“525-ci qəzet”. 2012. 20 oktyabr.№192. S. 28-29. Eposumuz, bədii düşüncəmiz və etnopoetikamız Mahmud Allahmanlı



Yüklə 171,42 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü171,42 Kb.
#77060


“525-ci qəzet”.-2012.-20 oktyabr.-№192.-S.28-29.

Eposumuz, bədii düşüncəmiz və etnopoetikamız

Mahmud Allahmanlı

filologiya elmləri doktoru, professor

Türk  xalqlarının  şifahi  düşüncəsində    mühüm  bir  hissəni  dastanlar  təşkil  edir.  Onun  öyrənilməsi,  tədqiqi

istiqamətdə  günümüzə  qədər  xeyli  işlər  görülüb  və  indi  də  görülməkdədir.  On  doqquzuncu  yüzillikdən  bu  yana

xalq  ədəbiyyatının    toplanması,  nəşri  və  tədqiqi    sahəsində  lazımi  qədər  ləyaqətli  işlər  görülüb.  Düzdü,  son

dövrlərdə bu müqəddəs işə müəyyən haram əllər uzadılıb, özündən folklor düzəltmə işləri olub. Elə dastanlarımızın

toplanması, nəşri və tədqiqində də bu cür hallar müşahidə olunur. Məsələn, “Koroğlu” dastanının  son dövrlərdəki

nəşrləri, ayrı-ayrı variantlarının ortaya  çıxması və  s.  Bunlar  heç  bir  yaxşılıqdan  xəbər  vermir.  Hətta  onu  da  əlavə

edək  ki,    son  dövrün  bir  sıra  tədqiqatlarında  xalqın  bu  möhtəşəm  abidəsinin  köklərinin  Azərbaycandan  kənarda

axtarışları başlanıb. Buna rəvac vermək, ictimaiyyətə təqdim etmək özlüyündə daha qorxuludur. Bu, bir növ xalqın

milli-mənəvi mədəniyyətinə atılan çirkablardı. Mənəvi dəyərlərin zədələnməsidir. Ancaq bizim nəzərimizdə bunlar

keçici,  ötəri  bir  hadisədir.  Bildiyimiz  bir  məsələ  var  ki,    o  da  folklorun  ləyaqət  və  müqəddəslik    faktı  kimi

yaddaşlarda daşınmasıdır. 

Ləyaqət və müqəddəslik dedik, elə araşdırmaların mühüm bir qismində bu hal özünü daha çox incəlikləri və

tərəfləri  ilə  göstərir.  Və  bir-birindən  maraqlı problemlərin  qaldırılmasına,  araşdırmaların ortaya  çıxmasına  gətirir.

Eyni  zamanda  sonrakı tədqiqatlar  üçün  mövzu  verir.  Ədəbiyyatşünas  alim  K. Əliyevin  “Eposun  poetikası: “Dədə

Qorqud” və “Koroğlu” (Bakı, Elm və təhsil, 2011)  kitabı bu baxımdan daha çox maraq doğurur. Maraqlı və orijinal

düşüncəni  sərgiləyir.    Adından  da  göründüyü  kimi  kitabda  iki  böyük  dastanımız  problem  kimi  təhlil  olunur.

Onlardan biri “Kitabi-Dədə Qorqud”, digəri “Koroğlu” dastanıdır. 

Təkrar  qeyd  edək  ki,  bu  dastanlarla  bağlı  kifayət  qədər  araşdırmalar  aparılıb  və  indi  də  aparılmadadır.

Dilçilər  dil  tarixinin  öyrənilməsi,  etimologiyası və  s.  etnoqraflar  xalq  məişətinin  görünüşünü,  etnoqrafik  faktları,

tarixçilər  tarixi  faktların  hansı  səviyyədə  təqdimini,  ədəbiyyatşünaslar  bədiilik,  poetika  tərəflərini  və  s.

öyrənməkdədilər. “Kitabi-Dədə Qorqud” elm  aləminə  məlum  olduğu gündən  araşdırılır  və  elə  möhtəşəm abidədir

ki,  yenə  də  araşdırmalara,  yeni  tədqiqatlara  yol  açır.  Ona  əl  uzadanın  heç  birinin  əli  boşda  qalmayıb.

Ədəbiyyatşünas  alimimiz  K.Əliyevin  də  bu  kitabı  onun  əlinin  boşda  qalmadığının,  əksinə  əlinə  zər  gəldiyinin

təsdiqidir. 

Prof.K.Əliyevin “Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” əsərində  ilk öncə “Kitabi-Dədə Qorqud”

dastanları ilə bağlı yeddi problem mövzu  (“Etnopoetika məsələləri”, “Dəli Domrul” boyu  təsadüf, yoxsa zərurət”,

“Çoban oğlu Təpəgöz”, “Bayındır xanın nəvəsi Uruz”, “Dirsə xan oğlu Buğac”, “Oğuz elinin xanımları”, “Beyrəyin

qanlı köynəyi”) təhlilini tapır.  İlk öncə onu deyək ki, tədqiqatçı alim bu kitabla  folklorşünaslığa  özünün  töhfəsini

verib.  Burada  maraqlı cəhət  müəllifin  dastandakı hadisələrə  orijinal,  tamamilə  fərqli  və  özünəməxsus  prizmadan

baxmasıdır.  Düzdür,  qaldırılan  problemlərlə  bağlı  qorqudşünaslıqda  kifayət  qədər  təhlillər  aparılıb,  mülahizələr

söylənmişdi.  Bu  mülahizələr,  mübahisələr  sırasında  diqqəti  daha  çox  cəlb  edən  “Kitabi-Dədə  Qorqud”

dastanlarında  şeir  məsələsi  ilə  bağlıdır.  Bəzi  tədqiqatçılar  bu  nümunələri,  yəni  şeir  məsələsini  qəbul  etmir,  onu

qafiyəli nəsr kimi vurğulayırlar. 

Etiraf edək ki, “Kitabi-Dədə Qorqud” dastanlarında olduqca diqqəti cəlb edəcək qafiyəli nəsr faktları var. Bu

mənada  bu  dastan  əvəzsizdi,  heç  nə  ilə  müqayisə  olunmaz.  Di  gəl,  qafiyəli  nəsr  oradakı poeziya  nümunələrinin

olmasını kənarlaşdırmır. Bu, bir başqa istiqamətdi. Məsələnin mahiyyətinə vardıqda da bu görünür. Etiraf edək ki,

“Kitabi-Dədə  Qorqud”  dastanları  özündə  çox  gizlinləri  qoruyub  saxladığı  kimi,  poeziya  məsələlərini  də  bir

ədəbiyyat  hadisəsi  kimi  günümüzə  çatdırıb.  Yadıma  hindlilərin  dini  kitabları düşür.  Onlar  kitab  içində  kitab  kimi

vurğulanır.  Yəni    qədim  hindlilər  tarixin  keşməkeşlərini,  ölüm-itimlərini  nəzərə  alaraq  bütün  olanlarını gələcəyə

çatdırmaq  üçün  müxtəlif  vasitələrdən  istifadə  etmişlər.  Bədii  nümunələrin  qorunub  saxlanması,  gələcək  nəslə

çatdırılması  sahəsində  də  gərəkli  işlər  görmək  məqsədində  olmuşlar.  Daha  doğrusu,  səmavi  kitablarına  bədii

nümunələr,  poeziya  nümunələrini  yerləşdirmək  yolunu  tutmuşlar.    Düzdü,  “Kitabi-Dədə  Qorqud”da  bu  bütün

tərəfləri ilə belə də görünmür. Ancaq  məsələ oradakı şeir nümunələrinin olub-olmaması ilə bağlıdır.  

“Kitabi-Dədə  Qorqud”  dastanlarında  qafiyəli  nəsr  məsələnin  bir  tərəfidir.  Bu  haqda  təkrar  deyirik,  kifayət

qədər  fikirlər  söylənibdi.  Məsələnin  digər  tərəfində  şeir  nümunələrinin  ortaya  qoyulması,  aydınlaşması  dayanır.



Prof. K. Əliyevin də məqaləsinin mahiyyətində bu dayanır. Tədqiqatçı alimimiz yazır: “Aydın məsələdir ki,  bədii

düşüncə birdən-birə doğulmur və reallığa çevrilən bədii fakt və nümunələr də birdən-birə yaranmır. Onun təkamülü

və  formalaşması  xeyli  vaxt  və  zaman  tələb  edir.  Bununla  bərabər  bədii  düşüncənin  məzmun  və  ifadə  planı  aid

olduğu etnosun təbiətindən kənarda deyil. Əslində, etnopoetika bədii düşüncə ilə etnosun təbiəti arasındakı əlaqə və

təması öyrənən,  bu  əlaqə  və  təmasın  xüsusiyyət  və  əlamətlərini  öyrənən  bir  elm  sahəsi  kimi  qavranılır”.  Burada

bədii  düşüncənin  birdən-birə  doğulmaması və  bədii  nümunələrin  birdən-birə  yaranmaması məsələsi  xüsusi  olaraq

vurğulanır. 

Türk  düşüncə  tərzində  bədii  düşüncənin  formalaşması  və  inkişaf  tarixi  həmişə  öyrənilmə  zərurətindədi.

“Kitabi-Dədə  Qorqud”  dastanları  poeziya  müstəvisində  bu  tarixin  daha  qədimdəki  qatlarına  nəzər  yetirmək

anlamında  əvəzsizdi.    Müəllifin  də  şeir  nümunələrinin  mövcudluğunu  mətndən  çıxış  etməklə  konkret  faktlar

əsasında  göstərməsi  bu  istiqamətin  müəyyənləşməsi  sahəsində  çox  gərəkli  görünür.  Eposda  mövcud  şeir

nümunələrinin  ortaya  çıxarılmasının  gərəkliyini  vurğulayan  K.Əliyev  bir  məsələni  xüsusi  qeyd  edir:  “Şübhəsiz,

eposda da qoşa  misralı şeir kifayət  qədərdir.    Lakin  məsələ  burasındadır  ki,  həmin  nümunələr  bizim  indiyə  qədər

vərdişlə qəbul etmədiyimiz nəsr mətninin içində gizlənmişdir”. Bax, məsələ burasındadır, açılmalı, aydınlaşmalı da

budur.    Türk  şeirinin  inkişaf  tarixini  (həm  özünə  qədərki,  həm  də  sonrakı  dövr  nəzərdə  tutulur)  öyrənmə

baxımından    “Kitabi-Dədə  Qorqud”  əvəzsizdi.  Çünki  dastan  kifayət  qədər  diqqəti  cəlb  edəcək  rəngarəng  şeir

nümunələri  ilə  bəzənib.  Bu  bəzəniş  onun  nəsrini  də  poetikləşdirib.  Ritmikliyin  haradan  gəlməsi  isə  bir  başqa

problemdi. Onun köklərinin araşdırılması isə kifayət qədər yozumlara, təhlillərə yol açır. 

“Kitabi-Dədə  Qorqud”  dastanları  ilə  bağlı  araşdırmalarda  diqqəti  cəlb  edən    problemlərdən  biri

tədqiqatçıların  Dəli  Domrulla  bağlı müxtəlif  mülahizələrdə  görünmələridi.  K.Əliyev  də  kitabında  “Dəli  Domrul”

boyu  təsadüf,  yoxsa  zərurət”  adında  bir  bölmə  verib.  Və  müəllif  elə  başlanğıc  cümləsində  bu  suala  özü  də  cavab

verir  və  xüsusi  olaraq  vurğulayır  ki,  “Dədə  Qorqud  kitabı”  süjet  və  kompozisiyası,  struktur  əlamətləri,  bədii  dil

xüsusiyyətləri  və  nəhayət  ideya  siqləti  ilə  bitkin  bir  mədəniyyət  hadisəsidir”.  Bizim  də  nəzərimizdə  dastan  bütün

müstəvilərdə  bitkin  mədəniyyət  hadisəsidir.  Ozanların  dilindən  yazıya  alan  şəxs  özü  də  dastandan  görünür  ki,

ozanlar qədər vergili, əvəzsiz istedada malikmiş. Və tədqiqatçı alimimizin dediyi kimi, abidənin “yüz dəfə ölçülüb,

bir dəfə biçilməsinə şübhə yeri qalmır” Bunu tam aydınlığı ilə görmək üçün dastandakı müqəddimə ilə bütün dastan

boyu səpələnən hadisələri, hadisələrin gedişini və rəngarəngliyini, cümlə, söz və ifadələrin alt qatında gizlənənləri,

bütünlükdə alt və üst qatdakı mahiyyəti izləmək lazımdı. Fikrimizcə, müqəddimə “Kitabi-Dədə Qorqud” dastanının

açarıdır.  Dastana  giriş, müəmmaların, qaranlıqların açılışı  və  müəyyənləşməsi  oradan  başlayır.  Etiraf  edək  ki,  bu

dastan türkün düşüncə mərkəzidir. 

“Dəli  Domrul”  boyu  təsadüf,  yoxsa  zərurət”də  qaldırılan  problemlərdən  biri  “Dəli  Domrul”  boyunun

tənhalığı  nədən  törəyir”  məsələsidir.  Dastan  ənənəsində  yüzə-yüz  konkret  zaman  və  məkan  məsələsini  qoymaq

olmur.  Türk  dastan  düşüncəsində  bunun  axıra  qədər  görünüşü  də  yoxdu.  Bu  olsa-olsa  üzdə  belə  görünə  bilər.

Burada  hər  bir  yaranan  dastan  bir  istiqamətdə  konkret  məkanla  səciyyələnir,  onun  alt  qatında  bütünlükdə  xalqın

düşüncəsinin  izləri  əhatələnir.  Ona  görə  də  “Dəli  Domrul”  boyundakı hadisələrin  fərqlilik  tərəflərinin  axtarışının

açılışına  tədqiqatçı  alimimizin  çıxması  çox  uğurludur.  Dastan  özlüyündə  bədiilik,  tarixilik,  məişət,  etnoqrafik

müstəvidə informasiya mənbəyidir. İllah da “Kitabi-Dədə Qorqud”.  Və müəllifin  “lakin fəhmlə, qeyri-iradi olaraq

“Dəli  Domrul”  boyunu  eposdan,  “Dədə  Qorqud”  eposunu  isə  “Dəli  Domrul”  boyundan  kənar  təsəvvür  etmək,

sadəcə  ağlasığmazlıqdır”  qənaəti  bütün  müşküllərə  cavabdır.  Bunun  isə  açılışı  yazıda  (məqalədə)  dastandan  və

boyun özündən gələn gizlinlərin üzə çıxarılması ilə təsdiqlənir. Biz də o qənaətdəyik ki, “Dəli Domrul” boyu “Dədə

Qorqud”  eposunun  strukturundan-süjetindən,  kompozisiyasından,  poetika  elementlərindən  ayrılmaz  və

təcridolunmazdır.  Hətta  “Dəli  Domrul”  boyu  olmasaydı,  sözsüz  ki,    epos  öz  bitkinliyini,  dərin  məna  siqlətini

əzəmətini  və  monumentallığını xeyli  itirmiş  olardı”.  Etiraf  edək  ki,  “Kitabi-Dədə  Qorqud”  dastanlarında  hər  bir

boyun, hadisənin, təsvirin, obrazın öz yeri var. 

Onlar  bir  inci  kimi  qeyri-adiliklə,  ecazkarlıqla  düzülmüşdü.  Bu  dastan  sözün,  düşüncənin  qüdrətinin,

əvəzsizliyinin  ifadəsi  kimi  yaranmışdı.  İnsan  ağlının  möcüzəsinin  faktıdı.  Azərbaycan  dilinin  imkanlarını,

zənginliyini, xalqın düşüncəsinin dərinliyini ifadə və yaşatmaq baxımından heç bir abidə bununla müqayisə oluna

bilməz. Ona görə də buradakı hadisələrin, təsvirlərin, boyların hər birində gizlinləri, alt və üst qatda olan mahiyyəti

açmaq,  dərinliklərə  baş  vurmaq  lazımdı.  K.Əliyevin  “Eposun  poetikası:  “Dədə  Qorqud”,  “Koroğlu”  kitabında

diqqəti cəlb edəcək problem mövzulardan biri  “Çoban oğlu Təpəgöz”  başlığı ilə  verilən  yazısıdır.  Qeyd  edək ki,

dastan  bəşər  aləminə  məlum  olandan  bəri  “Basatın Təpəgözü  öldürdüyü”  boyla  bağlı mülahizələr  yürüdülməkdə,

təhlillər  aparılmadadı.  Bu  təkcə  Azərbaycan  ədəbi-nəzəri  fikrinin  deyil,  bütünlükdə  dünya  folklorşünaslığının

marağında  olan  problem  mövzulardandı.  Elə  Azərbaycan  ədəbiyyatşünaslığında,  folklorşünaslığında  Təpəgözlə



bağlı çoxlu  təhlillər  aparılıb, müxtəlif  fikirlər  söylənilib.  Ditsdən  prof.K.Əliyevə  qədər  dastanla  bağlı yazılanlara

diqqət yetirsək görərik ki, daha çox “Basatın Təpəgözü öldürdüyü” boy araşdırmaların probleminə çevrilib. 

Etiraf edək ki, həmin təhlillər də kifayət qədər mükəmməlliklə və nəzəri baxımdan öz dövrü və bu gün üçün

yüksək  səviyyədə  aparılmışdı.    K.Əliyev  “Çoban  oğlu  Təpəgöz”  məqaləsində  dastançılıqla  bağlı  bir  həqiqəti

vurğulayır: “Qeyd  etmək lazımdır  ki,  xalq  təfəkkürünün  və  xalq  istəyinin    təcəssümü  olan  “Dədə  Qorqud”  eposu

həm qəhrəmanlıq abidəsi, həm də tədqiqat obyekti kimi bütün dövrlərin eposudur. Çünki bu abidənin etnik tarixi,

bədii-fəlsəfi  gücü  tükənməz və  sonsuzdur”.  Bu,  yəni  dastanın bütün  dövrlərin  eposu  olması məsələsini  dərk  etmə

onun  açılışında,  təhlilində  başlıca  və  əsas  olandı.  Bunu  dərk  etmədən  dastandakı  hər  hansı  boyla,  mövzu  ilə,

strukturla, motivlə bağlı mülahizələr aparmaq uğurlu nəticələr verə bilməz. Çünki dastançılıq ənənəsində dastanın

bütün dövrləri əhatələməsi başlıca xətt kimi həmişə özünü göstərib. 

“Kitabi-Dədə  Qorqud”  dastanlarında  isə  bunun  görünüşü  daha      əhatəliliklə  əksini  tapır.  Bu  səbəbdən  də

dastanın  etnik  tarixi  xalqın  etnik  tarixi  qədər  qədim,  bədii-fəlsəfi  gücü  xalqın  bədii  fəlsəfi  gücü  qədər  güclüdü.

“Duxa Qoca oğlu Dəli Domrul” və “Basatın Təpəgözü öldürdüyü boy” işarələdiyi informasiya baxımından özündə

həmin əski çağların düşüncəsini özündə ehtiva edir. Bu düşüncə eyni zamanda onun poetik dərkinə yol açır. Burada

digər  bir  məsələ  qəhrəmanlığı  ilə  Oğuz  elində  ad  çıxaran  igidlərin  Təpəgözlə  qarşılaşmada  görünən  acizliyidi.

Dastana  bunun  gəlişi  heç  də  təsadüfi  səciyyə  daşımır.  Ozanlar  maraqlı  məsələ  burasındadır  ki,  bu  boyla  nələri

işarələmək, sabahlara gedişdə nələri çatdırmaq məqsədini güdmüşlər? K.Əliyev vurğulayır: “Mənzərə aydın olduğu

qədər də faciəlidir: kafirlərə qalib gələnlər Təpəgözün əlində həlak olurlar.

Bəs  onda  xalq  təfəkkürü  belə  bir  bədheybət,  idbar  və  qaniçən  obrazı  yaratmaqla  nəyə  işarə  edir?    Hətta

nəzərə alsaq ki, həmişə qalib gələn igidlərin bu cür ardıcıllıqla məğlub olması fikrinin özü belə dastan düşüncəsinə

tamamilə  yaddır,  onda  məsələ  bir  az  da  çətinləşir  və  ciddi  sual  yaranır:  Bəs  Təpəgöz  nə  üçün  dastana  daxil

edilmişdir?” Məsələnin müəmması da elə burasındadır. Düşünmək gərəkdir ki, Təpəgözü başqası yox, məhz Basat

öldürür.  Hər  ikisinin  Oğuzla  bağlantıları  var.  Oğuza  qənim  kəsilən  bədheybətin    (Təpəgözün)  də  Oğuz  eli  ilə

bağlantıları  var,  onu  cəzasına  çatdıran  Basatın  da.    Oğuz  düşüncəsi  birmənalı  şəkildə  qəbul  etmək  lazımdı  ki,

hansısa bir düşməni, peyda olan yağını cəzalandıracaq qəhrəmanı öz içində yetişdirir. Bu dastanda da belə görünür.

Bütün bunlar son olaraq onu deməyə əsas verir ki, “Təpəgözün eposun poetikasında tutduğu yer və mövqe nə qədər

möhkəmdirsə,  daşıdığı  funksiya  da  çoxşaxəlidir.  Təpəgöz  həm  öz  düşmənçiliyi,  həm  də  Basata  məğlubiyyəti  ilə

Oğuz elinin gücünü əks etdirir. Çünki Təpəgözün simasında  ən böyük düşmən,  Basatın simasında  isə    Təpəgözü

məğlub edən ən qüdrətli qəhrəman Oğuz elindən olandır”.  Bu bütünlükdə dastan ənənəsi üçün səciyyəvi hadisədir.

Və “Kitabi-Dədə Qorqud” dastanlarında da təkrarlanır. Yəni dastanlarda qəhrəmanın məğlubedilməzliyi əsas motiv

kimi  axıra  qədər  qorunur.  Hadisələrin  gedişində  hər  hansı  büdrəmələrə,  sapmalara  baxmayaraq  sondakı  qələbə

onundu.


Kitabda “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı daha üç problem ətrafında da ədəbiyyatşünas alimimizin

mülahizələrini,  maraqlı qənaətlərini  görürük.  Bu  “Dirsə  xan  oğlu  Buğac”,    “Oğuz  elinin  xanımları”,    “Beyrəyin

qanlı köynəyi” məqalələrindəki aparılan təhlillərdi. Fikrimizcə, “Dirsə xan oğlu Buğac” boyu özünün  informasiya

yükü,  təsvirin  özünəməxsusluğu,  xarakterlərin  və  həyat  hadisələrinin  ifadəsi,  məişət  faktlarının  zənginliyi

baxımından daha çox araşdırmaların problem faktıdı və yəqin ki, hələ çox zamanlar bu belə də olacaq. Burada Oğuz

cəmiyyətində övladsızlıq məsələsi, qadın sevgisi, qadına sevgi,  cəmiyyətin özündəki nizamın fərdlərin kimliyindən,

hansı səviyyədə dayanışından asılı olmayaraq sabitqədəmliyi məsələsi qoyulur və əksini tapır. Məhz prof. K.Əliyev

bu  boyla  bağlı  düşüncələrində  bir  məqamı  xüsusi  olaraq  vurğulayır:  “...Dədə  Qorqud”  eposu  vahid  mexanizm

halında götürüldükdə boyların ayrı-ayrı təhlili ilə müqayisədə nəhəng və möhtəşəm görünür və əzəmətli ideyaların

daşıyıcısına çevrilir”. Bu möhtəşəmlik dastanın elm aləminə məlum olduğu vaxtdan araşdırılmada, sirləri ilə ortaya

qoyulma  məqsədindədi.  Elə  “Dirsə  xan  oğlu Buğac”  boyu  ilə  bağlı kitabdakı təhlil  də  buna  xidmət  edir.  Maraqlı

məsələdir  ki,  hansı  səbəbdən  ozan-yazıçı  bu  boyu  ilk  yerə  çıxarmışdı.  Bu  bir  başqa  araşdırmanın  problem

mövzusudu. Bizim diqqətimizdə Bayındır xanın təşkil etdiyi məclisdə Dirsə xanın yerinin yaratdığı problemdi. Bu

isə  Oğuz  elində  övladı  olmayana  münasibətin  ifadəsidi.  Dirsə  xanın  “bəri  gəlgil,  başım  baxtı,  evim  taxtı”

münasibəti ilə Xan qızının (həyat yoldaşının)  “xan babamın göygüsü, qadın anamın sevgisi, göz açıban gördüyüm,

könül verib sevdiyim Dirsə xan” düşüncəsi arasında böyük mətləblər, Oğuz elinin ailə nizamı, davamlılıq dərəcəsi

aşağıdan yuxarıya qədər aydınlıqla cızılır. 

Kitabda  mühüm  bir  hissəni  “Koroğlu”  dastanı  ilə  bağlı  araşdırmalar  təşkil  edir.  “Kitabi-Dədə  Qorqud

dastanlarından sonra xalqımızın yaratdığı ən möhtəşəm abidə “Koroğlu” dastanıdır. İlk mətbuu məlumatdan (“Tiflis

vərəqələri” (1830, № 68) bu günə qədər müxtəlif səviyyələrdə söz deyilmiş, bir-birindən fərqli qənaətlərlə həmişə

diqqət  mərkəzində  olmuşdur.  Dastanın  nəşri  məsələlərində  də  fərqlilik  və  ziddiyyət  doğuracaq  məqamlar  kifayət



qədərdir.  Bu  İ.Şopen,  A.  Xodzko,  S.S.Penni,  V.Xuluflu,  H.Əlizadə,  M.H.Təhmasib,  F.Fərhadov  və  son  dövrün

digər nəşrlərində bu və ya digər dərəcədə özünü göstərməkdədi. Onu da əlavə edək ki, “Koroğlu” dastanı bir dastan

olaraq formalaşma dövrünü başa  vurmayıb. Bu gün də onun ayrı-ayrı qolları toplanıb nəşrolunur. Məsələn, keçən

əsrin  səksəninci  illərindən  bu  yana  nəşr  oolunan  qollar  buna  nümunədir.  Ancaq  bir  məsələni  etiraf  edək  ki,

“Koroğlu” dastanının nəşr və toplanmasında  son dövrlər ciddi nöqsanlar  nəzərə  çarpmaqdadı.  Bunların böyük  bir

hissəsi möhtəşəm abidəmizin adına layiq olmayan işlərdi.  Dastanın süni qollarının düzəldilməsi, süni dırnaqarası

toplamaların aparılıb geniş  ictimaiyyətə təqdimi və yaxud da arxivlərdən hansısa  nəşrə layiq olmayan əlyazmanın

çıxarılıb dastan adına nəşri və s. Bunlar yaxşı heç nədən xəbər vermir. Bunlar ya folklorşünaslıq səriştəsizliyindən,

ya da xalqa yad olmadan irəli gəlir. Hətta tədqiqatlarda, aparılan araşdırmalarda da bu var. Bir məsələni qeyd edək

ki,  son  dövr    “Koroğlu”  dastanı  ilə  bağlı  araşdırmaların  mühüm  bir  qismində  ad  və  başlıq  Azərbaycan

“Koroğlu”sudu. 

İçində  isə  Azərbaycan  “Koroğlu”sundan  başqa  hər  nə  desən  var.  Narahatçılıq  yaradan  budur  ki,

“Koroğlu”nun bir dastan kimi mahiyyətinin açılması Azərbaycandan başqa hər yerdə axtarılır. Və belə düşünürsən

ki,  “Koroğlu”nun  ayağını  Azərbaycandan  üzmək  tendensiyası  var.  Etiraf  etmək  lazımdır  ki,  “Koroğlu”  dastanı

Azərbaycan xalqının canı, qanı, bütünlükdə düşüncəsi ilə suvarıb yaratdığı bir dastandı. “Kitabi-Dədə Qorqud”dan

sonrakı möhtəşəm  abidəsidir.  Ədəbiyyatşünas  alim  K.Əliyevin  “Koroğlu”  dastanı ilə  bağlı araşdırması bir  başqa

məsələdir.  Son  dövrün  uğurları  sırasında  olan  hadisədir.  Tədqiqatçı  alimimiz  “Koroğlu”  dastanı  ilə  bağlı

mülahizələrini  etnopoetika  müstəvisində  araşdırır.  Müəllifin  qənaətləri  dörd  problem  yazıda  (“Koroğlu  dəlilərin

dəlisi”, “Koroğlu” eposunda dəli aşıq”, “Bədii məkanın xarakteri”, “Fiziki gücün semantikası”) ümumiləşdirilir. Bu

yazılarda  bir  problem,  özü  də  gərəkli  olan  problem  vurğulanır.  “Azərbaycan  qəhrəmanlıq  dastanlarının  aparıcı

xüsusiyyətlərindən  biri  də  igidliyin  və  qəhrəmanlığın  təntənəli  şəkildə  ifadəsidir.    Qəhrəmanlıq  dastanları yalnız

xalqın təfəkkür tərzinin, düşüncə sisteminin və yaradıcılıq imkanlarının inikası deyil, həmçinin bundan daha artıq

dərəcədə  xalqın,  etnosun  fiziki  gücünün  nümayişidir.  Həyatda  görə  bilmədiklərini,  bəzən  də  görmək  istədiklərini

dastan, epos dili ilə nəql etmək keçmişi və gələcəyi bu gün ətrafında birləşdirmək deməkdi”. Burada onu da əlavə

edək ki, bütün folklor nümunələrində keçmiş, bu gün və gələcəyə idealların, düşüncənin ötürülməsi var. Dastanlar

da həmin sıradadır. Sadəcə olaraq bəzilərində az və çox olması ilə fərqlənə bilər. Ancaq hamısı düşüncə tipi kimi

eyni ideala xidmət edir. “Koroğlu” dastanı da epos ənənəsində məhz bunların ifadəçisi funksiyasını daşıyır.  

“Koroğlu - dəlilərin dəlisi” məqaləsində konkret olaraq “dəliqanlılıq”, “dəlisovluq”, “dəli nərə”, “dəli könül”

bir problem kimi qoyulur və açılma məqsədi daşıyır. Göründüyü kimi, burada konkret olacaq bir problem və onun

həlli məsələsi aydınlıqla görünür. Azərbaycan dastançılığında dəlinin semantikası bütün tərəfləri ilə qəhrəmanlığa,

igidliyə  simvolizə  olunur.  “Kitabi-Dədə  Qorqud”da  Dəli  Dondar,  Dəli  Domrul,  Dəli  Qarcar  adlarındakı mahiyyət

özlüyündə  bir  ənənə  kimi  sonrakı  dastançılığa  ötürülür  və  bütün  tərəfləri  ilə  “Koroğlu”  dastanında  təkrarlanır.

“Azərbaycan  folklorunun  həmişəyaşar  abidələrindən  biri  olan  “Koroğlu”  eposunda  7777  dəlinin  olması  faktı

toplum igidliyin mahiyyət və məzmununun rəmzidir. “Dədə Qorqud” eposundan başlayaraq və qulağımız eşidəndən

bəri “dəli” anlayışının igid mənasında işlənməsi heç bir mübahisə doğurmur. Dəli Domrul, Dəli Dondar, Dəli Həsən

və  s.”.  “Koroğlu”  dastanında  “dəli”nin  semantikası  bütün  çılpaqlığı  ilə  igidliyə,  qəhrəmanlığa  yüklənir.  Bu

bütünlükdə  dastan  boyu  ayrı-ayrı  qollarda  özünün  ifadəsini  tapır.  Məsələn,  “Koroğlunun  Bağdad  səfəri”  (buna

“Durna  teli”  qolu  da  deyilir)  qolunda  “hoydu,  dəlilərim,  hoydu,  yeriyin  meydan  üstünə”  çağırışında  və  yaxud  da

yenə həmin qolda “nə edək, dəlilər, nə edək, düşmənin bağrın didək” sual-cavabında sırf Çənlibel qəhrəmanlarına

və qəhrəmanlığına hesablanır. 

Qəhrəmanlığın  hələ başlanğıcında Alı kişinin oğlu Rövşənə bu yerlərdə Dəli Həsən adlı bir igid var, ondan

ehtiyatlı ol  deməsi  də  özlüyündə  qəhrəmanlığı işarələyir.  Və  bu  qəhrəmanlıq  funksiyası   dastanda  təqdim  olunan

dəlilik anlamında elə ikinci qolda (“Koroğlu və Dəli Həsən” qolunda) tam aydınlığı ilə mahiyyətini ortaya qoyur.

Prof.K.Əliyev də məhz  konkret nümunələr əsasında (“mənəm bu yerlərdə bir dəli-dolu”, “mən dəlidən öyüd sizə”,

“mənəm igidlərdə bir dəli-dolu”, görsün mən dəlinin indi gücünü” və s.) Koroğlu dəliliyinin, dəli-qanlılığının nələrə

hesablandığını tam aydınlığı ilə təqdim edir. “Dəli nərə”, “dəli könül” (“coşdu, dəli könül, coşdu”) də məhz həmin

dastandakı dəliliyin bir komponenti kimi onun dərkinə, mahiyyətin ifadəsinə xidmət edir. 

“Koroğlu” eposunda dəli aşıq” məqaləsində isə məsələnin digər bir tərəfi, Aşıq Cünunla bağlı olanlar əksini

tapır. Dəli ozan adına möhtəşəm abidəmiz “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlirik. “Qazan bəy aydır:

-Mərə dəli Ozan!  Dilə məndən nə dilərsən!

Çətirli otaqmı dilərsən? Qul-qaravaşmı dilərsən?



Altun-axçamı dilərsən, verəyim - dedi” (“Kitabi-Dədə Qorqud”. Bakı, Gənclik, 1978, səh. 65). Bu “Baybura

oğlu  Bamsı Beyrək”  boyundan  verilən  nümunədir.  “Kitabi-Dədə  Qorqud”  dastanlarında  Dəli  ozan  düşüncəsi  bir

xətt  kimi  keçir  və  qəhrəmanı  işarələyir.  Həmin  ənənə  özlüyündə  bütün  mahiyyəti  ilə  fərqliliklərə  baxmayaraq

“Koroğlu” dastanında təkrarlanır. Və “aşıqlığım bəsdi mənə” düşüncəsinə qədər gəlib çıxır. “Epos poetikasının elə

mühüm  elementləri də var ki,  əsas qəhrəmanla deyil, digər obrazlar və digər struktur vahidləri ilə təmsil olunur.

Belə obraz çeşidini aşıq və ozan surətlərində, saz və qopuz simvollarında kifayət qədər aydın görmək və təsəvvür

etmək  mümkündür.  Bu  məsələ  yalnız  ona  görə  deyildir  ki,  dastanlar  aşıqlar  tərəfindən  söylənilir,  yeni  əsrlərə  və

yeni nəsillərə ötürülür, məhz ona görədir ki, dastan ritmi birbaşa aşıqdan və sazdan asılı olur. Beləliklə, aşıq və saz

epos  poetikasının  özündə  -  strukturunda  aparıcı  vahidə  və  simvola  çevrilir.  “Koroğlu”  eposundakı  Aşıq  Cünun

məhz belə obrazlardandı”.  Ozanlıqda da belədir. “Kitabi-Dədə Qorqud”un müqəddiməsində “qolça qopuz götürüb

eldən-elə, bəydən-bəyə ozan gəzər, ər comərdin, ər nakəsin ozan bilər, iləyinizdə çalıb ayıdan olzan olsun” qənaəti

də  ozan,  qopuz  timsalında  aşığın  sələfini  işarəyir.    Aşıq  Cünün  bütün  tərəfləri  ilə  Koroğlu  mühitində,

koroğluxanlıqda aşıqlığın funksiya daşıyıcısına çevrilir. Çənlibelə gəlişi və bütünlükdə fəaliyyəti  də bunu deməyə

əsas verir.

Dastanda  maraqlı  məsələlərdən  biri  məkan  məsələsidir.    K.Əliyevin  “Koroğlu”  dastanı  ilə  bağlı

araşdırmalarında bu problem “Bədii məkanın xarakteri” məqaləsində ümumiləşdirilir. Dastanın ilk qolunda, ata ilə

oğul  arasındakı  söhbətdə  bu  bütün  tərəfləri  ilə  aydın  görünür.  Tədqiqatçı  alim  də  məkan  məsələsində  həmin

nümunəni verir: “Getdilər, getdilər, bir uca dağın başına çatdılar. Alı kişi soruşdu:

-Oğlum, bura necə yerdir?

Rövşən dedi:

-Ata, bura hər tərəfi qayalıq, çənli, çiskinli bir dağ belidir.

...Alı kişi dedi:

-Oğul, mənim axtardığım yer buradır” (“Koroğlu” dastanı. Bakı, Nurlan, 2009, səh. 14-15). 

“Koroğlunun  İstanbul  səfəri”ndə    də  Nigar  xanımın  “Koroğlu,  Çənlibel  budurmu”  sualına  Koroğlunun

“Nigar, Çənlibel budu, bu” cavabında bütün tərfləri ilə görünür. Tədqiqatçı alimimiz  dastandakı məkan problemini

təhlil  edərək  maraqlı  bir  qənaətlə  fikirlərini  ümumiləşdirir.  “Koroğlu”  eposunda  məkan  xarakteri  üç  mühüm

məqamla  təyin  olunur:  real  məkan,    ara  məkan  və  ideal  məkan.  Real  məkan  paşaların  hakim  olduğu  İstanbul,

Ərzincan,  Rus,  Qars,  Toqat  və  başqalarıdır.  İdeal  məkan  isə  heç  vaxt  dəyişmir.  Bu,  Çənlibeldir.  Real  məkan  ilə

ideal məkan arasında keçid xarakteri daşıyan bir ara məkan da mövcuddur ki, bu, konfliktin həlli məkanıdır”  (səh.

148).  Bütün  bunlar  dastanlarımızdan,  epos  düşüncəmizdən  gələn  informasiyalardı.  Ədəbiyyatşünas  alimimiz

K.Əliyev  də  həmin    informasiyalardan  çıxış  etməklə  dastan  düşüncəsində  yaşayan  ruhu  açmağa  çalışıb  və  sözün

həqiqi  mənasında  buna    nail  olub.  Son  olaraq  bir  daha  təkrarlayaq  ki,  ədəbiyyatşünas  alimimiz  bu  tədqiqatı  ilə



folklorşünaslığımıza özünün layiqli töhfəsini verib.

Yüklə 171,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə