АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №2, səh. 75-79 (2015)
75
Abşeronda Meyvə Bağlarına Zərərverən Başlıca Qabıqyeyən Böcəklər
(Coleoptera, Ipidae) və Onların Bioekoloji Xüsusiyyətləri
K.B. İsayeva
AMEA Zoologiya İnstitutu, A.Abbaszadə kücəsi, məhəllə 504, kecid 1128, Bakı1073, Azərbaycan;
E-mail: nauka-205@mail.ru
Məqalədə Azərbaycanda qeydə alınmış 89 növ böcəkdən Abşeronda meyvə bağlarına zərərverən 5 növ
qabıqyeyənin bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyətləri haqda məlumatlar verilir. Bu
böcəklər Abşerondakı meyvə, üzüm və zeytun bağları üçün ciddi təhlükədir. Onlar nəinki zədələnmiş
ağaclara, hətta sağlam ağaclara belə hücum edir. Ağacların gövdəsini zədələyir və bitkinin quruyaraq
məhvinə səbəb olur.
Açar sözlər: Coleoptera, Ipidae, qabıqyeyən, Abşeron, sürfə, pup
GİRİŞ
Müasir dövrün əsas problemlərindən biri eko-
loji çirklənmələrin demək olar ki, maksimum həddə
çatmasıdır. Digər tərəfdən isə dünyada əhali sıxlığı
durmadan artır. Buna gorə də əhalinin ərzaq məh-
sulları ilə etibarlı təminatı, ərzaq məhsullarının eko-
loji təmizliyi və təhlükəsizliyi dövrümüzün aktual
problemlərindəndir.
Azərbaycan Respublikası Prezidentinin 2008-
2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məh-
sulları ilə etibarlı təminatına və ərzaq məhsullarının
təhlükəsizliyinə dair “Dövlət proqramlarının həyata
keçirilməsi sahəsində keyfiyyətli meyvə məhsulları
yetişdirilməsi və yeni bağların yaradılması işləri
günü-gündən genişlənir.
Azərbaycanda, o cümlədən Abşeron ərazisin-
dəki meyvə bağlarında çox qiymətli yerli və intro-
duksiya olunmuş meyvə ağacları becərilir. Bu mey-
vələrin əksəriyyəti həm də insanlar üçün müalicəvi
əhəmiyyət kəsb edir. Buna görə də onların qorun-
masına, bərpasına və məhsuldarlığının artırılmasına
xüsusi diqqət yetirilir. Yüksək məhsuldarlıq əldə
etmək üçün geniş tədbirlər planı hazırlanıb həyata
keçirilir.
Abşeronda meyvə bağları və meyvəçilik təsər-
rüfatları hər il çoxlu sayda zərərverici həşaratlar tə-
rəfindən ciddi ziyana məruz qalır. Bu zərərverici
həşaratlar içərisində qabıqyeyən böcəklər (Coleop-
tera, İpidae) xüsusi yer tutur.
MATERİAL VƏ METODLAR
Materialların toplanması və işlənməsi 2013-
2014-cü illərdə çöl və laboratoriya şəraitində həyata
keçirilmişdir.
Stasionar məntəqələr kimi Abşeron rayonunun
Masazır qəsəbəsi (stasionar-1), Bakı kəndləri –
Fatmeyi, Bülbülə, Hövsan (stasionar-2) və Hövsan
qəsəbəsində “Zeytunluq” (stasionar-3) adlanan əra-
zi seçilmişdir (Şəkil 1).
Zərərvericilərin növ tərkibini və morfoloji əla-
mətlərini müəyyən etmək üçün MBS-1 və MBS-9
mikroskop-lupadan, “Biolam” mikroskopundan,
“Canon” digital fotoaparatından, “İSO-901” marka-
lı termostatdan, termometrdən istifadə edilmişdir.
Şəkil 1. Materialın toplandığı meyvə bağı
(Masazır qəsəbəsi).
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Qabıqyeyən böcəklər ağacla sıx bağlı olan bö-
cəklərdir. Onların kiçik, silindr formalı bədəni və
kiçik başı var. Ədəbiyyat məlumatlarına əsasən,
keçmiş SSRİ-də 300 növü, Azərbaycanda isə 89
növü yayılmaqla, ağacların qabığı altında yaşayır
və zərər verirlər. (Самедов, 1963) Azərbaycanda
ağaclara ciddi zərərverən növlərdən 8 növün bio-
ekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti öy-
rənilmişdir. (Məmmədov və b., 2014) Onların ağac-
lara vurduğu zərərin hesabına, ağaclar texniki və
fizioloji cəhətdən zəifləyir və məhv olurlar. Sürfə-
lərin inkişafı qabıqaltında və gövdə üzərində, bəzən
də zoğ və kök hissələrdə gedir. Böcəklərin rəngi
adətən şabalıdı, qara və bozdur. Bədən möhkəm
Abşeronda Meyvə Bağlarına Zərərverən
76
qanadüstlüyü ilə örtülüb ki, onun da altında yaxşı
inkişaf etmiş qanadlar var. Onların köməyi ilə bö-
cəklər uçurlar. Yumurtaları ağ və balacadır. Sürfə-
ləri ətli, ayaqsız, bir az əyilmiş, aydın görünən tünd
rəngli baş hissədən ibarətdir. Tüksüz və ya az tük-
lüdür. Pupları ağ rəngdədir.
Qabıqyeyənlərin bədəninin quruluşu onların
həyat tərzi ilə sıx əlaqədardır. Belə ki, onların həyat
tərzi gizlin, ağacların qabığı altında keçir. Orada
onlar müəyyən formalı yollar (izlər) qoyurlar. Hər
bir növ qabıqyeyənin özünəməxsus sadə və mürək-
kəb izləri olur. Sadə izlər bir kanaldan ibarət olur
ki, bu da dişi böcək tərəfindən qoyulur. Onlar uzu-
nuna və eninə olurlar. Mürəkkəb izlərdə bir neçə
kanal olur və onlar eninə və uzununa istiqamətli, ul-
duzvari və şüa formalı olurlar.
Xarici görünüşünə görə qabıqyeyənlər öz
aralarında üç yerə bölünürlər: Lifyeyənlər, odun-
caqyeyənlər və əsl qabıqyeyənlər. Lifyeyənlərin
bədəninin arxa tərəfi bir çox böcəklərdə olduğu ki-
mi qabarıq və yumrudur. Əsl qabıqyeyənlərdə bə-
dənin arxa tərəfində dişciklərlə əhatə olunmuş çö-
kəklik vardır ki, bu da səbəti və ya uşaq arabasını
xatırladır. Dişciklərin forması hər bir növ üçün özü-
nəməxsus və fərqlidir.
Qabıqyeyənlərin fəaliyyəti adətətən yazda baş-
layır və yayın ortalarına qədər davam edir. İlk ola-
raq aprel ayının axırlarında küknar lifyeyənləri və
küknarda yaşayan digər qabıqyeyənlər uçmağa baş-
layırlar, sonra isə şam ağacında yaşayan qabıqye-
yənlər uçur. Qabıqyeyənlərin hamısı çoxalma döv-
ründə birliklər qururlar. Bəzi növlər monoqam bir-
liklər, yəni bir erkək və bir dişidən ibarət olan bir-
lik, qalanları isə poliqam birlik, yəni bir erkək və
bir neçə dişidən ibarət olan birliklər yaradırlar (Во-
ронцов, 1967).
Aparılan tədqiqatlara əsasən Abşeron rayonun-
da meyvə bağlarına ciddi zərərverən qabıqyeyən
böcəklərin bir neçə növü və onların bioekologiyası
haqda məlumat veririk.
1. Scolytus rugulosus (P.W.J. Mueller, 1818)-
Qırışıqlı qabıqyeyən .
Qırışıqlı qabıqyeyən meyvə ağaclarına zərər-
verən qabıqyeyənlər içərisində ən geniş yayılmış və
çoxsaylı növdür. Xüsusilə də meyvə ağacları geniş
yayılmış olan ərazilərdə bu növə olduqca tez – tez
rast gəlinir. Fatmeyi, Bülbülə və Hövsan kəndlərin-
dəki meyvə bağlarında apardığımız müşahidələr
zamanı məlum oldu ki, ilkin zərərvericilərlə yolu-
xan ağacları ot, alaq basır və bu da ağacın zəifləmə-
sinə səbəb olur. Nəticədə qırışıqlı qabıqyeyənlər bu
ağaclarda daha sürətlə məskunlaşa bilirlər.
Qırışıqlı qabıqyeyənlərdə uçuş və yumurtaqoy-
ma təxminən bir ay çəkir. Yumurta mərhələsi təx-
minən 10-14 gün, sürfə mərhələsi 15-20 gün, pup
mərhələsi isə 10-14 gün çəkir. Beləliklə, bir nəslin
inkişaf tsikli 1,5-2 ay çəkir. Daha sonra isə əlavə
qidalanma dövrü başlayır ki, bu da cinsiyyət siste-
minin tam inkişafı üçün vacibdir. Bu dövr ağacın
qabığı altda keçir.
Qışlamış sürfələr aprel ayında puplaşmağa
başlayırlar. Şimal rayonlarında puplaşma aprelin
əvvəllərində başlayır və mayın sonunadək davam
edir (Самедов, 1963). Yetkin böcəklərə aprelin so-
nu və mayın əvvəli rast gəlinir. Onların kütləvi
uçuşları may ayının əvvəli ya da ikinci yarısı və
hətta iyunun əvvəllərinə təsadüf edə bilər. Yay vax-
tı Bakı kəndləri və Masazır qəsəbəsindəki meyvə
bağlarındakı zədələnmiş ağaclarda adətən eyni
vaxtda həm pup, həm sürfə və həm də yetkin fərdə
rast gəlinir. Puplaşma və yetkin fərdin əmələ gəlmə
mərhələləri aydın seçilir. Bu dövrdə böcəklərin sayı
nəzərəçarpacaq dərəcədə artır və bunların uçuş
dəlikləri yaranır.
Bizim apardığımız müşahidələrin nəticəsində
qırışıqlı qabıqyeyənin bir ildə iki generasiyası mə-
lum olmuşdur. Bunlar yaz generasiyası və yay-
payız generasiyası adlanırlar. Bu növ sürfə mərhə-
ləsində qışlayır. Hətta cənuba doğru getdikcə de-
mək olar ki, bəzən yetkin fərdlər qışlayır. Cünki,
yüksək temperaturda növün inkişafı payız aylarında
belə davam edir (Самедов, 1963).
Şəkil 2. Qırışıqlı qabıqyeyənin alma ağacının
budaqlarında açdığı yollar:
A, B – qabıqda; C, D – oduncaqda.
Abşeron ərazisindəki meyvə bağlarında apar-
dığımız müşahidələrdən görünür ki, bu növ qabıq
və oduncaqda sürfə və yetkin fərdlər üçün yollar
açır və bununla da ağaca ciddi zədə vurur (Şəkil 2).
Bu cür zədələrə müxtəlif meyvə ağaclarında da rast
gəlinir.
Alma, gavalı, heyva, armud, alça, ərik, şaftalı,
gilas kimi meyvə ağacları ciddi zərər görür və vax-
tında tədbir görülmədikdə yoluxmuş ağaclar quru-
K.B. İsayeva
77
yaraq məhv olur. Bu növ hətta yabanı bitən alma,
armud, zoğal ağaclarına da ziyan vura bilir.
Apardıgımız müşahidələr zamanı qırışıqlı qa-
bıqyeyənə Abşeron ərazisində hətta üzüm tənəklə-
rində də rast gəlindi. Bəzən bu növ sağlam ağaclara
belə yoluxur. Yeni əkilmiş iki və üç illik ağaclar da
qırışıqlı qabıqyeyən tərəfindən ciddi zərər görürlər.
2. Scolytus amygdali (Guerin-Meneville, 1874)
- Badam qabıqyeyəni.
Badam qabıqyeyəni meyvə ağaclarının cavan
budaqlarını və tumurcuqlarını gəmirərək bitkilərə
ciddi ziyan vurur. Bu növ badam, alma, armud, ga-
valı, ərik, gilas, əzgil kimi faydalı meyvə ağacları
üçün ciddi təhlükə hesab olunur. Belə ki, bu növlə
yoluxma zamanı ağacların gövdə və budaqları güc-
lü zədələnmə nəticəsində sürətlə quruyur (Добро-
вольский, 1951). Cavan ağacların yoluxması za-
manı isə inkişafdan qalma və bəzən də ağacın məh-
vi müşahidə olunur. Abşeron ərazisindəki meyvə
bağlarında bitən badam, püstə, əzgil ağaclarında
çox tez-tez müşahidə olunur.
3.Scolytus mali (Bechstein, 1805) - Alma qa-
bıqyeyəni və ya böyük qabıqyeyən
Alma qabıqyeyəni çox geniş yayılmış və təh-
lükəli bir növdür. Dəniz səviyyəsindən 1300 m
hündürlüyə qədər olan ərazilərdə rast gəlinir. Bakı
kəndləri və Masazır qəsəbəsindəki meyvə bağların-
da aparılan müşahidələr zamanı bu növə olduqca
tez-tez rast gəlinmişdir.
Qışlamış sürfələrin puplaşması mayın birinci
ongünlüyündə başlayir. Böcəklərin uçuşu isə mayın
axırına təsadüf edir. Bəzən puplaşma aprel və may
aylarına da təsadüf edə bilər. Həmçinin aprelin sonu
və may ayında yeni böcəklərin çıxması da müşahidə
olunur. Bu hadisə mayın ikinci ongünlüyündə daha
da intensiv olur. İyul ayının ortalarından etibarən
pupların sayının artması, uçuş dəliklərinin meydana
çıxması və yetkin böcəklərin çıxması başlayır. Bu
alma qabıqyeyəninin cənub bölgələrində bir ildə iki
generasiyasının oldugunu ehtimal etməyə əsas verir
(Крыжановский, 1974). Belə ki, əksər qabıqyeyən-
lərin bir ildə 1 və ya 2 nəsil verdikləri məlumdur.
Bəzən birinci il alma qabıqyeyəninin sürfələri, bö-
cəyə çevrilə bilmir, ağacın qabığı altında qışlayır və
aşağı temperaturda donurlar. Qar örtüyünə görə
onlar az zərər görürlər. Alma qabıqyeyəninin soyuğa
davamlılığı onların qışlama xüsusiyyətləri ilə sıx
bağlıdır. Belə ki, cavan böcəklər, sürfə və pup halın-
da, ağac qabığı altında öz yuvalarında qışlayanlar,
aşağı temperatura müxtəlif yanaşırlar. Həmçinin
yüksək yay temperaturları da alma qabıqyeyəninin
sürfə və pupları üçün öldürücü təsir göstərə bilər.
Çox vaxt günəş şüalarının təsiri ilə, iyunda ağac
qabığı altında alma qabıqyeyəninin inkişafına lazım
olan istilik həddindən yuxarı qalxır ki, bu da onların
sürfələrinin məhvinə səbəb olur.
Sürfələr inkişaflarının orta və ya son mərhələ-
lərində qışlayırlar. Alma, heyva, gavalı, armud,
ərik, şaftalı kimi təsərrüfat əhəmiyyətli ağaclara
ciddi ziyan vurur. Hətta yabanı halda bitən cır alma,
armud və alçaya da zərər verir. Zoğal ağacında da
bu növlə yoluxma halları müşahidə olunur. Ən bö-
yük zərəri isə alma və gavalı ağaclarına verir. Alma
qabıqyeyəni əsasən gövdə və qalın budaqların qa-
bıq və oduncağında iri yollar açır. Müqayisa üçün
qeyd edək ki, qırışıqlı qabıqyeyən eyni ağacın daha
nazik budaqlarında məskunlaşırdı (Самедов, 1963).
Bu növ tərəfindən vurulan ziyanın miqyası ol-
duqca böyükdür. Masazır qəsəbəsindəki meyvə
bağlarında olarkən müşahidə etdik ki, hər hansı bir
səbəbdən zədələnmiş istənilən ağac qırışıqlı qabıq-
yeyən və alma qabıqyeyəninə yoluxur və bununla
da məhv olur. Bu səbəblərdən biri kimi Masazır
qəsəbəsində müşahidə olunan quraqlığı göstərmək
olar. Belə ki, quraqlıq səbəbindın zəifləmiş ağaclara
hücum edən böcəklər orada asanlıqla məskunlaşır-
lar və ağac qabığı və oduncağını zədələyərək ağacın
tamamilə məhv olmasına şərait yaradırlar. Bizim əl-
də etdiyimiz məlumatlar alma qabıqyeyəninin fəa-
liyyətini və vurduğu ziyanın miqyasını qiymətlən-
dirmək üçün çox azdır. Lakin apardığimız müşahi-
dələrdən o nəticəyə gəlmək olur ki, istənilən bağ və
ya meşəlik ərazidə olan zədələnmiş ağac alma qabıq-
yeyəninə asanlıqla yoluxur və qabıqyeyən tərəfindən
oduncağı ciddi zədələnərək quruyub məhv olur.
Abşeron ərazisində alma qabıqyeyəniylə yo-
luxma hallarına tez-tez rast gəlinir. Meyvə bağları
ciddi ziyan görür. Fərdi və ya təsərrüfat əhəmiyətli
bağlarda məhsuldarlıq nəzərəçarpacaq dərəcədə
aşağı düşür. Bəzən isə nəzarətdən kənar qalmış əra-
zilərdə kütləvi yoluxma zamanı meyvə bağlarının
kütləvi quruyaraq məhvinə səbəb olur.
4. Hylesinus toranio (D'Anthoine, 1788) - Zey-
tun qabıqyeyəni.
Zeytun ağacı Abşeron ərazisi üçün olduqca
xarakterik bir bitkidir. Bu bitkidən bölgədə aparılan
yaşıllaşdırma və torpaq bərkitmə işlərində geniş
miqyasda istifadə edilir. Həmçinin zeytun bitkisi
böyük təsərrüfat əhəmiyyətinə malikdir. Belə ki, bu
bitkinin meyvələrindən tibdə dərman preparatları-
nın hazırlanmasında və sənayedə yağ alınması üçün
istifadə olunur.
Abşeron rayonunun mövcud iqlim şərtləri
zeytun bitkisi üçün olduqca əlverişlidir. Bu səbəb-
dəndir ki, Abşeron rayonu ərazisindəki park və
yaşıllıqlarda və həmçinin fərdi meyvə bağlarında
bu bitkiyə tez-tez rast gəlirik. Bakı kəndlərində
fərdi bağlarla yanaşı təsərrüfat əhəmiyyətli böyük
zeytun bağları da mövcuddur ki, bu bağların ərazisi
yüz hektarlarla ölçülür. Lakin bu qiymətli bitki də,
qabıqyeyənlərin hücumuna məruz qalır. Abşeron
rayonu ərazisində apardığımız müşahidələr zamanı
Abşeronda Meyvə Bağlarına Zərərverən
78
qabıqyeyən böcəklərin hücumuna məruz qalmış
çoxlu sayda zeytun ağacları müşahidə etdik.
Zeytun qabıqyeyəninə demək olar ki, bütün
meyvə bağlarında və meşə sahələrində rast gəlinir.
Bu növ zeytun təsərrüfatları üçün ciddi təhlükə
hesab olunur. Hətta yabanı halda bitən zeytun və
iydə ağaclarını belə zədələyir (Добровольский,
1951). Bu növün zeytun agaclarına ciddi zərəri mə-
lumdur. Zeytun qabıqyeyəni də sürfə mərhələsində
qışlayır. Yetkin fərdlərin uçuşu digər qabıqyeyən-
lərlə müqayisadə bir az gec baş verir. Böcəklərin
kütləvi uçuşu iyun ayına təsadüf edir. Bu zaman
istər zeytun bağları və istərsə də pərakəndə halda
bitən zeytun və iydə ağacları ciddi zərər görür.
Böcəklər ağacların qabığı altında və oduncağında
yaşayırlar və burada öz həyat fəaliyyətləri üçün
zəruri olan yollar açırlar ki, bunun da nəticəsində
ağacın yuxarı hissəsini ağacın kökü ilə əlaqələndi-
rən yollar zədələnir. Bu zaman zeytun ağaclarının
çətir hissəsi zəifləməyə və qurumağa başlayır. Vax-
tında müdaxilə olunmadıqda ağac tamamilə quru-
yur və məhv olur.
Zeytun qabıqyeyəninə sağlam ağaclarda de-
mək olar ki, rast gəlinmir. Bu böcəklər hər hansı bir
səbəbdən zəifləmiş ağaclarda çox asanlıqla məs-
kunlaşırlar. Məlumdur ki, Abşeron rayonu ərazisin-
də daima güclü küləklər müşahidə olunur və əksər
hallarda bu küləklər ərazidəki bitkilərə ciddi ziyan
vurur. Bu zaman zədələnmiş zeytun ağaclarına qa-
bıqyeyən böcəklər hücum edirlər və ağacın zədə-
lənmiş hissəsindən asanlıqla qabıqaltına və gövdəyə
yollar açırlar.
Abşeronda xeyli sayda zeytun təsərrüfatları
mövcud olduğuna görə burada zeytun qabıqyeyəni
daha intensiv müşahidə olunur. “Zeytunluq” adla-
nan ərazidəki müşahidələr zamanı məlum oldu ki,
zeytun qabıqyeyəni buradakı əksər zeytun ağacları-
nın gövdəsini zədələyir və beləliklə ağacın qidalan-
masını pozaraq qurumasına səbəb olur.
5. Hypoborus ficus (Erichson, 1836)-Əncir
qabıqyeyənı.
Əncir bitkisi Abşeron ərazisi üçün olduqca
xarakterikdir. Belə ki, bu ərazidəki meyvə bağların-
da bu bitkiyə çox tez-tez rast gəlinir. Əncir ağacı da
hər il külli miqdarda qabıqyeyən böcəklərin hücu-
muna məruz qalır. Ona görə də bu bitkiyə qabıq-
yeyən böcəklər tərəfindən vurulan zərərin qarşısının
alınması vacibdir.
Əncir qabıqyeyəni əncir ağacının gövdə və bu-
daqlarını ciddi zədələyir. Hətta müşahidələr zamanı
bu qabıqyeyənə tut ağacı və üzüm tənəklərində belə
rast gəlinmişdir. Xüsusilə zədələnmiş və zəifləmiş
ağaclara hücum edən böcəklər bitkinin tamamilə
məhvinə səbəb olur. İldə iki, bəzən hətta üç nəsil
verir. Eyni zamanda əncir qabıqyeyəni Phomopsis
cinerascens – adlanan göbələyin sporlarının daşıyı-
cısıdır ki, bu da “əncir xərçəngi” adlanan xəstəliyə
səbəb olur və bitkini məhvə aparır.
Beləliklə, bu məqalədə Abşeron ərazisindəki
stasionar məntəqələrimizdə (Masazır və Hövsan
qəsəbələri və Bakı kəndləri) apardığımız müşahi-
dələr zamanı çox tez-tez rast gəlinən qabıqyeyən
böcəklərin bir neçə növü və onların bioekologiyası
haqda məlumat veririk. Hansı ki, bu qabıqyeyən
böcəklər bitkilər üçün olduqca təhlükəlidir. Yuxa-
rıda da qeyd etdiyimiz kimi ağacların qabıq və
oduncaq toxumalarıyla qidalanan bu böcəklər bura-
da özlərinə yollar açırlar. Bunun nəticəsində isə
ağac toxuması hüceyrələrinin bir-biriylə əlaqəsi kə-
silir və toxuma ciddi zədələnir. Gövdə hissəsindən
zədələnmiş ağacın yuxarı hissəsinin su və mineral
maddələrlə təminatı kəsilir və ya zəifləyir. Beləliklə
də, ağac qismən və ya tamamilə quruyur. Vaxtında
tədbir görülmədikdə bu zərərvericilərin hücumu
nəticəsində çox böyük hektarlarla yaşıllıq ərazilər
məhv olma təhlükəsiylə üzləşir. Məhz bu səbəblər-
dəndir ki, bu sahədə geniş mübarizə tədbirlərinin
aparılması tələb olunur.
ƏDƏBİYYAT
Əliyev S.V. (2004) Sərtqanadlılar və ya böcəklər
dəstəsi. Azərbaycan heyvanlar Aləmi, II cild,
Bakı: Elm, 158-160 s.
Məmmədov Z.M., Atayeva R.S., Muradova E.
M. (2014) Şəki-Zaqatala bölgəsində meyvə və
meşə ağaclarına zərərverən qabıqyeyən böcəklər.
(Coleoptera, Ipidae). Zoologiya institutunun əsər-
ləri, 32(№ 2): 134 -139.
Добровольский Б.В. (1951) Вредные жуки.
Ростов-на-Дону: Ростиздат, 437 с.
Воронцов А.И. (1967) Лесная энтомология.
Москва. Высшая школа: 399 с.
Крыжановский О.Л. (1974) Жесткокрылые. /
Насекомые и клещи - вредители сельскохозяй-
ственных культур. Том 2. Л.: Наука, 336 с.
Определитель насекомых европейской части
СССР (1965) Том 2: Жесткокрылые (Coleop-
tera) и веерокрылые. М.-Л.: Наука, 668 с.
Самедов Н.Г. (1963) Фауна и биология жуков,
вредящих сельскохозяйственным культурам в
Азербайджане. Баку: АН Азерб. ССР, 384 с.
K.B. İsayeva
79
Жуки-Короеды (Coleoptera, Ipidae) Фруктовых Садов Абшерона
И Их Фенологические Особенности
К.Б. Исаева
Институт зоологии НАНА
В статье впервые представлен материал о фенологических особенностях и о хозяйственном значении
5 видов короедов, вредителей фруктовых деревьев Абшерона. Эти насекомые являются серьезной
угрозой для фруктовых, виноградных и оливковых деревьев Абшерона. Они повреждают стволы
деревьев, в результате чего деревья высыхают и полностью уничтожаются.
Ключевые слова: Coleoptera, Ipidae, короеды, Абшерон, личинка, куколка
The Bark Beetles (Coleoptera, Ipidae) Of Absheron Gardens And Their Phonological Features
K.B. Isaeva
Institute of Zoology, ANAS
For the first time data on the phonological characteristics and economic importance of the 5 species of bark
beetles, pests of fruit trees of Absheron have been presented. These insects are a serious threat to fruit, grape
and olive trees of Absheron. They damage the trunks of trees, resulting in drying and complete destroying of
the trees.
Key words: Coleoptera, Ipidae, bark beetles, Absheron, larva, pupa
Dostları ilə paylaş: |