4 Elmi bilik və mənəviyyat



Yüklə 168,37 Kb.
tarix07.11.2017
ölçüsü168,37 Kb.
#8707





4-1. Elmi bilik və mənəviyyat

Hikmət verilən adamın

xeyri-bərəkəti bol olar

Qurani-Kərim

İnsanın bir fərd kimi mənəvi və intellektual inkişafı arasında sıx qarşılıqlı əlaqə vardır. Əxlaqi-mənəvi prinsiplər insanın dünyagörüşündən, müxtəlif sahələrdə bilik dərəcə­sindən və ümumi humanitar mədəniyyətindən ayrı təsəvvür edilə bilməz. Hər bir insana adi məişət bilikləri, əməli bilik və vərdişlər lazımdır. Lakin bu bilik və vər­diş­lərin çoxu ailə­də öyrədilir. Məktəb isə daha çox dərəcədə nəzəri biliklərin sahələr üzrə və sistemli şəkildə öyrədilməsinə üstünlük verir.

Məktəbə gedənlərin heç də hamısı gələcəkdə alim ol­mur. Əksinə, özünü elmə həsr edənlərin nisbi sayı çox az­dır. Bəs nəyə görə müasir məktəb nəzəri biliklərin öyrə­dil­məsinə üstünlük verir?

Müasir dövrdə bütün ixtisas sahələri xeyli dərəcədə diferensial­laşmışdır. Əməli fəaliyyət sahələrinin çoxunda müvafiq elmi-nəzəri bilik­lər tələb olunur. Yəni elm həyatın bütün sahələrinə nüfuz etmiş­dir. Görünür, təhsilin məzmu­nunda elmi-nəzəri biliklərə üstünlük verilməsi də əsasən bununla bağlıdır.

Bəs elmi biliyin əsaslarını öyrədən müəllimlər ümu­miyyətlə elm haqqında, onun mahiyyəti və funksiyaları, prak­tik əhəmiyyəti haqqın­da nə bilir və tələbələrə bunu necə izah edirlər? Elm nədir və onun məqsədi nədən ibarətdir?

İncəsənətin məqsədi insanın emosional-mənəvi dün­ya­sını zən­gin­ləşdirmək, estetik zövqünü təkmilləş­dir­mək, habe­lə onu daha saf, daha təmiz etmək, onun mənəvi-estetik im­kan­larını artırmaqdır.

Elmin məqsədi isə insanın intellektual dünyasını zənginləş­dirmək, onu daha məlumatlı, daha bilikli etmək və bu biliyin sosial gücə çevrilməsi sayəsində onun imkanlarını artırmaqdır.

Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiətlə müba­rizədə in­sanı daha qüdrətli edir. Lakin insanın maddi gücü-qüdrəti artdıqca bu gücü düzgün yönəldə bilmək üçün onun mənəvi kamillik səviyyəsi də artmalıdır. Zira elm əhli olmaq, hələ kamal əhli olmaq deyil. Əbu Turxan insanın üzərinə düşən mənəvi və ictimai məsuliyyətin ağıl-kamal dərəcəsi ilə uyğunluq şərtini vurğulayaraq yazır:


Dumanın şərəfi dağla vüsaldır,

Başın şərafəti ağıl-kamaldır,

Yuxarı qalxdıqca dumanlanırsa,

Bil ki, yetişməyib, baş hələ kaldır.
Əlbəttə, burada söhbət vəzifə pillələri ilə yüksələn ada­mın kamal və mənəviyyat meyarlarına uyğunluğundan ge­dir. Amma bütövlükdə cəmiyyə­tin, mil­­lə­tin mənə­vi keyfiyyətləri ilə intellektual inkişaf səviy­yəsi, ix­ti­­sasa, peşəkar bilik­lərə yiyələn­mə dərəcəsi arasında uzlaşma – si­vili­za­si­ya və tərəqqinin mühüm şərt­lə­rindən biridir.

Kamalın qələbəsi üçün yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək mənəvi-əxlaqi səviyyə ilə tamamlanmalıdır.

Din, əxlaq, incəsənət daha çox dərəcədə fərdə, ayrıca götürülmüş bir insanın iç dünyasına, mənəvi aləminə təsir edir və onu yönləndirir. Elmin məqsədi isə insanın özünü yö­nəltmək, yüksəltmək yox, onun vasitəsilə təbii və ictimai ger­çəkliyi dəyişdirmək, insanın maraq dairəsinə uyğunlaşdır­maqdan ibarətdir. Elmi biliklər insan üçün özü-özlüyündə dəyər təşkil etmir. Onlar elmi-texniki fəaliyyət və texnoloji biliklər sayəsində ikinci təbiətin, maddi mədəniyyətin yara­dılmasına və inkişafına xidmət edir ki, insanın mənə­viy­ya­tı­na, onun mədəni-mənəvi həyatına da ancaq bu dəyişikliklər sahəsində, dolayası ilə təsir etmiş olur. Başqa sözlə desək, din, əxlaq və incəsənət mənəvi mədəniyyət sferasına aid olduqları halda, elm, elmi-texniki və texnoloji biliklər daha çox dərəcədə maddi mədəniyyətin yaradılması prosesində bir mərhələ təşkil edirlər.

İnsanın əqli, intellektual fəaliyyəti təbii ki, mənəvi həyatın dəyərləndirilməsində də iştirak edə bilər, dinşü­nas­lıq, sənətşünaslıq, etika, esteti­ka kimi sahələr elmin bölmə­ləri ol­salar da, onların pred­meti maddi yox, mənəvi hə­yatdır. La­kin bu­nunla belə, el­mi biliklər mənəvi həyatın strukturuna bila­va­sitə da­xil olmur və bir qayda olaraq onun fövqündə dayanır.

Elm və texnika min illərdən bəri dönmədən inkişaf edir və bu inkişafın sürəti getdikcə daha da artır. Vaxtilə insanın nağıllarda vəsf etdiyi, möcüzə saydığı hadisələri elm artıq həqiqətə çevirmişdir. Bəs bu gün insan elmdən daha nələr gözləyir? Elmi-texniki tərəqqinin son həddi yoxdurmu? Və ya o heç olmazsa nəfəsini dərmək üçün dayan­mırmı? Dayanıb keçdiyi yolu tənqidi təhlil süz­gəcindən keçirmirsə, özünü dərk etməyə təşəbbüs göstərmir­sə onun gələcəyinə nə dərəcədə nikbin münasibət bəsləmək olar?

Hər bir dövrdə insanın texniki tələbatı elmi-texniki tərəqqinin mövcud inkişaf səviyyəsi ilə müəyyən olunur. Gələcəyə gedən yol artıq əldə olunmuş naliyyətlər zirvəsindən daha aydın görünür. İnsan bu zirvədən elmi-texniki tərəqqinin bütün sahələrinə nəzər salaraq onu öz mənafeyinə uyğun olaraq planlı su­rət­də idarə etməyə çalışır.

Əgər keçmişdə məhdud zehni biliklər əsasında bəzən o dövrün ümumi inkişaf səviyyəsi baxımından ağlasığmaz gö­rünən unikal ixtiralar edilirdisə, müasir texniki nailiyyətlər elmin bugünkü inkişaf səviyyəsində açılmış böyük imkanlar müqabilində heç də həmişə heyrətamiz görünmür. Əksinə, mühəndis işi, ixtiraçılıq fəaliyyəti elmlə müqayisədə geri qa­lır. Səbəbi isə odur ki, elm hələ XVII-XVIII əsrlər­dən başla­yaraq vahid sosial və qnoseoloji sistem kimi forma­laşdığı və daxili tamlığa malik bütöv, müntəzəm prosesə çevrildiyi hal­da, nə texnologiya, nə də elmi-texniki fəaliyyət hələ sosial institut kimi for­malaşmamışdır. Ona görə də, elmi-texniki tərəqqinin pers­pektivi ən çox bu sahədəki təşkilati işin səmə­rəsi ilə bağlıdır. Nə qədər ki, elmi-texniki fəaliyyət hələ nisbi müstəqillik statusu kəsb etməyib, elm ilə istehsalat ara­sın­dakı əlaqə də nizamlı və müntəzəm xarakter daşı­maya­caqdır.

* * *
Elmi tərəqqinin hüdudsuz­luğu ən çox onun kumul­yativ xa­rak­terinin nəticəsidir. Ku­mul­yativlik – elmi biliklərin üst-üstə toplanması deməkdir. Müa­sir elmşünaslıq elmi inki­şaf qa­nunauyğunluğunun daha mürək­kəb xarakterə malik oldu­ğunu aş­kar etsə də, hər halda bu xassə elmin mühüm səciy­yələrindən biri olaraq qalmaqdadır.

Sə­nət məmləkətində hər bir şairin, rəssamın, bəstə­ka­rın ucaltdığı ayrıca məbədlər var ki, onlar bir-birindən seçilir və heç vaxt bir-birinin üzə­rinə toplanmır. Sənət əsəri hansı isə vahid bir binanın kərpicinə, nəhəng sənət maşınının vinti­nə çevrilsə, öz bütövlüyünü və ahəngini itirər və daha sənət əsəri olmaz.

Eləcə də fəlsəfə və əxlaq sahəsində. Hər bir yeni nəslin nü­mayəndəsi əvvəlkindən daha zəngin mənəviyyatlı və daha tərbi­yəlimi olur? Nəzəriyyədən də, təcrübədən də məlumdur ki, belə bir qəti hökm səhvdir. Bəs onda əxlaqda, incəsənətdə tərəqqi yoxdurmu?

Tərəqqi var, lakin o kumulyativ yolla həyata keçmir. Hər sonra gələn əvvəlkinin yaratdığının üzərində deyil, onunla yanaşı başqa əsərlər yaradır, özünəməxsus mənəvi aləmə, əxlaqi key­fiyyətlərə malik olur. Bu keyfiyyətlər həmin dövrün yalnız ümumi ahəngindən deyil, həm də real həyat tərzindən, konkret ictimai-iqti­sadi mühitdən asılı olur. Bura­da tərəqqi ilə yanaşı, xüsusi şəraitlərdə geriləmə, tənəzzül və s. də tamamilə təbii haldır.

Elmdə isə geriyə yol yoxdur. Ayrıca bir ölkədə elmin inkişafı ləngisə də, bütövlükdə elm maşını daim irəli gedir, elm binası heç vaxt tamamlanmır, üzərinə yeni-yeni mərtə­bələr əlavə olunur. Ümumi bir yüksəliş var və hər bir ölkə­nin məqsədi bu yürüşdən geri qalmamaq, onun ön cəbhəsinə çıxmaqdır.

Əlbəttə, biz bununla elmin inkişaf yolunun mürək­kəb­liyini, burada da böhranların və inqilabların labüdlüyünü inkar et­mək istəmirik. Əsas məq­səd, tə­fər­rüatlara varmadan, ye­kun inki­şa­fın va­hid istiqamətini və mün­təzəm xa­rakterini göstər­məkdir.

Lakin doğrudanmı elmi tə­rəq­qi­nin həddi-hüdudu yoxdur? Bəs bu pro­sesin məh­dud­laşdırılmasına yönəldilmiş amillər necə?

Elmin üfüqündə yaxın gələcəkdə onun sürətli inkişa­fı­na mane ola biləcək heç bir şübhəli qaraltı görünmür. Hətta texniki tərəqqi sahəsində, təbii enerji ehtiyatları sahəsində qarşıya çıxan bir sıra prinsipial çətinliklərin də əlacı yalnız elmin tərəqqisində axtarılır.

Elmin inkişaf imkanları şübhə doğurmadığı halda, bu inkişafın həmişə məhz müsbət nəticələrə gətirəcəyini hökm etmək mümkün deyil. Təsadüfi deyil ki, yeni elmi nailiy­yət­lərin tətbiqi, ikinci təbiətin yaradılması sahəsindəki fəaliyyət zamanı müəyyən cəhətlərin nəzərdən qaçırıldığı və bunun bəşəriyyət üçün böyük təhlükə doğurduğun yalnız müasir dövrdə aşkar edilmişdir. İnsan təbiəti dəyişdirərkən milyon illər ərzində formalaşmış olan təbii ahəngi, qaydanı poz­du­ğuna fikir verməmişdir. O yalnız təbiət bunun müqabilində, qisas aldığı vaxt ayılmış və səhvlərini düzəltməyə başla­mış­dır. Lakin bu gün qlobal miqyas kəsb edən və olduqca təhlü­kəli xarakter alan ekoloji problemi uğurla həll etmək insana müyəssər olacaqmı?

Elm elə böyük nüfuz qazanmışdır ki, insan ekoloji problemi də məhz elmin öz nailiyyətləri sayəsində həll edəcə­yinə böyük inam bəsləyir. Elm doğrudan da, bu problemi həll etmək iqtidarındadır. Lakin yalnız bir şərtlə ki, elmdən planlı və məqsədəuyğun surətdə, ehtiyatla istifadə edilsin, təkcə bugünkü nəticələr və şəxsi mənfəət deyil, həm də pla­netin gələcəyi, bütün bəşəriyyətin taleyi nəzərə alınsın. Bu isə artıq yeni təfəkkür deməkdir.
* * *

Ağ qoç işıqlı dünyaya,

qara qoç qaranlıq dünyaya aparır.

«Məlikməmməd»

İnsan gələcək haqqında düşünərkən elmin inkişafına bö­yük ümidlər bəsləyir. Bəs elmi-texniki tərəqqi insanı hara aparır?

Elementar məntiqi təhlil göstərir ki, əgər elmi-texniki tərəqqi insanı aparırsa, son nəticədə qaranlığa aparacaq. Çünki yüz dəfə işığa doğru getmək hələ bir dəfə qaranlığa getmək ehtimalını aradan qal­dırmır. Yüz gün meşədə gəz­mək hələ o demək deyil ki, bir gün qurda rast gəlməyə­cək­sən. Lakin rast gəldikdə daha gec olur. Qaran­lıq dünyaya gedən yol əbədidir, oradan geriyə yol yoxdur.

Bir dəfə A.Eynşteyndən üçüncü dünya müharibəsi haqqında nə düşündüyünü soruşurlar. O isə dördüncü dün­ya müharibəsinin ox və kamanla olacağını söyləyir. Bu isə Yer üzərində sivilizasiyanın məhv olacağına işarə idi. Lakin A.Eynşteynin bu proqnozu hərbi texnikanın 40 il bundan əvvəlki səviyyəsinə hesablanmışdı. Müasir dövrdə isə dağı­dı­cı və kimyəvi qırğın silahlarının gücü elə bir hədə çatmışdır ki, müharibədən sonra harada isə Afrika cəngəlliklərində adamlar qala­ca­ğına və bəşəriyyətin keçdiyi bütün tarixi yo­lun təzədən təkrar olu­na­ca­ğına da ümid yoxdur. Qarşıda Yer üzərində həyatın ümumiyyətlə qalıb-qalmaması məsələsi durur.

Nüvə müharibəsi təhlükəsi bir yana dursun, ətraf mühitin tədricən, lakin müntəzəm surətdə zəhərlənməsi toplanıb gözlə­nil­mədən elə bir həddə çata bilər ki, elə yeni keyfiyyət halı ya­ra­­nar ki, insan "ha" eləyib çıxış yolu düşünənə qədər, öz nə­həng elm maşınının səmtini dəyişənə qədər artıq gec olar.

Şər deməsən xeyir gəlməz, – deyiblər. Biz də şər ehti­ma­lını nəzərə almaqdan çəkinmirik. Lakin şər o vaxt labüd­dür ki, in­san elmi-texniki tərəqqini deyil, elmi-texniki tərəq­qi insanı aparır.

Biz elmi-texniki tərəqqiyə, onun gələcəyinə və insan həyatında roluna nikbin yanaşırıq. Lakin bir şərtlə ki, elmi-texniki tərəqqi son məq­sədə çevrilməsin və insan öz ix­tiyarını elmin, texnikanın əlinə verməsin. Əksinə, elmi də, texnikanı da çilovlayaraq onlar­dan yüksək bəşəri ideallara çatmaq üçün bir vasitə kimi isti­fadə etsin.

Müasir dövrdə insan özünə elmin vasitəsilə, lakin dialektik təfəkkür əsasında, zəka işığında yol açmalıdır. Sual oluna bilər ki, məgər zəka elmdən kənar bir şeydirmi? Xeyr, zəka, heç şübhəsiz, elmlə də bağlıdır. Lakin təkcə elmlə yox, həm də əxlaq və incəsənətlə, insanın min illərdən bəri formalaşmış olan mənəvi idealları ilə, humanist fəlsəfi fikirlə bağlıdır. Zəka – bütün bunların vəhdəti, insanın intellektual, emosional və mənəvi-əxlaqi in­ki­şaf istiqamətlərinin birləşdiyi zirvədir. Bu gün yeni təfəkkür ad­lan­dırdığımız düşüncə tərzi də məhz dialektik zəka, sözün böyük məna­sında kamal deməkdir. Cahanda kamalın qalib gəlməsi üçün əsas şərtlərdən biri isə elmi-texniki tərəqqinin humanistləşdirilməsi, onun insanın mənəvi ideallarına tabe edilməsidir.

Antik dövrdə praktik biliklər elmdən, elm isə fəlsəfədən hələ ta­mamilə ayrılmamışdı. Ona görə də, bütün biliklərin mərkə­zində, istər aşkar, istərsə də qeyri-aşkar şəkildə insan daya­nırdı. Protaqorun sözü ilə desək, insan hər şeyin meyarı idi.

Orta əsr Şərqində elm praktik biliklərdən ayrılaraq fəl­səfə və ilahiyyat ilə daha çox bağlandı və nəticədə elmin ayağı yer­dən üzülmüş oldu. Bu dövrdə elmin humanitarlaşması onun təbii zəmindən ayrılması ilə nəticələndi.

İntibah dövründə də qanad açıb uçmağa başladı və "sə­mada" orta əsr Şərq elminə qovuşdu. Bu vüsal elmin vəznini artırdı və o, tədricən yerə enməyə başladı.

Yeni dövrdə (kapitalizm çəmiyyətində) F.Bekonun de­diyi kimi, "elmin qanadlarına qurğuşun bağlandı" və o, tama­milə Yerə enərək prak­tik fəaliyyətin vasitəsinə çevrildi. Elmi tədqiqatların istiqaməti tex­niki tələblərə uyğunlaşdırıldı və təd­ricən vahid elmi-texniki proses for­ma­­laşmağa başladı. Elmin texnika ilə daha çox əlaqələnməsi və riyazi­ləşməsi onu ilkin sinkretik başlanğıcdan daha da uzaqlaşdırdı. Elmin insana yadlığı özünü getdikcə daha çox büruzə verməyə başladı. Rasionalizm və texnisizm meyllərinin təzyiqi ilə elmdə huma­nitar çalarlar solğunlaşdı və elmdən insana qarşı, onun emo­sional və əxlaqi-mənəvi ideallarına qarşı istifadə edilməsi ehtimalı artdı. El­min insan mənəvi ahəngindən kənara çıxa­raq onunla ziddiyyətə girməsi Qərb sivilizasiyasının süqutunun tə­məlini qoydu.

Bu gün ABŞ-da ulduz müharibələrinə hazırlıq sahə­sin­dəki işlər artıq insan nəzarətindən çıxaraq kompüterlərin nə­za­rətinə əsaslanır ki, bu da insanın özünü elmi-texniki tərəq­qinin ixti­yarına verməsi deməkdir. Elmi-texniki tərəqqinin insanın hara apara biləcəyini isə biz artıq yuxarıda izah et­mişik. Yaranmış vəziyyətin real təhlükəsini bütün tərəqqi­pərvər qüvvələrin nəzərinə çatdırmaq və bəşəriyyəti bu təh­lükədən xilas etmək bu günün tarixi vəzifələrindən biridir.

Qlobal miqyaslı yeni təfəkkürə keçidi zəruri edən mühüm səbəb­lərdən biri məhz elmi-texniki tərəqqidə insan amilinin ön plana çəkil­məsinə, onun humanistləşdirilməsinə, elmin hərbi sənayeyə və ümu­miyyətlə, istehsala tətbiqinin mənəvi meyar süzgəcindən keçirilmə­sinə olan ehtiyacdır. Ona görə də, müa­sir ictimai tərəqqi prosesi bir tərəfdən elmi-texniki tərəqqinin sürətləndirilməsini və onun praktik tətbiqinin intensiv­ləş­di­ril­məsini tələb edirsə, digər tərəfdən də, bu hadisənin yekun istiqamətinin insanın yüksək mənəvi ideallarına tabe edil­məsini nəzərdə tutur.

Elm və texnikanın bəşəriyyət üçün daha çox müsbət, yoxsa mənfi nəticələr törətdiyi barədə mübahisələr yeni deyil. Elmə müxtəlif münasibət, xüsusən iki kənar mövqedən müna­si­bət ictimai fikir tari­xində dərin köklərə malikdir. Hələ XVIII əsrdə Volterlə Russo ara­sındakı mübahisələr həmin mə­sələyə əks münasibətlərin klassik nümunəsi sayıla bilər. Pozit­i­vizm və ekzistehsializm arasındakı başlıca fərq­lərdən biri də məhz onların elmə münasibətdə bir-birinə əks olan kənar mövqe tutmalarıdır.



"Elmi tərənnüm edən" pozitivizm insanın mənəvi fəa­liy­yə­tinin digər sahələrinə etinasızlıq göstərdiyi kimi, "incəsənəti tə­rənnüm edən" ekzis­tensializm də elmə yalnız onun törətdiyi mənfi nəticələr prizmasından baxır. Elmə bu cür təzadlı münasibət müasir dövrdə ssientizm və antis­sientizm ki­mi bir-birinə əks cərə­yanların möv­qeyində daha aşkar surətdə üzə çıxır.

Elmin, elmi-texniki tərəq­qi­nin nailiyyətləri artdıqca müasir döv­rün fu­turoloqları daha çox də­rəcədə bir-birinə əks olan iki cəbhəyə ayrılırlar. Əgər ssientist futu­roloqlar üçün elmi fetişləşdirmək, onun nailiyyətlərini həddindən artıq şişir­də­rək bütün ictimai bəlaları elmlə müalicə etmək ideyası səciyyə­vi­dirsə, antissientist futuroloqlar müasir Qərb cəmiyyətinin bütün uğursuzluqlarını elmlə bağlamağa, elmin bəşə­riyyət üçün böyük fə­lakətlər mənbəyi olduğunu, törətdiyi ziyanların xeyrini üstələdiyini göstərməyə çalışırlar.

Texnikaya və onun sosial nəticələrinə münasibət baxımın­dan da Qərb fəlsəfi konsepsiyaları bir-birinə əks olan mövqe­lərə bölünərək texnisizm və antitexnisizm mövqelərindən çıxış edirlər.

Ssientizm və texnisizm mövqeləri (xüsusi halda texno­loji deter­minizm, postindustrializm və s.) isə elm və texni­ka­nın inkişafına kapitalist ölkələrini böhrandan xilas edə bilən vasitə, ümid mənbəyi kimi baxır. Belə çıxır ki, elm və texni­ka­nın yüksək inkişaf səviyyəsi hətta daxili sosial ziddiyətləri də aradan qaldırmaq imkanına malik­dir. Bununla da, elmi-texniki tərəqqi ictimai inkişafın vasitəsi yox, məqsədi kimi, bütün sosial ziddiyyətləri həll edən sehrli çubuq kimi qələmə ve­rilir.

Əslində isə elmə xilaskar kimi baxmaq, ondan səadət ummaq robotdan mərhəmət diləmək kimi bir şeydir. Hər şey onun qabaqcadan insan tərəfindən necə proqramlaş­dı­rıl­ma­sın­dan asılıdır.

Müasir elmin böyük imkanlarına heç kim şübhə etmir. Elmin inkişafı və tətbiqi nəticəsində əvvəllər sehr, möcüzə sayılan hadisələr, insanın əsrlər boyu arzusunda olduğu süni vasitələr indi real həyat həqi­qətlərinə çevrilir. Göygöz Kosanın sehrli çubuğunu da, Həkim babanın qadir kəmərini və ecazkar suyunu da bu gün elm yaradır. Lakin elmin qüdrəti onun kimin əlində olmasından ası­lıdır. Həkim babanın əlində o, daşı əridir və çiçəkləndirir, Göygöz Ko­sanın əlində isə adamı daşa çevirir.

Elm çırağını yandıran kimi, ağ qoçla yanaşı qara qoç da nazil olur. Zümrüd quşunun dediyi kimi, gərək çalışıb ağ qoça minəsən. Çünki ağ qoç işıqlı dünyaya aparır – atom elektrik stansiyası neçə-neçə evə işıq gətirdiyi kimi; qara qoç isə qaranlıq dünyaya aparır – atom bombası Xirosima əhalisini əbədi zülmətə qərq etdiyi kimi. Lakin Zümrüd quşu unut­muşdu desin ki, ağ qoça minmək hələ azdır. Çalış büdrəmə, azca büdrəsən ağ qoç səni yenə də qara qoçun üstünə atacaq – «Çelencer»-dəki və Çernobıldakı məsuliyyətsizliklərin nəticəsi kimi.

Əsrimiz raket əsridir, – deyirlər. Lakin raketlər bizi yalnız o vaxt işıqlı sabaha aparır ki, onun sükanında humanist mənəviyyat, yeni təhsil paradiqması dayanmış olsun! Sabah elmin necə idarə olunacağı, ondan hansı məqsədlər üçün istifadə ediləcəyi bu gün təhsilin məzmununda texiniki və humanitar aspektlərin tarazlaşdırıla bilməsindən asılıdır.

Yəqin buna görədir ki, XXI əsrdə təhsil sistemində yeni paradiq­ma­ya keçid ilk növbədə təhsilin humanitarlaşdırılması ilə əlaqələndirilir. Professor Yaqut Neymətov yazır: «Təhsilin humanitar paradiqmasının mənası peşə təlimi ilə təhsilin üzvi vəhdətindədir. Axı təhsilin məqsədi şəxsiyyətin inkişafından ibarətdir, təlim isə bu məqsədə çatmağın vasi­təsidir. Əgər peşə təhsili öz məqsədinə çevrilsə biz vasitə ilə məqsədi qarışıq salmış olarıq». 1

Elmin məqsəd və funksiyalarını, mənəvi aspektlərini bilmək təhsil siyasətinin formalaşması üçün çox önəmlidir. Çünki təhsilin məzmu­nunda elmi-texniki biliklərə birtərəfli qaydada geniş yer verilməsi və on­ların insanın daha böyük amallar uğrunda mübarizəsində ancaq bir va­sitə olduğunun öyrədilməməsi, gənclərin bu amallardan xəbərsiz qalması təhsilin ali məqsədindən uzaqlaşmasına gətirib çaxara bilər.
Nəyə görə insan bütün böyük ümidlərini elmlə bağ­layır, qar­şısına çıxan çətinliklərdən, təhlükələrdən xilas yo­lunu elmdə axtarır? Məgər bu gün bəşəriyyət üçün ən böyük təhlükə olan nüvə silahını da, ekoloji böhranı da elm yarat­mamışdırmı? Nəyə görə bu aydın həqiqətləri görə-görə insan yenə də bu təhlükələrin «səbəbkarına» pənah aparır, onun ətəyinə sığınır? Doğrudanmı hər bir çətinlikdən çıxış yolunu, V.Hüqonun dediyi kimi, bu çətinliyi doğuran sə­bəbin özündə axtarmaq lazımdır?

Hər halda bir şey aydındır ki, insan yaradıcılığının ən ecazkar məhsulu olan elm getdikcə insandan uzaqlaşır və öz yaradıcılığından asılı olmayan müstəqil qüvvəyə çevrilir. İndi elmin kimin əlində ol­masından çox şey asılıdır. Böyük Füzuli elə bil bu gün üçün demişdi: «Elm pis adamların əlində hiyləgərlik alətidir. Amandır, hiyləgər şəxslərə bilik öyrətmə. Fəsad əhlinə elm öyrətmək xalqı qırmaq üçün cəlladın əlinə iti qılınc vermək deməkdir». Lakin, təəssüf ki, tarix bu hikmətə əməl etməmiş, «fəsad əhli» elmə daha tez yiyələnmişdir. Ta­rixin təkərini geri döndərmək, elmi «fəsad əhlinin» əlindən geri almaq mümkün deyil. Ona görə də, qar­şıda duran böyük vəzifə heç olmazsa bu gün kamal əh­linin elmə daha böyük sürətlə yiyələnməsi və inkişaf səviy­yəsinə görə «fəsad əhlini» qabaqlamasıdır. Elm yalnız o zaman bəşəriyyəti həqiqətən xoşbəxtliyə aparar ki, onun ön cəbhəsi etibarlı əllərdə olsun.



O vaxt ki, hər bir adam yalnız özünə lazım olan bilikləri öyrənməklə kifayətlənirdi – o vaxt arxada qalmışdır. Elm sağlam şüur və əxlaqi meyar hüdudlarını keçərək özünə münasibətdə yeni düşüncə tərzi tələb edir. Əgər o dövrdə Sədi Şirazi öz dediklərinə əməl etməyən alimi əlində çıraq gəzdirən kora bənzədirdisə, indi belə korlardan kə­nar­da elmin inkişafını təsəvvür etmək qeyri-mümkün olur. Kim isə axtarır, kəşf edir, tapır, lakin özü üçün de­yil, başqaları üçün. Özü də konkret mənada başqaları üçün yox, məsələn, öz övladları üçün, ya bir qohumu, ta­nıdığı bir adam üçün yox, naməlum başqaları üçün. Bü­tün bəşəriyyət üçün.

Başqasının kəşf etdiyi bilik elə bil ki, yəhərli, yü­yən­li at kimi qaça-qaça gəlib hamının qarşı­sın­dan keçir. Ke­çir, lakin dayanmır. Ata minib onu istədiyin səmtə sür­mək üçün, ona sahib olmaq üçün də xüsusi məharət la­zım­dır. Bir yerdə dayanan adam qaçan ata minə bilməz. Gə­rək sən özün də hərəkətdə olasan. Elə bil ki, elm adamı üzünü tətbiqçilərə tutub deyir: "Məndən bərəkət, sizdən hə­rəkət". Elmin tətbiqi isə olduqca müxtəlif sahələri əhatə edir.

Kim belə hesab edirsə ki, elmin həyatla əlaqəsi yalnız texnika vasitəsilə mümkünür, böyük səhv edir. Həyat yalnız istehsalatdan ibarət deyil. Başqa sözlə, maddi istehsal ictimai həyatın yalnız cüzi bir hissəsini təşkil edir. Düzdür, maddi istehsalın rolu böyükdür. La­kin mənəvi-intellektual amillərin getdikcə daha çox dərəcədə məhsul­dar qüvvəyə çevrildiyi bir şəraitdə ictimai həyatın mənəvi və maddi komponentləri arasındakı nisbətdə ciddi dəyiş­mələr baş verməkdədir.

Bütövlükdə ictimai həyatın mənzərəsi hər bir adamın həyatına nəzərən daha zəngin və daha rənga­rəng­dir. İctimai həyata insanın həm maddi, həm də mənəvi ehtiyaclarının ödə­nilməsinə yönəlmiş fəaliyyət sahələri ilə yanaşı, əslində heç bir konkret insana lazım ol­mayan, yalnız müəyyən sosial təşkilati strukturların özünü­mü­ha­fi­zəsinə xidmət edən fəaliy­yət sahələri də daxildir. İnsanın bilavasitə maddi tələ­batına xidmət edən yüngül sənaye, həmin sənayenin texniki ehtiyaclarını təmin edən maşın­qa­yırma sənayesi, texno­lo­gi­yalara nə­za­rət edən mühəndis fəaliyyəti, fəhlələrin bilavasitə icraçılıq fəaliyyəti, yeni texniki sistemlərin layihəsini hazır­la­yan ixtiraçı və kons­truk­torların fəaliyyəti, elmi nailiyyətlərin istehsala tətbiq yollarını axtaran elmi-texniki fəaliyyət və nə­ha­yət, yeni elmi biliklərin əldə olunmasına xidmət edən el­mi işçilərin fəaliyyəti – elmi kəşflər. Elmi axtarışlar aparan adam­la­rın, habelə mühəndis və konstruktor kadrlarının hazır­lan­ma­sına xidmət edən təhsil sistemi. Bu, vahid bir zəncirdir. Təhsil-elm-ixtiraçılıq fəaliyyəti – texnologiyaların mənim­sə­nil­­məsi, – mü­hən­dis fəaliyyəti – bilavasitə icraçılıq – is­teh­lak malla­rının hazır­lanması – istehlak...



1 Нейматов Я.М. Образование в ХХЫ веке: тенденции и прогнозы. – М., 2002, стр. 119-120.


Yüklə 168,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə