Abunə MÜqaviLƏSİ



Yüklə 81,68 Kb.
tarix20.01.2018
ölçüsü81,68 Kb.
#21640

ABUNƏ MÜQAVİLƏSİ

Bu Abunə Müqaviləsi (bundan sonra “Müqavilə”) Azərbaycan Respublikasında, “Azercell Telekom” MMC (bundan sonra “AZERCELL”) ilə “Abunəçi” (fiziki və ya hüquqi şəxs) arasında bağlanmışdır.

1.ƏSAS ANLAYIŞLAR

1.1. Müqavilədə istifadə olunan sözlərin və yaxud söz birləşmələrinin mənası aşağıdakı kimi anlaşılmalıdır: “AZERCELL” xidmətləri – “AZERCELL” tərəfindən telekommunikasiya şəbəkəsi vasitəsilə təchiz edilən və vaxtaşırı olaraq, çeşidi “AZERCELL” tərəfindən Abunəçi qarşısında heç bir məsuliyyət daşımadan dəyişdirilə bilən telekommunikasiya xidmət növlərindən (həmçinin yeni nəsil texnologiyaları da daxil olmaqla) hər hansı biri yaxud bir neçəsidir;

Fakturasız Xətt sisteminə aid nömrə – Müvafiq sistemə aid olan tarif paketlərinin xüsusiyyətləri nəzərə alınmaqla, faktura kəsilməsi ilə bağlı münasibətlər nəzərdə tutulmadan, nömrənin balansına yüklənilən məbləğ vasitəsi ilə ödəmələr aparılmaqla xidmətlərdən istifadə imkanı verən nömrə;

Fakturalı Xətt sisteminə aid nömrə – Müvafiq sistemə aid olan tarif paketlərinin xüsusiyyətləri nəzərə alınmaqla, sonradan ödəməklə və ya avans olaraq, nömrənin hesabına keçirilən pul vəsaiti müqabilində xidmətlərdən istifadə imkanı verən nömrə;

Aylıq Sabit Haqq – Xidmət növlərindən istifadəyə görə ödənilməli olan və dəyəri “AZERCELL” tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq öz mülahizəsinə əsasən müəyyənləşdirilərək “AZERCELL” Tariflərində göstərilən abunə haqqı və digər sabit ödəniş məbləğ(lər)i;

Faktura dövrü – “AZERCELL” tərəfindən müəyyən edilmiş tarixləri əhatə edən müddət ərzində fakturada hesablanmış məbləğlər formalaşan dövr;

Tarif Paketi – “AZERCELL” xidmətlərinin bir və ya bir neçəsindən istifadə etmək üçün “AZERCELL” tərəfindən müəyyən edilən, dəyişdirilə və ləğv edilə bilən fərqli qiymət şərtləri;

İstifadə Qaydaları – “AZERCELL” tərəfindən birtərəfli qaydada müəyyən edilən və vaxtaşırı dəyişdirilə bilən, cihazların və telekommunikasiya şəbəkəsinin istismarı ilə əlaqədar olan, həmçinin konkret xidmət və ya bir neçə xidmətlər məcmusunu özündə əks etdirən Abunəçiyə aid qaydalar;

SIM-kart – Abunəçinin eyniləşdirilməsi modulu olaraq telekommunikasiya şəbəkəsində işləməsi üçün cihaza yerləşdirilən və Abunəçi barədə məlumatları və şəxsi telefon kitabçası məlumatlarını daşıyan, habelə cihazla telekommunikasiya şəbəkəsinin digər elementləri arasında əlaqəni və Xidmətlərin göstərilməsini təmin edən kart;

SIM-kart paketi – SIM-kartın istifadəsinə dair Abunəçiyə təqdim edilən məlumatlar və SIM-kart təhlükəsizlik kodları (məs., PIN kod və s.);

Son Ödəmə Tarixi – “AZERCELL”in Abunəçiyə təqdim etdiyi hesab-faktura əsasında “AZERCELL”ə ödənilməli olan pul məbləğinin son ödəmə tarixi;

“AZERCELL” tarifləri – “AZERCELL” tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilən öz mülahizəsinə əsasən dəyişdirilə bilən, nömrədən istifadə (“AZERCELL”in müxtəlif Xidmətlərindən istifadələr daxil olmaqla) müqabilində “AZERCELL”ə Abunəçi tərəfindən müvafiq müddətlər daxilində ödənilməli olan pul məbləği və faizləri təsdiq edən toplu;

Xidmət haqqı – “AZERCELL” xidmətlərinə görə “AZERCELL” tariflərində əks etdirilən və müvafiq müddət üçün qüvvədə olan tariflər əsasında Abunəçi tərəfindən ödənilən/ödənilməli olan pul vəsaiti.

2. MÜQAVİLƏNİN PREDMETİ

2.1. Bu Müqavilənin predmetini “AZERCELL” tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi (bundan sonra “xidmət”), “Abunəçi” tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Bu Müqavilənin müddəaları SIM-kart vasitəsilə təchiz edilən “AZERCELL” Xidmətlərinə və/və ya SIM-kart paketi satışına şamil edilir.

2.2. Bu Müqavilənin şərtləri həm Fakturalı, həm də Fakturasız Xətt sistemlərində mövcud olan tarif paketlərinin xüsusiyyətlərinə müvafiq olaraq tətbiq edilir. Fərqli münasibətlər müəyyən edilən müddəaların Fakturalı və ya Fakturasız Xətt sisteminə aidiyyatı müvafiq mətndə öz əksini tapır.

2.3. “AZERCELL” xidmətləri Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Müqaviləyə və istifadə qaydalarına əsasən, Fakturalı Xətt və ya Fakturasız Xətt sistemlərində mövcud olan tarif paketlərinin xüsusiyyətlərinə uyğun olaraq göstərilir.

2.4. Tərəflər razılaşırlar ki, “AZERCELL” Abunəçiyə bu Müqavilənin müddəalarına uyğun olaraq, Nömrəni istifadəyə verir, rabitə xəttini açır və xidmət göstərir, Abunəçi də öz növbəsində istifadəsində olan (adına rəsmiləşdirilən) nömrədən “AZERCELL”in göstərdiyi Xidmətlərin müqabilində bu Müqaviləyə uyğun olaraq,xidmət haqqı və digər ödənişləri həyata keçirir. Xidmətlərdən (zəng, qısa mesaj, kodlar yığılmaqla və sair vasitələrdən) istifadə etməklə aparılan əməliyyatlar Abunəçi tərəfindən həyata keçirilmiş hesab edilir.

2.5. Fakturalı Xətt sistemində Abunəçi və “AZERCELL” arasında hesablaşmalar “AZERCELL” tərəfindən verilən hesab-faktura əsasında həyata keçirilir. Fakturasız Xətt sistemində mövcud olan tarif paketlərində isə Abunəçi və “AZERCELL” arasında hesablaşmalar nömrənin balansına yüklənən məbləğ əsasında xidmətlərdən istifadə müqabilində həyata keçirilir. Fakturasız Xətt sistemində mövcud olan tarif paketləri çərçivəsində istifadə edilmiş xidmətlərə görə hesablanan haqq xidmətin xüsusiyyətlərindən, fors-major və sair hallardan asılı olaraq dərhal və ya sonradan hesablanaraq, nömrənin balansına yüklənmiş məbləğdən çıxıla bilər. Danışıq kartının növü və dəyərindən asılı olaraq, nömrənin balansına yüklənmiş məbləğin istifadə müddəti “AZERCELL” tarifləri ilə müəyyən edilir. Danışıq kartlarından istifadə qaydaları (istifadə müddətləri və yeni məbləğ yükləmə müddəti də daxil olmaqla) və müvafiq kartların dəyəri ”AZERCELL” tərəfindən öz mülahizəsinə əsasən, sərbəst şəkildə müəyyənləşdirilir və vaxtaşırı olaraq dəyişdirilə bilər. İstifadə müddətləri SIM-kart paketində, ”AZERCELL” tariflərində göstərilir və hər hansı digər reklam vasitəsi ilə də bu barədə məlumat təqdim edilə bilər.

2.6. Abunəçiyə verilən nömrə onun istifadəsində olur və Abunəçi həmin nömrəyə heç bir mülkiyyət hüququna malik deyil.

2.7. Tərəflər razılaşırlar ki, “AZERCELL” xidmətlərinin qiymətləri “AZERCELL” tariflərinə uyğun müəyyən edilir. Tariflər “AZERCELL” tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müfaviq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri (“KİV”) ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər.

3. "AZERCELL" XİDMƏTLƏRİ

3.1. “AZERCELL” bu Müqaviləyə və istifadə qaydalarına müvafiq olaraq, zəruri təmir, profilaktik və təkmilləşdirmə işləri aparılan günləri çıxmaq şərti ilə, hər gün bütün sutka ərzində fasiləsiz xidmətlər göstərir. Tərəflər nəzərə alırlar ki, telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə həyata keçirildiyindən hər hansı kənar maneə mənbələrindən, o cümlədən binalardan, bitkilərdən, relyefdən və sair maneə mənbələrindən müdaxiləyə və arzuedilməz təsirlərə məruz qala bilər, həmçinin Abunəçinin cihazından da asılı olan hallar nəzərə alınmaqla, hər bir vaxt və hər yerdə (xüsusən də, maneələrin yerləşdiyi ərazilərdə) keyfiyyətli və aramsız rabitəyə təminat verilmir. Qeyd edilən hallar ilə bağlı “AZERCELL” cavabdehlik daşımır.

3.2. “AZERCELL” yalnız öz telekommunikasiya şəbəkəsində istifadə etdiyi vasitələrlə əlaqədar məsuliyyət daşıyır. Xidmətlərin göstərilməsi üçün zəruri olan texniki vasitələri yalnız “AZERCELL” müəyyənləşdirir. “AZERCELL” tərəfindən təqdim edilən xidmətlərdən hər hansı birinin başqa operatorun\operatorların telekommunikasiya şəbəkəsi ilə əlaqəli şəkildə istifadəsi zamanı həmin xidmətlərin təsvir edildiyi kimi çalışmasına təminat verilmir.

3.3. Abunəçi “AZERCELL” tərəfindən təklif olunan xidmətlərin hər hansı birindən və ya bir qismindən, bu Müqavilə və seçdiyi Tarif Paketinə uyğun olaraq, xidmət çeşidləri çərçivəsində, həmçinin Abunəçinin cihazının imkan verdiyi həddə, “AZERCELL” Tarifləri əsasında istifadə edə bilər. Abunəçi istifadə qaydalarına uyğun olaraq, “AZERCELL” tərəfindən təklif edilən (“AZERCELL” Tariflərində göstərilən) Tarif Paketlərindən hər hansı birini seçmək, seçilmiş Tarif Paketini dəyişdirmək və başqa Tarif Paketi ilə əvəz etmək hüququna malikdir. Abunəçi istifadə etdiyi və ya istifadə etmək istədiyi Tarif paketi, həmçinin bu və ya digər xidmətlər barədə məlumat əldə etmək hüququna malikdir.

3.4. Abunəçi, istifadə etdiyi cihazın yol verdiyi həddə, “AZERCELL” xidmətlərinin hər hansı birinin tətbiq edilməsini və ya dayandırılmasını (fərdi qaydada tətbiqi və ya dayandırılması qeyri-mümkün olan xidmətlər istisna olmaqla) istənilən zaman tələb edə bilər. Fakturasız Xətt sistemində olan nömrənin Fakturalı Xətt sistemində olan nömrə ilə əvəz edilməsi və ya geriyə (əksinə) keçid üçün, müvafiq xidmətlərin xüsusiyyətləri imkan verdiyi təqdirdə, Abunəçi Müştəri Xidmətlərinə müraciət edə bilər. Bu zaman SIM-kart dəyişikliyi və sair tələb olunan digər xərclər Abunəçi tərəfindən ödənilir.

3.5. “AZERCELL” tərəfindən təqdim edilən xidmətlərin məhz təsvir edildiyi kimi həyata keçirilməsinə yalnız “AZERCELL”in telekommunikasiya şəbəkəsi daxilində təminat verilir. Zənglərin müddətləri isə hesablanarkən cavab siqnalı və zəngi qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik müəyyən edən cihazlar, Abunəçi olmadıqda onu əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumatı ötürən aparatlar və ya xidmətlər-modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranmış hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaqdır.

3.6. Abunəçiyə verilən PIN (şəxsi eyniləşdirmə nömrəsi) və PUK (SIM-kart bağlandıqda onu açmaq üçün istifadə edilən kod) kodları SIM-kart ilə bağlıdır. Bu kodlar gizli olduğu üçün yalnız Abunəçi tərəfindən açılmalı və özündə saxlanılmalıdır. Həmin kodların hər hansı səbəbdən üçüncü şəxslərə məlum olmasından Abunəçiyə dəyən zərərə görə “AZERCELL” məsuliyyət daşımır.

3.7. Abunəçi haqqında məlumatların yalnız öz razılığı əsasında sorğu məlumat mənbələrində əks olunması təmin edilə bilər. Qanunvericilikdə nəzərdə tutulan hallarda Abunəçi barədə məlumatlardan hər hansı formada istifadə ilə bağlı “AZERCELL” heç bir məsuliyyət daşımır.

4. ÖDƏNİŞ ŞƏRTLƏRİ

Fakturalı Xətt sistemində:

4.1. Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Ödəmələr “AZERCELL”in müvafiq ödəmə məntəqələrində və vasitələri ilə (o cümlədən, bank və poçtlarda, ATM bankomatları, müvafiq ödəmə kartları, İnternet ilə və s.) həyata keçirilir. “AZERCELL” öz mülahizəsinə əsasən nömrənin hesabına keçirilən məbləğin maksimal və minimal hədlərini müəyyən edə bilər.

4.2. Hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, “AZERCELL” Abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizi ilə bağlı şərtlər “AZERCELL” tərəfindən müvafiq qaydada dəyişdirilə bilər.

4.3. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər “AZERCELL” tərəfindən davam etdirilir. Borca görə ləğv olunmuş nömrə, digər şəxsin istifadəsinə verilməyibsə, müvafiq borc (gecikmə faizi də daxil olmaqla) məbləği və “AZERCELL” tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq sərbəst müəyyənləşdirilən müvafiq bərpa məbləği ödənildikdən sonra yenidən Abunəçi tərəfindən istifadə oluna bilər.

4.4. Bu Müqaviləyə əsasən göstərilən xidmətlər müqabilində hesablanan haqq, gecikmə faizi ödənişləri istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, Əlavə Dəyər Vergisi tətbiq edilməklə müəyyənləşir. ƏDV hesab-fakturada göstərilən ödəniş növlərinin cəminə (Fakturanın ümumi məbləği), gecikmə faizi istisna olmaqla, tətbiq (əlavə) edilir və ödənilməsi məcburidir.

4.5. “AZERCELL” öz mülahizəsinə əsasən Abunəçinin mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququna malikdir.

5. HESAB-FAKTURA

Fakturalı Xətt sistemində:

5.1. Abunəçinin istifadəsində olan nömrədə hesablanmış xidmət haqları öz əksini hesab-fakturada tapır. Hesab-faktura hər faktura dövrünün sonunda kəsilərək, Abunəçinin istəyi ilə təqdim oluna/göndərilə bilər.

5.2. Müvafiq faktura dövründə yer alan, lakin əks olunmayan xidmət haqları növbəti hesab-fakturalarda əks olunur.

5.3. Abunəçinin ünvanına göndərilən bütün hesablar (hesab-fakturalar) və bildirişlər (onların qəbulundan Abunəçi tərəfindən imtina edildiyi hallar da daxil olmaqla) Abunəçinin özünə verilmiş sayılır. Abunəçinin ünvanına göndərilən hər hansı bildiriş və ya hesabda (“AZERCELL”dən asılı olmayan səbəblərə görə Abunəçinin ünvanına göndərilən lakin çatdırılmayanlar da daxil olmaqla) göstərilən hər hansı məlumatın, məbləğin Abunəçi tərəfindən anlaşılmaması, yaxud şübhə altına alınması həmin məbləğin ödənilməməsi üçün əsas deyil. Belə halda Abunəçi həmin borc məbləğini ödəməli və sonradan müvafiq izahat üçün Müştəri Xidmətlərinə müraciət etməlidir. Hesab-fakturada göstərilmiş ödəniləcək məbləğ “AZERCELL”in bank hesabına keçirildiyi tarixdən etibarən faktura ödənilmiş sayılır.

5.4. İzahlı-faktura “AZERCELL” tariflərində göstərilən əlavə haqq müqabilində, ən çoxu müraciət tarixindən yalnız əvvəlki 2 (iki) kəsilmiş faktura və cari faktura dövrü üçün Abunəçiyə təqdim olunur. Fakturasız Xətt sistemində Abunəçilər yalnız “AZERCELL” tərəfindən təqdim edilən müxtəlif xidmətlər çərçivəsində nömrədə həyata keçirilmiş zənglərin və digər xidmətlərdən istifadə müddətləri barədə məlumat əldə edə bilərlər.

6. DEPOZİT

Fakturalı Xətt sistemində:

6.1. Rominq xidmətlərinin, yaxud konkret xidmət\xidmətlər məcmusunun göstərilməsi yalnız Abunəçi tərəfindən “AZERCELL”in tələb etdiyi məbləğdə depozit ödənildikdən sonra təmin edilir. Depozit məbləği “AZERCELL” tərəfindən sərbəst şəkildə müəyyən edilir və dəyişdirilə bilər. Depozit məbləği “AZERCELL” tariflərində göstərilir.

6.2. Abunəçi tərəfindən depozitin ödənilməməsi “AZERCELL” üçün Abunəçiyə müvafiq xidməti göstərməkdən imtina etmək üçün əsasdır.

6.3. Depozit “AZERCELL”in təqdim etdiyi hesab üzrə və ona uyğun olaraq ödənilməlidir. Son ödəmə tarixinədək rominq üçün ödənilməli olan istifadə haqqı ödənilməzsə, “AZERCELL” həmin məbləği depozitdən tutmağa haqlı olur və bunu istifadə haqqının son ödəmə tarixindən sonra gələn ilk iş günündən başlayaraq həyata keçirə bilər.

6.4. Nömrədə (digər müqavilələr əsasında Abunəçinin adına rəsmiləşdirilmiş nömrələr də daxil olmaqla) borc məbləği son ödəmə tarixinədək ödənilmədiyi halda müvafiq gecikmə faizi də daxil olmaqla həmin borc məbləği onun depozitindən, “AZERCELL” tərəfindən müəyyən edilən müddətdə tutulur.

6.5. Tərəflər razılaşır ki, yaranmış borcların (rominq ilə əlaqədar olanlar da daxil olmaqla) Abunəçi tərəfindən ödənilməsi depozitin dərhal qaytarılması üçün əsas deyildir. Depozit, borc qəti olaraq müəyyənləşdirildikdən və tam ödənildikdən sonra qaytarılır ki, bu barədə də Abunəçiyə əlavə məlumat verilir. Hər bir halda istifadə qaydaları ilə müəyyən edilən şərtlər çərçivəsində, depozit 30 gündən gec olmayaraq Abunəçinin müraciəti əsasında qaytarılır.

7. SIM-KART VƏ NÖMRƏ

7.1. Abunəçinin SIM-kartı nömrə ilə uzlaşdırılmışdır. Nömrə Abunəçi tərəfindən satış vaxtı satışda olan nömrələr arasından seçilir. Satış “AZERCELL” və ya müvafiq səlahiyyətli müstəqil ticarət nümayəndəsi (diler və ya distribütor) tərəfindən həyata keçirilir. SIM-kart paketinin satışı nəticəsində SIM-kart fiziki obyekt olaraq Abunəçinin mülkiyyətinə, nömrə isə onun istifadəsinə keçir.

7.2. “AZERCELL” tərəfindən SIM-karta daxil edilmiş informasiya “AZERCELL”in mülkiyyətində qalır və Abunəçinin cihazı ilə telekommunikasiya şəbəkəsi arasında əlaqənin təmin edilməsi üçün istifadə edilir. Müqaviləyə xitam verildikdə həmin informasiya “AZERCELL” tərəfindən sərbəst şəkildə, o cümlədən başqa Abunəçilərə nömrə verilməsi üçün istifadə edilə bilər.

7.3. Satışdan sonra istehsalçının yol verdiyi nöqsana(lara) görə SIM-kartın qüsurlu olması müəyyən edilərsə, həmin SIM- kart “AZERCELL” tərəfindən pulsuz dəyişdirilir. Oğurlanmış, itirilmiş və ya Abunəçi tərəfindən yararsız hala salınmış SIM- kart müvafiq ödənişli əsaslarla əvəzlənir.

7.4. Hər hansı səbəbdən baş verən SIM-kart dəyişikliyi zamanı, əvvəlki SIM-karta Abunəçi tərəfindən daxil edilmiş məlumatlar, həmçinin şəxsi telefon kitabçası məlumatları yeni SIM- karta keçirilmir.

8. NÖMRƏNİN RABİTƏ XƏTTİNİN BAĞLANIB - AÇILMASI

8.1. Fakturalı Xətt sistemində: Hesab-fakturada əks olunan borc məbləği və ya kredit limitini aşma halı olarsa, həmin borc istifadə qaydalarında göstərilən müddətdə (o cümlədən son ödəmə tarixinədək) ödənilməzsə, “AZERCELL” Abunəçinin istifadəsində olan nömrənin rabitə xəttini birtərəfli bağlaya bilər. Bu zaman Abunəçi ona gələn zəngləri qəbul edə bilir, lakin özü heç kəslə bağlantı qura bilmir. Nömrədən istifadəyə qoyulan məhdudiyyət, borc və gecikmə faizi və ya müvafiq kredit limit üzrə tələb olunan avans məbləği “AZERCELL”ə ödənildikdən sonra nömrənin rabitə xətti tam olaraq (ikitərəfli) açılmaqla aradan qaldırılır. Bu qayda “AZERCELL” tərəfindən birtərəfli surətdə və sərbəst olaraq dəyişdirilə bilər.

8.2. Fakturalı Xətt sistemində: Hesab-faktura kəsildiyi tarixdən sonrakı 45 (qırx beş) təqvim günü keçdikdən sonra da borc məbləği və gecikmə faizi ödənilməzsə, həmçinin kredit limitini aşma halı olarsa, “AZERCELL” Abunəçinin nömrəsini ikitərəfli bağlaya bilər. Bu, Abunəçiyə xidmət göstərilməsinin dayandırılması deməkdir. “AZERCELL” tərəfindən xidmət göstərilməsinin dayandırılması gecikmə faizinin hesablanmasını dayandırmır və Abunəçi tərəfindən borcun (gecikmə faizi də daxil olmaqla) hər hansı bir hissəsinin ödənilməsi onu borcun qalan hissəsinin ödənilməsi öhdəliyindən azad etmir.

8.3. Fakturalı Xətt sistemində: Abunəçi öz borcunu, gecikmə faizi ilə birlikdə, son ödəmə tarixindən sonra 6 (altı) ay ərzində ödəməzsə, Abunəçinin istifadəsində olan nömrənin rabitə xətti tamamilə ləğv edilməklə nömrə onun istifadəsindən çıxarılır və bu Müqaviləyə xitam verilir. Bu zaman “AZERCELL” Abunəçiyə hər hansı məlumat təqdim etmir. Müqaviləyə xitam verilməsi Abunəçini borclarını ödəmək vəzifəsindən azad etmir.

8.4. Fakturasız Xətt sistemində: “AZERCELL” tariflərində qeyd olunan yeni məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğ yüklənməzsə, Abunəçinin bu Müqavilədən birtərəfli qaydada imtina etdiyi başa düşülür. Bu halda “AZERCELL” Abunəçinin nömrəsini onun istifadəsindən çıxarır (ləğv edir) və Müqaviləyə xitam verir. Müqaviləyə xitam verilməsi, nömrədə mövcud olan fərdi qaydada aktiv edilmiş hər hansı “AZERCELL” xidmətinin (və ya xidmətlərin) ləğv olunması və SIM-kartın balansında qalan, istifadə müddəti ərzində istifadə edilməmiş məbləğlərin silinməsi (sıfırlanması) ilə nəticələnir. Abunəçinin istifadə etmədiyi silinmiş (sıfırlanmış) məbləğin geri qaytarılması və ya ona görə hər hansı kompensasiya verilməsi tələblərindən “AZERCELL” imtina etmək hüququna malikdir və belə imtinaya görə məsuliyyət daşımır.

8.5. Hər hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilmiş nömrə “AZERCELL” tərəfindən başqa Abunəçinin istifadəsinə verilə bilər, bu zaman ilkin Abunəçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulmur. Ləğv edilmiş nömrənin ilkin Abunəçinin təkrar istifadəsinə verilməsi “AZERCELL”in öz mülahizəsinə əsasən, əgər nömrə digər Abunəçiyə verilməmişsə, həyata keçirilə bilər.

8.6. Abunəçi nömrəsinin xəttini 6 (altı) aydan çox olmayan müddətə ikitərəfli bağlanması üçün Müştəri Xidmətlərinə müraciət edə bilər. Müvafiq müddətin tamamında Abunəçi tərəfindən Müqavilədən birtərəfli imtina edildiyi hesab edilir və Müqaviləyə xitam verilir. Bu zaman müvafiq olaraq, 8-ci maddənin müddəaları tətbiq olunur. Nömrənin Abunəçinin xahişi ilə bağlanması Abunəçini bağlanma anına qədər əmələ gəlmiş borcun ödənilməsi məsuliyyətindən azad etmir.

8.7. Abunəçinin xidmətlərlə əlaqədar hər hansı bir qüsura dair şikayəti olduqda, amma aparılan araşdırma zamanı şikayətlərin “AZERCELL” telekommunikasiya şəbəkəsi ilə əlaqədar olmadığı müəyyənləşdirildikdə “AZERCELL” Abunəçinin cihazının yoxlanması üçün təqdim edilməsini tələb edə bilər. Yoxlama nəticəsində müəyyən olunsa ki, Abunəçinin cihazı telekommunikasiya şəbəkəsinin işinə maneçilik törədir, “AZERCELL” Abunəçiyə xidmət göstərilməsində məhdudiyyət qoya və ya tam dayandıra bilər. Bu halda nömrə bağlandıqdan sonra 6 (altı) ay müddətində Abunəçi cihazını dəyişərək onu “AZERCELL”ə təqdim etməklə nömrəyə xidmət göstərilməsini bərpa etdirə bilər. Əks halda 8-ci maddənin müddəaları tətbiq olunur.

9. NÖMRƏNİN GÜZƏŞTİ

9.1. Müqavilə Abunəçi tərəfindən üçüncü şəxs(lər)ə güzəşt edilə bilməz. Nömrənin və cihazın üçüncü şəxs tərəfindən istismarı zamanı Müqavilə şərtlərinin yerinə yetirilmə məsuliyyəti Abunəçinin üzərinə düşür. Bu şərt cihazın və ya SIM- kartın oğurlanması və ya itirilməsi halında da, Abunəçinin rəsmi müraciəti əsasında xidmət göstərilməsi dayandırılanadək qüvvədə olur.

9.2. “AZERCELL”in razılığı ilə, Abunəçi istifadəsində olan nömrəni üçüncü şəxsin daimi rəsmi istifadəsinə vermək (nömrəni güzəşt etmək) istəyində olarsa, həm Abunəçi, həm də nömrəni adına keçirmək istəyən şəxs mütləq ərizə ilə Müştəri Xidmətlərinə müraciət etməlidirlər və Abunəçi bütün borclarını ödəməlidir. Bundan sonra Abunəçi ilə Müqaviləyə xitam verilə və yeni Abunəçi (xeyrinə güzəşt edilən fiziki və ya hüquqi şəxs) ilə bu şərtlərə əsasən yeni Müqavilə bağlanıla bilər.

9.3. Abunəçi tərəfindən nömrə yuxarıdakı qaydanın pozulması ilə güzəşt edilərsə, “AZERCELL” Müqavilə üzrə öhdəliklərin icrasını, heç bir güzəştin baş vermədiyi kimi, Abunəçidən tələb etməkdə haqlı olur. Abunəçi tərəfindən nömrənin güzəştinə aid öhdəliklərin icra edilməməsi nömrənin bu Müqavilədə nəzərdə tutulmuş qaydada bağlanmasına və Müqaviləyə xitam verilməsinə səbəb ola bilər.

9.4. Nömrənin güzəşti bu Müqaviləyə və istifadə qaydalarına uyğun olaraq həyata keçirildikdən sonra əvvəlki Abunəçi üçün tətbiq edilən kredit limiti ləğv oluna (sıfırlana) bilər. Həmçinin, bu zaman əvvəlki Abunəçi tərəfindən fərdi qaydada tətbiq edilən digər xidmətlərin də göstərilməsi dayandırıla bilər.

9.5. Hüquqi varislik hallarında Abunəçinin varis(lər)i tərəfindən xidmət haqqı və/və ya borc məbləği tam olaraq ödənilməlidir, əks təqdirdə “AZERCELL” varislik üzrə keçən əmlaka məcburi ödəmə məqsədi ilə tələb yönəltmək hüququna malik olur.

10. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİTAMI

10.1. Müqavilə hər iki tərəfdən imzalandıqdan və nömrə “AZERCELL” tərəfindən aktivləşdiriləndən sonra hüquqi qüvvəyə minir və qeyri-müəyyən müddətdə qüvvədə olur.

10.2. Bu Müqavilədə nəzərdə tutulan öhdəliklərin Abunəçi tərəfindən tam və lazımınca yerinə yetirilməməsi və yaxud Müqavilə şərtlərinin təqsirli pozulması “AZERCELL”ə hüquq verir ki, Abunəçi qarşısında heç bir məsuliyyət daşımadan ona xidmət göstərilməsini dərhal (bu Müqavilənin 8-ci maddəsində göstərilən hallar istisna olmaqla) dayandırsın və ya məhdudlaşdırsın. Xidmət göstərilməsi dayandırıldıqdan sonra 6 (altı) ay müddətində Abunəçi yol verdiyi pozuntunu aradan qaldırmazsa, bu, Abunəçi tərəfindən Müqavilədən birtərəfli imtina kimi qiymətləndirilir və Müqaviləyə xitam verilmiş hesab edilir.

10.3. Abunəçi Müştəri Xidmətlərinə rəsmi/yazılı müraciət etməklə istənilən vaxt Müqaviləyə xitam verə bilər.

10.4. Hər hansı səbəbdən borcun ödənilməməsi (Fakturasız Xətt sistemində yeni məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğin yüklənməməsi) Abunəçi tərəfindən Müqavilədən birtərəfli imtina kimi qiymətləndirilir və bu halda “AZERCELL” Abunəçi qarşısında heç bir məsuliyyət daşımadan Müqaviləyə xitam verir. Hər hansı səbəbdən Müqaviləyə xitam verilməsi Abunəçini müvafiq ləğv tarixinədək yaranmış borcların ödənilməsi öhdəliyindən azad etmir.

10.5. Müqaviləyə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə təsbit edilmiş əsas(lar)la da xitam verilə bilər.

11. “AZERCELL”İN DİGƏR HÜQUQ VƏ VƏZİFƏLƏRİ

11.1. “AZERCELL” Abunəçiyə göstərdiyi xidmətlərlə əlaqədar Abunəçinin bu Müqavilədə təsbit olunan hüquq və maraqlarına xələl gətirməyən qərarları barədə Abunəçini əvvəlcədən xəbərdar etməyə də bilər.

11.2. “AZERCELL” təchiz etdiyi xidmətlərin və/və ya telekommunikasiya şəbəkəsinin texniki göstəricilərində dəyişiklik etməkdə sərbəstdir. Telekommunikasiya şəbəkəsinə hər hansı bir dəyişiklik nəticəsində təklif edilən yeni xidmətlərə görə Abunəçi xidmətlərdən istifadə etmək üçün cihazını dəyişməli və ya ona hər hansı bir dəyişiklik etməli olarsa, bununla əlaqədar “AZERCELL”dən hər hansı bir təzminat almaq hüququna malik olmur.

11.3. “AZERCELL” Xidmətlərindən istifadə ilə bağlı ödənilməmiş borcu olan Abunəçi ilə digər əlavə bir və ya daha çox nömrənin istifadəsi barədə müqavilə bağlamaqdan imtina etmək hüququna malikdir və belə imtinaya görə məsuliyyət daşımır.

12. ABUNƏÇİNİN DİGƏR HÜQUQ VƏ VƏZİFƏLƏRİ

12.1.Abunəçi tərəfindən bu Müqavilə imzalanmaqla və nömrədən istifadəyə başlamaqla Müqavilənin bütün müddəaların, istifadə qaydalarına riayət etmək öhdəliyin qeyri-şərtsiz qəbul etmiş hesab edilir. Abunəçi “AZERCELL” xidmətlərindən, nömrədən istifadə zamanı qanunvericiliyin və bu Müqavilənin müddəalarına və istifadə qaydalarına riayət etməlidir.

12.2. Müqaviləni imzalamaqla Abunəçi təsdiq edir ki, cihazın istifadəsi ilə əlaqədar olan risklər barədə və xüsusən də, nəqliyyat vasitələrini idarə edərkən törədilə biləcək fəsadlar və təhlükələr, habelə cihazın digər həssas radio və elektron cihazlara, məsələn təbabətdə, hava nəqliyyatında və sair sahələrdə istifadə edilən avadanlığa arzuolunmaz təsiri barədə xəbərdar edilmişdir. Həmin avadanlıqların və cihazların istismarını həyata keçirən şəxslərə “AZERCELL” xidmətlərindən istifadə barədə göstərişlərə tam əməl edilməsi zərurəti izah edilmişdir və həmin göstərişlərə Abunəçi tərəfindən riayət edilməməsi “AZERCELL” üçün heç bir məsuliyyət yaratmır. Eyni zamanda tərəflər razılığa gəlirlər ki, hər hansı səbəbdən bu göstərişlərə əməl etməməsi ilə bağlı hər hansı bir məsuliyyət və ya öhdəlik əmələ gəldiyi halda Abunəçi cavabdehlik daşıyacaqdır.

12.3. SIM-kartdakı hər hansı bir eyniləşdirmə və ya digər texniki məlumatın surətinin çıxarılması yaxud bu cür məlumatın və ya SIM-kartın özünün aldatma, etibardan sui-istifadə etmə məqsədi ilə yaxud digər hər hansı bir qeyri-münasib qaydada istifadəsi qadağandır.

12.4. İstifadəyə götürülmüş nömrə telekommunikasiya şəbəkəsinə qoşulduğu andan etibarən, Abunəçi nömrəni geri qaytararaq qarşılığında ödədiyi pulun\çəkdiyi xərclərin qaytarılmasını və ya nömrə dəyişikliyini tələb etmək hüququndan məhrum olur.

12.5. Abunəçi bu Müqavilənin titul vərəqində əks olunmuş ona aid məlumatların doğruluğuna görə məsuliyyət daşıyır. Abunəçi həmin məlumatlarda baş vermiş dəyişikliklər barədə “AZERCELL”ə dərhal, lakin hər bir halda 10 (on) iş günündən gec olmayaraq xəbər verməlidir.

12.6. Hüquqi şəxs olan Abunəçinin adından Müqavilə ilə əlaqədar yazışma və hər hansı bir əməliyyatın həyata keçirilməsinə səlahiyyətli olan vəzifəli şəxslərin siyahısı (vəzifələri və səlahiyyətləri göstərilməklə), həmçinin səlahiyyətlərə xitam verildikdə (fiziki şəxs olan Abunəçilərlə münasibətlərə də şamil olunur) bu barədə də məlumat 10 (on) iş günü ərzində “AZERCELL”ə təqdim olunmalıdır. Abunəçi (fiziki və ya hüquqi şəxslər) tərəfindən verilən bu Müqavilə üzrə fəaliyyət göstərmək hüququnu təsdiq edən etibarnamə ləğv olunduqda və ya digər sənədlərin təsir qüvvəsinin itirilməsinə dair müvafiq məlumat təqdim edilməyənədək, Abunəçinin səlahiyyətli nümayəndəsinin göstərişlərinə əsasən “AZERCELL” tərəfindən həyata keçirilən əməliyyatlar lazımi qaydada icra olunmuş hesab olunur.

12.7. Abunəçi SIM-kartın və cihazın mülkiyyətçisidir və öz mülkiyyət hüquqlarına aid olan bütün riskləri qəbul edir və yuxarıdakı əşyaların itirilməsi və ya oğurlanması halında “AZERCELL”ə qarşı həmin əşyalarla bağlı, onların axtarılması və/və ya tapılması və yaxud həmin əşyalar üçün hər hansı bir əvəzin ödənilməsi ilə əlaqədar iddialar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan heç bir iddia irəli sürə bilməz.

12.8. Abunəçi təcili yardım xidmətlərinə (yanğından mühafizə, polis, təcili tibbi yardım, qaz qəza xidmətinə və s.) edilən pulsuz zənglərlə bağlı sui-istifadələrə yol verərsə, o, bu Müqavilənin 12.10-cu maddəsinə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

12.9. Qeyri-qanuni və ya Müqavilənin ziddinə əldə olunan hüquqları Abunəçi həyata keçirə bilməz. Belə hallar yarandıqda, xidmətlərə Müqavilə və yaxud “AZERCELL”in müəyyən etdiyi qaydalardan kənar qoşulmalar ləğv edilir. Həmçinin, hər hansı səbəbdən Müqavilə və yaxud “AZERCELL”in müəyyən etdiyi qaydalardan kənar əldə edilən məbləğlər “AZERCELL” tərəfindən silinir.

12.10. Abunəçi, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tətbiq olunan məsuliyyət daxil olmaqla, 12.8-ci və 12.9-cu maddələrdə qeyd olunan hallara görə “AZERCELL”in mobil telekommunikasiya şəbəkəsindən qeyri-münasib istifadəsi üçün müvafiq danışıq məbləğlərinin ödənilməsinə razılıq verir. Abunəçi razılaşır ki, 12.8-ci, 12.9-cu və bu maddədə qeyd olunan sui-istifadəyə görə hesablanmış müvafiq danışıq məbləğləri Abunəçi tərəfindən ödənilməzsə, “AZERCELL” Abunəçinin nömrəsinə xidmət göstərilməsini dayandıra (Bu Müqavilənin 8-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Abunəçi tərəfindən sui-istifadə nəticəsində müvafiq danışıq məbləğləri ödənilənədək) bilər.

12.11. İstifadə etdiyi SIM-kart və cihazlar oğurlandıqda, yaxud itirildikdə Abunəçi tərəfindən hüquq-mühafizə orqanlarına dərhal bu haqda məlumat verilməlidir.

12.12. Hüquqi şəxs statusuna malik olan Abunəçi, SIM-kart və cihazı istifadəsinə verdiyi fiziki şəxslərin fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədin surətinin “AZERCELL”ə təqdim edilməsini təmin edir.

13. “AZERCELL”İN MƏSULİYYƏTİ

13.1. “AZERCELL” yalnız öz təqsirli hərəkətləri nəticəsində baş verən real zərər üçün qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti daşıyır. Digər hallarda “AZERCELL” Abunəçiyə dəyən hər hansı zərərə görə heç bir məsuliyyət daşımır.

13.2. “AZERCELL” telekommunikasiya şəbəkəsindən və ya cihazdan, yaxud onun aksessuarlarından (ləvazimatından) qeyri-münasib/qanunsuz istifadəyə və ya SIM-kartın “AZERCELL” tərəfindən məqbul hesab edilməmiş cihazda istifadəsinə görə, həmçinin qeyri-münasib istifadə nəticəsində yararsız hala düşmüş cihaza və ya SIM-karta görə də məsuliyyət daşımır.

13.3. “AZERCELL” cihazdakı, habelə onun ticarət nümayəndəsi tərəfindən həyata keçirilməmiş satış və ya digər əməliyyat vasitəsi ilə Abunəçiyə verilmiş SIM-kartdakı hər hansı bir qüsura görə məsuliyyət daşımır və belə SIM-kartın telekommunikasiya şəbəkəsinə qoşulmasından imtina etmək hüququ var.

13.4. “AZERCELL” telefon danışıqları və ya mesajların (İnternet şəbəkəsi üzərindən və ya digər operatorların şəbəkəsindən istifadə edilməklə həyata keçirilənlər də daxil olmaqla) məzmunu ilə bağlı yaranan zərərə görə məsuliyyət daşımır. “AZERCELL” tərəfindən təqdim edilən İnternet xidmətindən istifadə edərək və ya cihazda mövcud olan digər texniki imkanlar vasitəsi ilə əldə olunan materiallara, xidmətlərə, məlumatlara və s. görə “AZERCELL” məsuliyyət daşımır.

13.5. “AZERCELL” telekommunikasiya şəbəkəsindən istifadə etməklə üçüncü şəxs(lər) tərəfindən göstərilən xidmətlər və ya belə xidmətlərə görə verilən hesablar habelə, üçüncü şəxs(lər) tərəfindən rabitəyə müdaxiləyə görə məsuliyyət daşımır.

14. ABUNƏÇİNİN MƏSULİYYƏTİ

14.1. Abunəçi təqsirli olaraq “AZERCELL”ə vurduğu zərərə və bu Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam və ya lazımınca yerinə yetirilməməsinə görə “AZERCELL” qarşısında qanunvericilikdə nəzərdə tutulan qaydada tam həcmdə məsuliyyət daşıyır.

14.2. “AZERCELL”in telekommunikasiya xidmətlərindən və/və ya nömrədən (qanunvericiliklə və bu Müqavilə ilə qadağan edilmiş hallar da daxil olmaqla) istifadə ilə əlaqədar olaraq “AZERCELL” qarşısında yalnız Abunəçi (yaxud onun varisləri) məsuliyyət daşıyır və qüvvədə olan qanunvericiliyə əsasən özünün bütün əmlakı ilə cavabdehdir.

14.3. Abunəçiyə telekommunikasiya şəbəkəsinin işinə müdaxilə edən və ya hər hansı şəkildə mənfi təsir göstərə bilən cihazdan istifadə etmək qadağan edilir. Cihazlara edilən dəyişikliklər, “AZERCELL” və/və ya müvafiq səlahiyyətli orqan(lar) tərəfindən məqbul hesab edilməmiş cihazın işlədilməsi, telekommunikasiya şəbəkəsinə icazəsiz müdaxilə, telekommunikasiya şəbəkəsinin korlanması və ya telekommunikasiya xidmətlərinin təchizatının pisləşməsinə, yaxud dayanmasına yol açarsa, bu səbəbdən “AZERCELL”ə dəyən bütün və hər hansı zərərə görə (o cümlədən, üçüncü şəxslərə ödənilən zərər və/və ya təmir xərcləri də daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan) Abunəçi “AZERCELL” qarşısında özünün bütün əmlakı ilə məsuliyyət daşıyır.

15. FORS-MAJOR

15.1. Tərəflər, fors-major səbəblərinə görə bu Müqavilənin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz öhdəliklərini tam və lazımınca təmin edə bilmədikdə, əlaqədar məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər və həmin öhdəliyin icrası vaxtı baş vermiş fors-major halının müddəti qədər uzadılır. Yalnız fors-major halları bitdikdən dərhal sonra Tərəflər biri-birinə qarşı olan öhdəliklərini, Abunəçinin fors-major zamanı yaranmış borcunu ödənilməsi vəzifəsi daxil olmaqla, daşımaqda davam edirlər.

15.2. Bu maddədə “fors-major” termininin işlədilməsi təbii fəlakət, partlayışlar, yanğınlar, müharibə, hərbi müdaxilə, inqilablar, vətəndaş iğtişaşları və s. analoji hadisələr, dövlətin, bələdiyyənin və digər səlahiyyətli orqanların aktları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli ölkə tərəfindən qeyri-mümkün ola bilən hadisələri, bu göstərilən və ya digər hər hansı səbəblərdən telekommunikasiya şəbəkəsindən istifadənin onun texniki imkanlarının aşması və/və ya Tərəflərin ağlabatan şəkildə nəzərə ala bilməyəcəkləri digər öncədən görülməsi mümkün olmayan və/və ya Tərəflərin nəzarəti xaricində olan (o cümlədən texniki səbəblərdən irəli gələn hallar da daxil olmaqla) hallar və/və ya adi şəraitdə normal qayğı və diqqət sayəsində aradan qaldırıla bilməyən və sair halları özündə cəmləşdirir.

16. ƏLAVƏ ŞƏRTLƏR

16.1. Müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər “AZERCELL” tərəfindən KİV vasitəsi ilə bildirildikdən sonra, 10 (on) iş günü ərzində Abunəçi tərəfindən yazılı surətdə etiraz bildirilməzsə, onun tərəfindən qəbul edilmiş sayılır və Tərəflər arasındakı münasibətlərə tətbiq olunur. KİV vasitəsi ilə bildiriş dedikdə Azərbaycanın bütün ərazisində yayımlanan hər hansı rəsmi qəzet və ya televiziya kanallarında müvafiq məlumatın yayılması başa düşülür. KİV vasitəsi ilə bildirişlə yanaşı “AZERCELL” Müqaviləyə edilmiş əlavə və dəyişikliklər barədə Abunəçiyə digər üsullarla da, məsələn qısa mesaj, elektron poçt (əgər Abunəçi tərəfindən bildirilibsə), poçt və s. üsullarla bildiriş göndərə bilər. Əlavə olaraq Abunəçi əlavə və dəyişikliklərin mətni ilə “AZERCELL”in Müştəri Xidmətləri məntəqələrində və “AZERCELL”in təyin etdiyi digər yerlərdə (əgər olarsa) tanış ola bilər. “AZERCELL” tərəfindən KİV vasitəsi ilə edilən dəyişikliklərə Abunəçi tərəfindən 10 (on) iş günü ərzində “AZERCELL”ə yazılı etiraz bildirilərsə, Abunə Müqaviləsinə xitam verilir.

16.2. Abunəçi bununla razılaşır və təsdiq edir ki, “AZERCELL” tərəfindən əlavə və dəyişiklik edilməsi bərədə Abunəçiyə hər hansı KİV-də bildirilməsi Abunəçinin dəyişikliklər barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsi hesab edilir.

16.3. Müqavilə müddəalarında bildiriş verilməsi, məlumat verilməsi, xəbərdarlıq edilməsi dedikdə yazılı, həmçinin müxtəlif telekommunikasiya vasitələri ilə və ya KİV-də hər cür məlumatlandırma nəzərdə tutulur.

16.4. “AZERCELL” tərəfindən hər hansı səlahiyyətin, hüququn, müdafiə vasitəsinin, ixtiyarın və bu Müqavilə üzrə malik olduğu digər maraqların həyata keçirilməməsi və ya həyata keçirilməsində ləngimə onların təkrarən, yaxud gələcəkdə həyata keçirilməsinin qarşısını almır və Müqavilə üzrə hər hansı digər hüquqlardan imtina sayıla bilməz.

16.5. Tərəflər arasında mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilir. Qarşılıqlı razılaşma yolu ilə həll edilməyən mübahisələr, aidiyyatı üzrə müvafiq məhkəmə tərəfindən həll edilir. Bu maddənin tələblərinə baxmayaraq, Abunəçi tərəfindən hər hansı bir öhdəlik pozulduğu halda “AZERCELL” məhkəməyə müraciət etməzdən əvvəl onu yazılı və ya şifahi yaxud hər hansı digər vasitə ilə xəbərdar etmək vəzifəsini daşımır.



16.6. Tərəflər razılığa gəlirlər ki, bu Müqavilədən və istifadə qaydalarından irəli gələn və bu Müqavilə ilə əhatə olunmayan münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənəcəkdir.

Page of

Yüklə 81,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə