho, 21
Sentyabr 2011; (http://sofiaecho.com/2011/09/21/1161353_azerbaijan-confirms-
willingness-to-deliver-gas-to-bulgaria).
[23] Ibid, “К проекту AGRI могут подключиться новые участники”.
[24] Ibid, Savic, Misha.
[25] “Serbia seeks to join AGRI project”, AZERNEWS, 14 Fevral 2012;
(http://www.azernews.az/oil_and_gas/41331.html).
Ariz Hüseynov Strateji Araşdırmalar Mәrkәzi Xarici siyasәt mәsәlәlәrinin tәhlili
şöbәsinin aparıcı mәslәhәtçisidir.
Dostları ilə paylaş: |