№4 Humanitar elmlər seriyası



Yüklə 46,74 Kb.
Pdf görüntüsü
tarix10.05.2018
ölçüsü46,74 Kb.
#43371


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

                     Humanitar elmlər seriyası 

  2009 

 

 



 

 

XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ 

AZƏRBAYCANDA KƏND İCMASI 

 

Т.Г.ЯЩМЯДОВА 

Bakı Dövlət Universiteti 

 

XIX  əsrin sonu – XX əsrin  əvvəllərində Azərbaycanda kənd icması  əhali 



arasında mövcud olan iqtisadi, hüquqi və məişət münasibətlərini nizama salan birlik 

idi. İcma sakinlər arasında torpaq bölgüsünü həyata keçirir, ictimai mükəlləfiyyətlərin 

yerinə yetirilməsində  fəal iştirak edir, kənd sakinlərindən vergilərin toplanmasını 

təmin edirdi. 

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda əsasən istifadə olunan 

torpaq mülkiyyəti formalarından biri də icma torpaq mülkiyyəti olmuşdur. 

Kəndlilərin istifadəsində olan torpaqlar hüquqi cəhətdən dövlət mülkiyyəti sayılsa da, 

kəndlilər ondan mülkiyyətçi kimi deyil, torpaq istifadəçiləri kimi istifadə edirdilər 

[9,74]. Faktiki şəkildə Azərbaycanın dövlət kəndlilərinin düşüncəsinə görə onların 

istifadə etdikləri torpaqlar ictimai torpaqlar olub camaata məxsus idi [9,74]. İcma 

üzvləri ondan bərabər hüquqlarla, lakin icarəçi kimi istifadə edirdilər [7,74]. Bütün 

hasara alınmamış yerlər icma mülkiyyətində idi. Bura başlıca təsərrüfat yerləri – 

tarlalar, biçənəklər, dağətəyi zolaqda yerləşən meşələr, otlaqlar, meşə ərazisində boş 

yerlər daxil idi [4,33]. İcmanın istifadəsində olan torpaqların bölüşdürülməsi qaydası 

yox idi [9, 74]. Torpaqlar bəzi yerlərdə vaxtaşırı, bəzi yerlərdə isə uzunmüddətli 

bölünürdü və ya ümumiyyətlə heç bölünmürdü. İcma ayrı-ayrı torpaq sahələrinin 

təsərrüfat başçıları tərəfindən istifadə üsullarına və torpağın ölçülərinə nəzarət edirdi, 

həm də ailə başçılarının vergi ödəmə qabiliyyətinə müvafiq olaraq mükəlləfiyyətlər 

təyin edirdi [6, 260]. Elə torpaqlar var idi ki, onlar ümumiyyətlə heç bölünmürdü. 

Belə torpaqlara həyətyanı torpaqlar, bağlar, bostanlar və meşə  ərazisinin 

tənzimlənməsi nəticəsində yaranan torpaqlar, eləcə  də  çəltik səpilmiş, suvarılmış 

sahələr aid idi [6, 261]. Bu torpaqlar təsərrüfat başçılarının daimi istifadəsində idi. 

Əsasən əkin torpaqları bölünürdü. Örüş və otlaqlardan istifadə edərkən kəndlilər bir-

birini xəbərdar edirdilər.  Əkin torpaqları bölüşdürülərkən təsərrüfat başçısının vergi 

ödəmə qabiliyyəti və ailənin iqtisadi gücü nəzərə alınırdı. Bölünmüş torpaqların 

paylanması icmadan seçilən ağsaqqallara həvalə edilirdi. 

İrəvan quberniyası Naxçıvan qəzasının qərb hissəsində həyətyanı və bağ yerləri 

və həyətyanı torpaqlar bölünmürdü və hər bir ailənin irsi istifadəsində idi [10, 546]. 

Əkin və biçənəklər təsərrüfat başçıları arasında bölünürdü, otlaqlar isə hər bir kəndin 

ümumi istifadəsində idi [10, 546]. 

XIX  əsrin sonunda Naxçıvan qəzasının qərb hissəsində yerləşən kəndlərdə 

torpaq bölgüsü zamanı kəndlilər arasından inanılmış şəxslər – vəkillər seçilirdi. Onlar 

əvvəlcə müxtəlif təsərrüfat yerləri üzrə bütün torpaqları müəyyən edir və onları iplə 

 

171




ölçürdülər. Pay torpaqlarının sahəsi, ya hər iki cinsdən olanların, ya da kişilərin sayı-

na görə bölünürdü və bu üsulla hər bir nəfərə düşən torpaq sahəsi müəyyənləşdirilirdi. 

Sonra təsərrüfat başçılarının siyahısı tərtib olunurdu. Siyahıda hər bir təsərrüfat baş-

çısının ailə üzvlərinin sayına görə düşəcək torpaq sahəsi müəyyən edilirdi. Vəkillər 

ümumi torpaq sahəsindən bağ və ağaclığın sahəsini çıxırdılar. Bu yolla onlar hər bir 

təsərrüfat başçısına nə qədər əkin sahəsi düşdüyünü müəyyənləşdirirdilər [10,547]. 

İrəvan quberniyasının Aleksandropol qəzasının Alagöz Məzrə kəndində əkin və 

biçin torpaqları kişi cinsindən olanların sayına görə bölünürdü. Bu qəzanın 

azərbaycanlılar yaşayan Cəhri kəndində isə torpaq batman çərək üsulu ilə bölünürdü. 

Bu bölgü üsuluna görə bütün əkin torpaqları  səkkiz bərabər hissəyə bölünürdü, bu 

hissələr hər bölgüdə kənd evlərinin sayına bölünürdü, sonra isə hər bir ailə başçısına 

ailədəki vergi ödəmə qabiliyyəti olan şəxslərin sayına görə torpaq ayrılırdı (çərək) 

[10,548]. 

Torpağın düzgün bölgüsü icmanın  əsas göstəricisi idi. Torpağın düzgün 

bölünməsində əsas məqsəd onun təsərrüfat başçıları arasında bərabər bölüşdürülməsi

eləcə də, evbaşı pay torpağının ölçüsünə uyğun olaraq ayrı-ayrı təsərrüfat başçılarının 

vergi ödəmə qabiliyyətini müəyyənləşdirmək idi. Bölünəcək torpaqlar az və ya çox 

sayda sahələrə (çərəklərə) bölünür və ailə üzvlərinin sayına görə paylanırdı. Torpaqlar 

bölündükdən sonra ailələrdən birində  işçi qüvvəsi artardısa, kəndlilər ümumi bölgü 

başlayana qədər evbaşı torpaq payını xüsusi olaraq bölürdülər. Pay torpağının artması 

ilə vergi ödənişinin həcmi də artırdı [7, 664]. 

Kəndlilərin şəxsi istifadəsindən olan torpaqlar bölünməsə də, pay torpaqlarının 

bölgüsündə onlar hesaba alınırdı. Şərurda torpaqların vaxtaşırı bölünməsi onunla izah 

edilirdi ki, əhalinin  əsas yaşayış  mənbəyi olan taplaçılıq torpağın daha düzgün 

bölünməsini tələb edirdi [7,664]. 

İrəvan quberniyası  Şərur-Dərələyəz qəzasının qərb hissəsində torpaqlar 

bölüşdürülərkən onun məhsuldarlığı, yerləşdiyi  ərazi və becərilməsi üçün nə  qədər 

əmək sərf ediləcəyi nəzərə alınırdı, sonra hər bir sahə, öz növbəsində, hissələrə 

(çərəklərə) bölünür və bütün evlər arasında paylaşdırılırdı, belə ki, hər bir ev bütün 

sahələrdə torpaq payı alırdı [7,65]. Bu ərazi üçün icmalıqla torpaqdan istifadə 

edilməsinin xüsusiyyətləri, demək olar ki, bütün Azərbaycana xas idi. İcmanın bütün 

təsərrüfat başçıları, o cümlədən dul qadınlar, bəzi icmalardan yetimlər, digərlərində 

uşaqsız – ailə qurana qədər pay torpağının bütün gəlirlərindən faydalana bilərdilər. 

Dövlət vergiləri və ictimai mükəlləfiyyətlər icma üzvləri arasında torpaq payı 

ölçülərinə uyğın paylanırdı. Torpaq bölgüsünə  və vergilərin paylaşdırılması kimi 

icmaya aid olan məsələlər icmanın bütün üzvləri – camaat və ya icma tərəfindən 

seçilmiş şəxslər (vəkillər) tərəfindən həll edilirdi. 

Kənd icmasının fəaliyyətini idarə edən seçkili orqanlar mövcud idi. İcmaya aid 

məsələlərlə icma yığıncağı tərəfindən seçilmiş şəxslər məşğıl olurdular. Belə şəxslər 

kəndxuda və kənd məhkəmələri idi. 

Kənd icmalarının fəaliyyətini  əks etdirən xüsusi qeyd dəftəri olurdu. Qeyd 

dəftərində icma üzvləri arasında bağlanan 300 manatdan çox olmayan müxtəlif 

razılaşmalar, müqavilələr və  vəsiyyət olunan əmlakın dəyərinin 100 manatdan çox 

olmaması  şərtilə  tərtib edilən dini vəsiyyətnamələr qeyd olunurdu. Qeyd dəftərində 

öhdəliklər və dini vəsiyyətnamələr yazılmamışdan  əvvəl müqavilə bağlanmasında 

iştirak edən tərəflər 10 qəpik həcmində rüsum ödəyirdilər [1, 1]. 

 

172



Kəndxuda seçiləcək  şəxslər məhkəmə qarşısında durmamalı, özünü yaxşı 

aparmalı, qanunla nəzərdə tutulmuş yaş həddi və tərpənməz əmlakı olmalı idi. O, öz 

iş yerini xəbərsiz tərk edə bilməzdi [2, 13]. 

Kənd icmasının yığıncağında kəndxudalar üç il müddətinə seçilməli idi. Onun-

la bərabər namizədlər və kənd hakimləri də seçilirdilər. Seçki gizli səsvermə ilə ke-

cirilirdi. Kəndxuda seçildikdən sonra and içir və quranı öpürdü. Kənd icması bir neçə 

kənddən ibarət olanda hakimlər və namizədlər hər kənddən bir nəfər seçilirdi [8, 58].  

Kəndxudalar icmalarda baş vermiş cinayət işləri haqqında Bakı qubernatoruna 

məlumat verməli idilər. Lakin bəzən kəndxudalar cinayət tərkibli hadisələr haqqında 

məlumat vermir, özü məsələni adi hüquq norması ilə həll etməyə çalışırdılar. Öz işinə 

laqeyid yanaşan kəndxudaları işdən azad edirdilər [3, 26] . 

Bəzən kəndxudaları cinayət törətdiyi üçün tutduqları vəzifədən azad edirdilər. 

Elə icmalar var idi ki, kəndxuda seçmək hüququndan məhrum edilirdi. O zaman 

kəndə dövlət kəndxudası  təyin olunurdu. İcma ona məvacib verməli və icmanın 

hesabına yedirtməli idi [4, 73] . 

XIX əsrin ikinci yarısında kənd idarəsi icmanın bütün üzvlərinə, təsərrüfat baş-

çılarına kənd yığıncaqlarında iştirak etmək hüququ verilmişdi. Əvvəllər isə, olan yı-

ğıncaqlarda kəndin ehtiyaclarını yalnız nüfuzlu və imkanlı şəxslər müzakirə edirdilər. 

Nüfuzlu və varlı  kəndlilərdən seçilən kəndxudalar və onların köməkçiləri bir 

çox kəndlərdə heç bir məvacib almırdı. Yalnız  Şuşa qəzasının Ovşar və Qaradolaq 

köçəri kəndlərində iki dövlət kəndxudası mükafatlandırılmışdı, qəzanın digər 

kəndlərində isə kənxudalar ya heç bir məvacib almırdılar, ya da əvəzində kəndlilərin 

müxtəlif xidmətlərindən istifadə edirdilər [6, 323]. Lakin icma tərəfindən əmək haqqı 

ödənilən kəndxudalar da var idi. Belə ki, Bakı quberniyası Cavad qəzasının 

kəndlərində inzibati qayda ilə icmaya təyin olunan kəndxudaya  əmək haqqı 

ödənilirdi, icmanın vəzifəli şəxslərinin üzərinə düşən dövlət vergiləri isə bölgü üzrə 

bütün icma tərəfindən ödənilirdi [5, 323]. 

Şuşa qəzasının köçəri kəndlərində  kəndxudalar hətta  ən yoxsul köçərilərin 

vergilərini ödəyirdi. Belə ki, kəndxudanın xidməti digər gəlirlərlə mükafatlandırılırdı. 

Qəzanın Ağcabədi, Pirzadlı, Xəlfərəddinli və Eyvazlı kəndlərində hər bir ailə başçısı 

taxıl yığılması dövründə  kəndxudaya bir cüt işçi öküz verirdi, digər kəndlərdə isə 

kəndlilər kəndxudanın xeyrinə bir və ya iki iş günü işləyirdilər [6, 320]. 

İcma tərəfindən seçki yolu ilə  kəndlilər arasından cuvar və mirab seçilirdi. 

Mirablar əvvəlki adət-ənənə əsasında mahal mərkəzundə toplanmış yığıncaqlarda, bir 

nəfər yerli polis idarəsindən olan şəxsin iştirakı ilə, gizli səsvermə yolu ilə seçilirdilər. 

Mirabın suyu düzgün bölüşdürüb-bölüşdürülməməsinə, ondan şikayət olub-

olmamasına baxmayaraq qanun polisə mirabın işinə qarışmağı  qəti surətdə qadağan 

edirdi [12, 32]. Suvarma təsərrüfatına rəhbərlik edən vəzifəli şəxslərdən olan cuvarın 

vəzifəsi kəndlər arasında suyun bölüşdürülməsini asanlaşdırmaq üçün baş arxın 

bəndinin yanında mirabın möhürü ilə müəyyən edilmiş suayıran işarələri mühafizə 

etmək idi. Cuvarlar kəndlilər arasında hər hansı bir anlaşılmazlıq olardısa, həm də 

hakim rolunu oynayırdılar. Lakin Azərbaycanın elə  əraziləri var idi ki, orada mirab 

vəzifəsi yox idi. Yelizavetpol quberniyası Cəbrayıl qəzasında mirab vəzifəsi yox idi. 

Şuşa qəzasında isə  cəmi bir mirab var idi. O yalnız Qarqarçay hövzəsinə başçılıq 

edirdi və qəzanın digər çaylarından bölünən suya heç bir aidiyyatı yox idi [12, 31]. 

Su bölənin  əməyi suvarılmış torpaqların sahibləri tərəfindən məhsulla 

ödənilirdi. Qazax qəzasında cuvarın haqqı bir icmadan – ailədən, digərindən cütdən, 

 

173




üçüncüdən isə məhsuldan ödənilirdi. Qazax qəzası Quşçu icması cuvarın haqqı olaraq 

iki çanaq buğda, Göyçəli icması beş çanaq - yarı buğda, yarı arpa ilə ödəyirdi [8, 87] . 

Şərurun bəzi kəndlərində isə cuvarın  əməyi  əhali tərəfindən ya pulla, ya da 

suvarılmış torpaqlarda əkilən məhsulun bir hissəsi ilə mükafatlandırılırdı [11, 115]. 

İcma tərəfindən meşə gözətçisi seçilirdi. O öz xidmətinə görə nə dövlət, nə də 

icmadan heç bir haqq almırdı [5, 276]. İcma tərəfindən seçilən meşə gözətçisinin mə-

vaciblərinin müəyyənləşdirilməsi icma və onu icarəyə götürən  şəxsin qarşılıqlı 

razılaşmasından asılı idi. Bəzi  ərazilərdən bu ödəmə ildə 2 publ 25 qəpikdən 50 

rubladək olurdu. Bir çox yerlərdə gözətçinin həm də atı olmalı idi. Cüzi maaşa 

razılaşaraq meşəbəyi qarşısında mühüm məsuliyyət götürən meşə gözətçisinın əlavə 

gəlir mənbələri var idi. 

Qazax qəzasının 66 min desyatindən 85 min desyatinə qədər əraziyə malik olan 

meşə zolağında meşəbəyinin sərəncamında atlı qoruqçular olurdu və onlar dövlətdən 

ildə 150 manat alırdılar [8,120]. Onlar gecə  və gündüz səfərdə olur və onlara tabe 

olan meşə gözətçilərinin fəaliyyətini yoxlayırdılar. Meşə gözətçiləri icma tərəfindən 

öz hesabına qoruqçu tuturdu. Qazax qəzasının demək olar ki, bütün kəndlərində 

qoruqçu var idi. 

Hər bir icma vergilərdən başqa ictimai mükəlləfiyyətlər də ödəyirdi.  İcma 

üzvləri kənd idarəsinin kəndxuda, mirzə və kuryerlərin, məktəb, zemstvo atlılarının, 

cuvar, molla, gecə qarovulçularının, tarla gözətçilərinin və  bərbərlərin saxlanması 

üçün pul ödəyirdi [6,319]. Təsadüfi ictimai xərclərə isə yolların düzəldilməsi, 

arabaların atla təchiz edilməsi, mal oğurluğunun açılmaması üçün cərimələr alınması 

aid edilirdi [6, 319]. 

Beləliklə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan kəndində icma 

torpaq mülkiyyəti parçalanma prosesi keçirirdi. 

 

ƏDƏBİYYAT 

1.

 

ARDTA 591-ci fond, siyahı 1, iş 29 vərəqə 1. 



2.

 

Orada 44-cü fond, siyahı 1 iş 27 vərəqə 13. 



3.

 

Orada, iş 32, vərəqə 26. 



4.

 

Orada iş 25, vərəqə 13. 



5.

 

Алифин  С.К.  Экономический  быт  государственных  крестьян  Джеватского  уезда 



Бакинской губернии. МИЭБГКЗК, т.,Тифлис, 1886. 

6.

 



Деконски  А.Г.  Экономический  быт  государственных  крестьян  в  Шушинском  и 

Джебраильском  уездах  Елизаветпольской  губернии.  МИЭБГКЗК.  т. IV часть 1 

Тифлис: 1886. 

7.

 



Деконски  А.Г.  Экономический  быт  государственных  крестьян  в  западной  части 

Шарура-Даралагезского уезда, Эриванской губернии. МИЭБГКЗК., т.1. 

8.

 

Ерицов  А.Д.  Экономический  быт  государственных  крестьян  Казах-ского  уезда, 



Елизаветпольской губернии. МИЭБГКЗК т.2, часть 2. 

9.

 



Исмаилов  М.А.  Капитализм  в  сельском  хозяйстве  Азербайджана  на  исходе XIX и 

начале XX вв. Баку, 1964 

10.

 

Никифоров  Н.К.  Экономический  быт  государственных  крестьян  в  западной  части 



Нахичеванского уезда, Эриванской губернии. МИЭБГКЗК., т.1, Т 1886. 

11.


 

Парвицки  А.В.  Экономический  быт  государственных  крестьян  северо-  западной 

части  Шарура  и  восточной  части  Даралагеза,  Шарура-Даралагезского  уезда, 

Эриванской губернии МИЭБГКЗК. т. IV. Т.1886. 

12.

 

Talıbzadə  İ.A. XIX əsr və XX əsrin  əvvəllərində Azərbaycanda suvarma və sudan 



istifadə. Bakı., 1980. 

 

174




 

 

СЕЛЬСКАЯ ОБЩИНА В АЗЕРБАЙДЖАНЕ  

В КОНЦЕ X1X - В НАЧАЛЕ ХХ ВЕКА 

 

Т.Г.АХМЕДОВА 

 

РЕЗЮМЕ 



 

В статье рассматривается структурные особенности сельской общины, роль дан-

ного социального института в вопросах регулировании юридических, экономических и 

бытовых отношений, передела земельных угодий и связанные ими обычаи и обряды. 



 

 

VILLAGE COMMUNITY IN AZERBAIJAN AT THE END  

OF XІX CENTURY – BEGINNING OF ХХ CENTURY 

 

T.Q.AKHMEDOVA 

 

SUMMARY 

 

 

The article is devoted to one of the little studied problems of the Azerbaijan 



ethnography - to a rural community. It is marked that as the social establishment the basic 

function of a rural community consist in regulation of legal and household relations. The 

questions connected with the allotment of the ground areas by the separate persons – 

аксакалами and other authorized persons elected by the specified social structure - djamaatom 

and measurement of the ground areas carried out by national ways as черек (a cord), batman-

черек i verevkoy(by rope) have been analyzed. In the article, it is also mentioned such 

questions as ways of use of the common ground areas and factors promoting on processes of 

the division of arable land. 



 

 

175



Yüklə 46,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə