№3 Humanitar elmlər seriyası 2010 Kİnodastan «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 84,72 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü84,72 Kb.
#3355


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

 

KİNODASTAN - «KİTABİ-DƏDƏ QORQUD» POVESTİ  



ANAR YARADICILIĞININ ZİRVƏSİDİR 

 

Y.N.İSMAYILOVA 

Bakı Dövlət Universiteti 

yegane_N@mail.ru 

 

Görkəmli Azərbaycan yazıçısı Anar öz yaradıcılığında dəfələrlə «Kitabi-Dədə Qorqud» 



eposuna müraciət etmişdir. Yazıçının «Dədə Qorqud» yaradıcılığının  əsasında «Dədə Qor-

qud» povesti durur. Başqa sözlə, «Kitabi-Dədə Qorqud» eposu onun yaradıcılığında həm 

uşaqlar üçün bədii-kütləvi formada işlənmiş, müəllif epos əsasında həm povest yazmış, həm də 

kinossenari (özünün adlandırdığı kimi: «kinodastan») işləmişdir. Anarın biri-birindən ayrıl-

maz olub, əslində, bir «bütöv əsəri» (vahid yaradıcılıq hadisəsini) təşkil edən bu yaradıcılı-

ğının mərkəzində «Dədə Qorqud» povesti durur. Əslində, vahid bir əsər olub, kinoda, səhnədə 

müxtəlif versiyaları işlənmiş bu yaradıcılığın çox uğurlu taleyi var. Həmin əsərlər Azərbaycan 

və rus dillərində Bakıda və Moskvada dəfələrlə nəşr olunmuşdur. 

 

Anarın «Dədə Qorqud» yaradıcılığının əsasında «Dədə Qorqud» povesti durur. 



Başqa sözlə, «Kitabi-Dədə Qorqud» eposu onun yaradıcılığında həm uşaqlar üçün 

bədii-kütləvi formada işlənmiş, müəllif epos əsasında həm povest yazmış, həm də 

kinossenari (özünün adlandırdığı kimi: «kinodastan») işləmişdir. Anarın biri-birindən 

ayrılmaz olub, əslində, bir «bütöv əsəri» (vahid yaradıcılıq hadisəsini) təşkil edən bu 

yaradıcılığının mərkəzində «Dədə Qorqud» povesti durur. Əslində, vahid bir əsər 

olub, kinoda, səhnədə müxtəlif versiyaları işlənmiş bu yaradıcılığın çox uğurlu taleyi 

var. Həmin əsərlər Azərbaycan və rus dillərində Bakıda və Moskvada dəfələrlə nəşr 

olunmuşdur (bax: 1; 2; 3; 4; 5; 6; 7; 8; 9 və s.). 

Povestə müraciət edək. Əsər oğuzların öz aralarında qanlı döyüşünün təsviri ilə 

başlanır: «O gün Oğuz ellərinin ağır günüydü. Oğuz oğulları biri-birinə qarşı qalxmışdı. 

Dost-dostla, qohum-qohumla cəng edirdi, qardaş qardaşdan, ata oğuldan ayrılmışdı» (3, 4). 

Anar yaradıcı kombinasiya edərək «Kitabi-Dədə Qorqud» eposunun sonunda 

verilən İç Oğuzla Daş oğuz arasındakı qardaş qırğınını povestin əvvəlinə gətirir: son 

ilə  əvvəlin (sonluqla başlığın) yerini dəyişir. Bədii mətn konsturksiyasında yerdə-

yişmə heç vaxt riyaziyyatdakı «iki ədədin yerini dəyişdikdə cəmin dəyişməməsi» ki-

mi mexaniki əməliyyat deyildir. Mətndə yerdəyişmə poetik məkanların və zamanların 

yerdəyişməsidir. Bununla mətnin bütün xronotopu – məkan-zaman sistemi dəyişir. Bu 

isə müəllifdən dəyişdirdiyi sistemin yeni  kombinasiyada düzüm formulunu tapmağı 

tələb edir. Süjetdən məlum olur ki, bu, Anar tərəfindən düşünülmüş müəllif bədii kon-

sepsiyasına uyğun bütöv kompozisiya sistemidir. Bu döyüşün qəribə sonluğu da 

həmin sistemin içindədir. Belə ki, döyüşdə öldürülənlər daşa çevrilirlər: «Döyüş mey-

danının qəribə  mənzərəsi vardı.  İgidlər, atlar bir-bir həlak olduqca donub qalırdılar, 

 34



daşa dönürdülər... Döyüş sona yetdi; indi bu meydan daş heykəllər düzülmüş bir çöl 

idi, insan və at heykəlləri müxtəlif vəziyyətlərdə, müxtəlif biçimlərdə donub qal-

mışdı.» (3, 4-5). 

Bu daş mənzərəsi müəllifin düşüncəsində konstruksiyalaşdırılmış tarix konsep-

siyasının bədii təzahürüdür. Həmin daş heykəllər Azərbaycan-oğuz-türk tarixinin 

«daşla yazılmış kitabı» – «daşa yazılmış tarixidir». Əsərdəki Qobustan obrazı  məhz 

bu daşla yazılmış tarixin obrazıdır. Bu tarix əsərdə quru, çılpaq hadisələrin düzümü 

kimi verilmir. Biz burada milli tarixin təməl fəlsəfəsini – həyat-ölüm modelini də 

görürük. Anar əsərin  əvvəlində  Dədə Qorqudun mifoloji əfsanələrdən bizə  məlum 

olan «ölümdənqaçma» motivini məhz milli tarixin fəlsəfi-bədii əsası kimi mətnə daxil 

etmiş  və povestin bütün süjetini, obrazların bütün hərəkət dinamikasını bu həyat 

fəlsəfəsinin məntiqinə tabe etmişdir. 

«Kitabi-Dədə Qorqud» dastanlarının süjet-kompozisiya quruluşunu əks etdirən 

elementləri  əsərə üzvi ünsürlər kimi daxil edən Anar povestin əsas  süjetini eposun 

ilk boyu olan «Dirsə xan oğlu Buğac» boyunda olduğu kimi Bayandır xanın məclisi 

ilə başlayır. Üç çadır qurulub: ağ, qırmızı və qara. Ağ – oğlu olanlar, qırmızı – qızı 

olanlar, qara – övladsızlar üçündür. Biz burada müəllif düşüncəsində modelləşdirilmiş 

ilk yaradıcı əməliyyatla qarşılaşırıq: eposdan fərqli olaraq Bayandır xanın vəziri var 

və bu, bizim eposda Daş Oğuzun başçısı kimi tanıdığımız Alp Aruzdur. 

Bəybura və  Bəybecan da qonaqlığa gəlirlər. Alp Aruz Bəyburanı qara çadıra 

ötürür. Bəybura küsür, inciyir, əmr (buyruq) Bayandır xandan olsa da, onunla Alp 

Aruzun arasında konfliktin əsası qoyulur. Eposda biz bu konflikti övladsız Dirsə 

xanla Bayandır xanın arasında görürük. Lakin Anar əsərdə Dirsə xanı  Bəybura ilə 

əvəz etməklə  gələcəkdə doğulacaq Beyrəyin süjet fəallığının və  əsərin konfliktoloji 

dinamikasındakı rolunun əsaslarını qoyur.  

Bəybura evinə qayıdıb, arvadı Ayna Mələyin məsləhəti ilə fəqir-füqəraya ehsa-

nat edir ki, Tanrı ona övlad versin. Bəybura ilə Bəybecan ovda olarkən Ayna Mələyin 

oğlan doğması xəbəri gəlir və bəylər öz övladlarını beşikkərtmə nişanlayırlar.  

Anar Dirsə xanı  Bəybura ilə  əvəz etdiyi kimi, onun oğlu Buğacı da Qazanla 

əvəz edir. Qazan Bəyburanın qurduğu məclisdə zəncirini qırıb qaçmış buğanı  öldürür 

və Dədə Qorqud ona ad (Qazan) qoyur. Bayandır xanın qızı Burla ilə Qazan evlənir-

lər. Eposda onların oğlunun adı Uruzdur, povestdə isə Tural. Bütün bu addəyişmələr 

müəllifin düşündüyü poetik sistem daxilindədir. Eposda on iki boyda cərəyan edən və 

bir çox hallarda biri-birini təsdiq etməyərək ziddiyyətlər – anaxronizmlər yaradan 

süjet və obrazları Anar müasir nəsr təhkiyəsinin vahid süjet xətti içərisinə salır. Bu 

baxımdan, eposda ovçu Bəkilin oğlu Əmrandırsa, povestdə – Qaraca Çobandır. 

Bu obrazların hər biri ona müəllif tərəfindən verilmiş xarakterə malikdir. Məsə-

lən, Qaraca Çoban eposda çoban zümrəsinə mənsubdur. Onunla Qazan xan arasında 

ictimai bərabərsizlik var: onlar sosial iyerarxiya nərdivanının fərqli pillələrində du-

rurlar. Dastanda Qazan xan təkbaşına evini qurtarmağa gedərkən Qaraca Çobanın ona 

kömək etməsini məhz bu sosial bərabərsizlik (bəy-rəiyyət) modeli baxımından özü 

üçün əskiklik sayır. Anar isə povestdə sosial iyerarxiya modelindən tamamilə imtina 

etmişdir. Burada Qaraca Çoban tamamilə nüfuzlu bir adamın – Oğuz elinin keşikçisi 

Bəkilin oğludur. Povestdə də Qazan xan təkbaşına evin qurtarmağa gedərkən Qaraca 

Çobanın ona kömək etməsini  istəmir. Lakin yazıçı bu imtinanı sosial bərabərsizliklə 

yox, o dövrün cəgavərlik kodeksi ilə motivləndirir. Qazan xan «Artıq-əskik danışma, 

Çoban, – dedi, – özümə  nə  gəlib ki, mənim evimi sən qurtarasan» (3,  61). Burada 

 35



Qaraca Çobana qarşı heç bir üstənaşağıbaxma, bəyənməmə prinsipi yoxdur, sadəcə 

olaraq, müəllifin gerçəkləşdirdiyi bədii konsepsiyaya görə, hər igid öz savaşına 

birinci özü getməlidir, sonra el köməyə gəlməlidir. 

Əsərdəki hər bir obrazdəyişmə beləcə müəllif bədii konsepsiyasının yükünü 

daşıyır. Məsələn, eposda Alp Aruzun Basat adlı oğlu varsa, povestdə o, övladsızdır. 

Anar, beləliklə, Basatı  mətndən çıxarmış, lakin onun dastandakı  əsas funksiyasını 

Beyrəyə vermişdir. Eposda Təpəgözü Basat öldürürsə, povestdə Təpəgöz Bəyburanın 

oğlu tərəfindən öldürülür və bu qəhrəmanlıq onun Beyrək adını almasının motivini 

təşkil edir.  

Mətnaltı düşüncədə öz povestini milli həqiqətlərin özünütəsdiq vasitəsi kimi 

düşünən Anar öz əsərində «Kitabi-Dədə Qorqud» eposunda olmayan tamamilə oriji-

nal bir süjet işləmişdir: Bayandır xanın ölümü və Qazanın xan seçilməsi. Anar burada 

iki siyasi prinsipi qovuşdurur: vəsiyyət və seçki. Bayandır xan öz yerinə Salur Qazanı 

vəsiyyət edir, lakin onun hakimiyyətə gəlişi seçki ilə – «xanseçmə» mərasimi ilə olur. 

Yazıçı bununla qədim oğuz-türk siyasi mədəniyyətini müasir oxucunun düşüncəsinə 

gətirməklə onun yaddaşına oğuz-türk babalarının möhtəşəm siyasi mədəniyyət daşı-

yıcıları olması haqqında milli özünütəsdiq impulsları verir. 

Povestdə süjet konfliktini gərgin vəziyyətdə saxlayan Alp Aruz obrazıdır. O, 

Bayandır xanın vaxtında vəzir idi. Salur Qazan Beyrəyi özünə vəzir təyin edir. Nif-

rətini boğa bilməyən Alp Aruz Oğuz elinin düşmənləri ilə  əlaqəyə girir. Bütün bu 

mürəkkəb münasibətlər torunda qurban və qəhrəman Beyrəkdir. Eposda olduğu kimi 

povestdə də ceyran onu beşikkərtmə nişanlısının yanına gətirir. Nişanlılar biri-birini 

tanıyırlar. Lakin onların qovuşması üçün bir maneə var. Banıçiçəyin qardaşı  Dəli 

Qoçər.  


Maraqlıdır ki, eposdakı Dəli Qarcar (prof. Ə.Tanrıverdiyə görə «Qarcar» adının 

etimologiyası «Qaraca ər» deməkdir. Bax: 10, 85) adını Anar öz povestində M.Rzaqu 

luzadədə olduğu kimi, Dəli Qoçər  şəklində  işlədir. Yazıçı Qoçər obrazını eposdakı 

Dəli Qarcar və  Dəli Domrul prototipləri  əsasında yaratmışdır. Hər iki obraz «dəli» 

xüsusiyyətlərinə malikdir. Anar öz povestində Dəli Qarcarın dəliliklərinə Dəli Dom-

rulun eposdakı  dəliliklərini də  əlavə etməklə,  əslində, bir obrazın – Dəli Qoçərin 

simasında «Kitabi-Dədə Qorqud»un epik dünya modelindəki «dəlilik» funksiyasına 

aid olan bütün «dəliləri» ümumiləşdirmişdir. Dəli Qoçər öz prototipi Dəli Domrul 

kimi quru çayın üzərindən körpü salır, «keçənlərdən otuz axça, keçməyənlərdən 

döyə-döyə qırx axça alırdı» (3, 31). 

Dəli Qoçər «maneəsi» dastanda olduğu kimi Dədə Qorqud tərəfindən dəf edil-

dikdən sonra toy qurulur. Anar «Dədə Qorqud» eposu təhkiyəsinin bütün mənalı ele-

mentlərini povestə gətirir və müasir nəsr təhkiyəsi ilə yenidən işləyir: «Qız Bənövşə 

yaylağında toy dəsgahı idi. Banıçiçəyə toy paltarı geyindirirdilər. Qısırca Yengə onun 

döşünə güzgü tutmuşdu, anası başına qırmızı parçadan çalma bağlayırdı» (3, 35). 

Təsvirdə müasir bədii düşüncənin metaforik imkanlarından istifadə edən 

müəllif bununla epik yaddaşdan məlum olan obrazları müasirləşdirir: oxucu qədim 

dövrün qəhrəmanlarını öz müasirləri, yaşıdları kimi hiss edir. Bu tipli təsvirlər po-

vestə xüsusi kolorit verir: «...Banıçiçək çadırında uzanmışdı, çadırının qapısından 

səmaya – karvanqıran ulduza baxırdı, yastığının yanına yığdığı yovşan topalarını 

iyləyirdi. Gözünə yuxu getmirdi... Beyrək də öz çadırında yovşan iyləyirdi, karvan-

qıran ulduzlara baxırdı, düşünürdü. Yavaş-yavaş xumarlanırdı, gözlərini yumdu, yu-

xuya getdi» (3, 36). 

 36



Povestdəki bu təsvirlər mənt elementi kimi polisemantik məna – çoxmənalı 

anlam daşıyır. Burada çoxlu məna qatları var. Onlardan ikisinə diqqət edək. Birincisi

burada yazıçı dili – bədii dil müəllif-mətn-oxucu üçbucağının qovuşdurucu səviyyəsi 

kimi çıxış edir. Anar əsərdə Azərbaycan dilinin tarixi məna arsenalını müasir təhki-

yənin funksional sisteminə daxil etməklə zamanları, məkanları biri-birinə qovuşdurur. 

Biri-birindən minillərlə ayrılan məkan-zaman sistemləri arasındakı «fasilə» aradan 

qalxır: yazıçı dilin gözəlliyindən onun daşıyıcılarını birləşdirən ünsür kimi istifadə 

etməklə milli dili milli tarixin birləşdirici, vəhdətyaradıcı sistemi səviyyəsinə  qədər 

yüksəldir. Bu baxımdan, povestin dili xüsusi hadisədir.  Əsərin bu xüsusiyyəti 

tədqiqatçılar, o cümlədən xarici ölkə alimləri tərəfindən qeyd olunmuşdur. Məsələn, 

Anarın «Dədə Qorqud» povestinin Türkiyə nəşrinə (bax: 11) ön söz yazmış  məşhur 

türk dilçisi prof. O.F.Sərtqaya göstərir ki, «Azərbaycan dilinin bütün özəlliklərini 

özündə  cəmləşdirən «Dədə Qorqud» povesti «üslub xarüqəsi» sayıla və Türkiyədə 

Azərbaycan dilini öyrənənlər üçün dərs vəsaiti kimi istifadə edilə bilər» (12). 

İkincisi, Anarın təsvirlərində, o cümlədən nümunə verdiyimiz təsvirində  bədii 

baxımdan çox qüvvətli semantikaya malik obraz-elementlər var. Yuxarıda örnək ver-

diyimiz parçada bu semantik element yovşandır. Anar qaynağı dastan süjetindən gə-

lən bu bitkini əsərdə  vətənə, yurda, el-obaya bağlılığın simvolu səviyyəsinə qaldır-

mışdır. 

Beyrəyi Alp Aruzun fitvası ilə Parasarın Bayburd hasarının xaqanı Qara Arslan 

qaçırtdırıb öz qalasında dustaq edir.  Qara Aslan ona Oğuza qarşı çıxmağı təklif edir. 

Beyrək: «Mərd oğul öz yurduna yad olmaz» – deyib (3,  41) bu təklifdən imtina edir. 

Anar burada bir çox yaradıcı kontaminasiyalar – obraz-süjet çarpazlaşmaları apar-

mışdır. Eposda Salur Qazan dustaq olarkən Təkurun arvadı ilə onun arasındakı dia-

loqu yazıçı  əsərdə Beyrəyə aid edir. Bundan başqa, eposdan məlum olan Qanturalı-

Selcan xatun xəttini də Beyrək obrazına yönəltmişdir. Beyrək eposdakı Qanturalı 

kimi xaqanın vəhşi heyvanlarını məğlub edir. Bu zaman Selcan xatun ona aşiq olur. 

Beyrək vəhşi heyvanlarla vuruşmada qələbə qazanıb Selcan xatuna evlənmək imkanı 

əldə etsə də, o «mənim öz elimdə göz açıb gördüyüm, könül verib sevdiyim adaxlım 

var» – deyərək (3, 48) Selcandan imtina edir. Onu yenidən zindana salırlar. Selcan 

onu  şəhvani nəfslə  sınağa çıkir. Hər gecə yanına gəlib soyunaraq özünü Beyrəyə 

təklif edir. Beyrək isə aralarına qılınc qoyub öz sevgisinə sadiq qalır. Nəhayət, bir gün 

ağır, üzücü, sonu görünməyən  əzab öz işini görür: Beyrək Selcanın təklifini qəbul 

edir. Selcan başa düşür ki, o, oğuz igidini daxilən sındırıb, indi Beyrək heç yana qaçıb 

getməyəcək. Odur ki, Beyrəyi zindandan azad elətdirir. Beyrək nə  qədər istəyirsə, 

qaçıb gedə bilmir, çünki o, sevgilisi Banıçiçəyə xəyanət etmişdi. Bir gün atası Bəy-

buranın göndərdiyi tacirlər onun olduğu qalaya gəlib çıxırlar. O, özünü tacirlərə 

tanıtmayıb onlara deyir ki, Beyrək ölüb. O, bunu deməklə,  əslində özünü mənəvi 

cəhətdən, doğrudan da, ölmüş sayırdı.  

Tacirlər ona Beyrəyin qəbrinə tökməyə  vətən torpağı verib gedirlər: «Beyrək 

uzun-uzun karvanın dalınca baxdı, sonra torpaq bükülü dəsmalı açdı. Üzünü ov-

cundakı torpağa qoyub iynədi, bayıldı, yavaşcadan: 

 –  Yovşan iyi, – dedi və birdən anladı ki, daha burada qala bilməyəcək. Ye-

rindən sıçradı, dəli kimi qaçmağa başladı. Yamaclardan, qayalardan, yarğanlardan 

atıldı. Hasarın üstündə, Ağca bürcdən Selcan xatun Beyrəyin qaçdığını gördü, yaralı 

quş kimi çırpındı, hasardan pırlayıb uçmaq istədi. Keşikçiləri səsləyib  əmr etmək 

istədi ki, Beyrəyi qovub tutsunlar, qaytarsınlar. Amma birdən-birə o da başa düşdü ki, 

 37



hər şey əbəsdir, Beyrəyi daha qaytarmaq olmayacaq» (3, 73). 

Göründüyü kimi, yovşan obrazı çox qüvvətli məna yükünə malikdir. Yovşan ilk 

öncə Beyrək və Banıçiçəyin arasındakı  məhəbbətin saflığını, müqəddəsliyini sim-

volizə edir. Hər ikisi biri-birinin iyini yovşandan alır. Yovşan bu halda vətən öv-

ladlarının biri-birinə can bağlığını, qan bağlılığını, ruh bağlılığını rəmzləndirir. Lakin 

onun funksiyası daha böyükdür. Zindanın  əzabları  və Selcanın  şəhvani gözəlliyi 

qarşısında duruş  gətirə bilməyən Beyrək öz namusunu – kişilik bəkarətini  qurban 

verir. Bu, onu mənəvi cəhətdən öldürür, atasının göndərdiyi tacirlərə «Beyrək yoxdu, 

Beyrək ölüb» xəbərini buna görə deyir. Çünki o, özünü Oğuz eli üçün ölmüş sayırdı. 

Onu həyata, mənəvi diriliyinə yovşan qaytarır. Yovşanı iyləyən Beyrəyin beyninə 

yurdun, sevgilisinin ətri çatınca o, mənəvi ölümdən qurtulur, qüruru, diriliyi özünə 

qayıdır: yovşan Oğuz eli üçün ölmüş Beyrəyi məhv olmağa qoymur, onu vətənə, 

yurda, el-obaya qaytarır. Fikrimizcə, Anarın toy gecəsi öz çadırlarında Beyrəyə  və 

Banıçiçəyə «yovşan iylətdirməsinin» və bu təsvirləri bədii dilin milli incisi 

səviyyəsinə qaldırmasının səbəbi budur. 

Povestin mərkəzi surətlərindən biri Salur Qazan və onun oğlu Turaldır. Qazan 

oğluna igidlik öyrətmək üçün onunla ikilikdə ova çıxır. Yenə də Alp Aruzun xəyanəti 

ilə  Qıpçaq Məlik onları tutub əsir aparır. Qazanın obasına basqın edib qız-gəlinini, 

evini, mal-dövlətini də yağmalayırlar. Anar eposdan Uruzla anası arasındakı məşhur 

epizod-dialoqu povestə mühüm element kimi daxil edir. Bu hissələrin təsvirləri emo-

sional baxımdan çox güclüdür. Çünki milli Azərbaycan-oğuz insanının mənəviyyat 

tarixinin ən parlaq səhifələrindən biridir. Qıpçaq Məlik Salur Qazandan heyif almaq 

üçün onun arvadının namusuna sataşmaq istəyir. Lakin qırx qızın içərisində Burla 

Xatunu tanıya bilmirlər. Turalın (Uruzun) ətini kabab çəkib qızlara yedirtmək istəyir-

lər ki, ananı tapa bilsinlər. Çünki heç bir ana öz övldaının ətindən yeməyə razı olmaz-

dı. Anar əsərdə Turalın dili ilə Azərbaycan milli varlığının tarixlər boyu sarsılmayan 

həqiqətini olduğu kimi səsləndirir və burada Uruzun eposdakı sözlərinin povestdə 

Turalın dilindən dəyişmədən bəyan edilməsi Azərbaycan milli mənəviyyatının, milil 

özünütəsdiq dəyərlərinin əbədilik manifesti kimi səslənir: «Tural...:  – Ağlama, ana, – 

dedi... – Qoy mənim ətimi qovurma eləsinlər. Hamı bir yesə, sən iki ye, təki səni bil-

məsinlər, duymasınlar. Ta ki, atam Qazanın namusunu sındırmayasan» (3, 63). 

Oğuz eli köməyə gəlir. Qazanı, onun oğlunu xilas edirlər. Yazıçı Anar bu səhnə-

də Oğuz milli dövlətinin başçısı Salur Qazanın dili ilə milli tariximizin ən ulu və əbədi 

həqiqətini səsləndirir: «Oğul Tural,... gördünmü, bu dünyada baş  kəsmədən, qan tök-

mədən keçinmək olmur. İndi bildinmi mənim sözlərimin haqq olduğunu?» (3, 69). 

Bu sözlər öz ruhu etibarilə «Kitabi-Dədə Qorqud» dastanından gəlsə  də, 

dastanda bilavasitə yoxdur. Anar burada üstüörtülü məna «oyunu» qurur: ata ilə 

oğulun – milli dövlətin hökmdarı ilə onun varisinin arasındakı dialoqda Tural atasının 

«baş kəsmək-qan tökmək» fəlsəfəsinə etiraz edir: «Yox, əziz ata,... indi onu bildim ki, 

dünyada baş kəsməkdən, qan tökməkdən, zalımlıqdan pis şey yox imiş» (3, 69). 

Ata ilə  oğulun bu dialoqunda atanın sözləri Azərbaycan xalqının milli özü-

nütəsdiq həqiqəti, oğulun sözləri isə yazıçının (Anarın) rejimə nökərçilik edən saxta 

tənqidçilər tərəfindən qan tökmək fəlsəfəsini təbliğ etməkdə tənqid olunmamaq (daha 

dəqiqi isə – senzura) üçün işlətdiyi bədii söz priyomudur. 

Qazanın evini qurtarırlar, Beyrək yurduna dönür, namərdlər, yağılar öz cəzasına 

çatır. Onları gözləyən dəhşətli bəladan xəbərsiz Oğuz xalqı sevinir. Məzarının üs-

tündə oturaraq ölümünü gözləyən Dədə Qorqud hadisələrin ardını belə  nəql edir: 

 38



«Beyrək  əsirlikdən qayıdıb gəldi, toyun etdi. Banıçiçəyi gərdəyinə  gətirdi, oğulları 

oldu. Beyrəyin bacısı Güneli Qazanın oğlu Turala nişanladılar. Şadlıq elədik, çaldıq, 

oxuduq. Elə bildik ki, Oğuz elinin qadalı-bəlalı günləri qurtardı getdi. Nə biləydik ki, 

müsibətli günlərimiz qabaqdaymış, nə biləydik ki, hələ başımıza necə  qəzalar 

gələcək, yurdumuz nə bəlalar görəcəkmiş» (3, 83). 

Alp Aruzun xəyanəti üzə  çıxır, o, öz qan qohumlarını başına toplayıb Salur 

Qazana düşmən olur. Beyrəyi öz tərəfinə  çəkmək istəyir. Barışmaq adı ilə evinə 

çağırtdırıb ölümcül yaralayır. Yaralı Beyrək evinə qayıdır və arvadını, bacısını, qoca 

atasını, anasını Qazana, oğlunu da igid kimi böyütməyi can dostu Qaraca Çobana 

tapşırmağı vəsiyyət eləyib gözlərini yumur. Oğuz elinə qardaş  qırğını düşür.  İgidlər 

öldükcə daş topalarına dönürlər. İç oğuzlu-Daş oğuzlu bütün igidlərin, demək olar ki, 

hamısı həlak olur. Tək-tük insan salamat qalır.  

Məzarı başında oturaraq bu qəmli «dastanı» söyləyib başa çatdıran Dədə 

Qorqud artıq yaşamaqda bir məna görmür: «Dədə Qorqud sözünü deyib qurtardı, 

qopuzunu götürüb köynəyinə taxdı, bir kənara qoydu, sakitcə  məzarına baxdı, 

üsulluca ora girdi, uzandı, fısıllıqdan ala ilan çıxıb fışıldaya-fışıldaya məzara tərəf 

süründü. Dədə Qorqud gözlərini yumub gözləyirdi. Birdən uzaqdan səslər eşitdi, 

gözlərini açdı, başını qaldırdı, diqqət elədi» (3,  89). 

Bunlar döyüş meydanında cəsədi tapılmayan Turalın anası Burla və arvadı 

Günel idi. Onlar Turalı yaralı halda tapırlar. Dədə Qorqud Turalın yarasına baxıb: 

«Xanım, bu yaradan qorxma, – dedi, – bu yaradan oğlana ölüm yoxdur. Ana südü, bir 

də dağ çiçəyi onun yarasının məlhəmidir» (3, 69). 

Göründüyü kimi, Anar «Kitabi-Dədə Qorqud» dastanlarında Xızırın funk-

siyasını M.Rzaquluzadə kimi Dədə Qorquda verir. M.Rzaquluzadənin Xızırı  Dədə 

Qorqudla əvəzləməsinin o dövrün ab-havası ilə bağlı motivləri barədə artıq demişik. 

Anarın yaşadığı dövrdə Xızırı bədii ədəbiyyata gətirməyin heç bir «təhlükəsi» olmasa 

da, yazıçı bu epizodu Dədə Qorqudla bağlamağı məqsədəuyğun hesab etmişdir. 

Fikrimizcə, bu, səbəbsiz deyildir. Məsələnin kökləri, ilk növbədə, yazıçının 

gerçəkləşdirdiyi bədii konsepsiyadadır. Povestdə bütün müqəddəs dəyərlər Dədə 

Qorqud obrazına konsentrə olunmuşdur. «Ana südü, dağ çiçəyi» ilə müalicə bir 

şaman terapiyasıdır, bu mənada həmin terapiyanın öz arxetipləri baxımından qam-

şaman olması haqqında çox deyilmiş Qorquda aid edilməsi tamamilə təbiidir. Lakin 

burada məsələnin mahiyyəti təkcə şaman terapiyası ilə bağlı deyildir. Eposda qorunub 

qalmış bu müalicə, sadəcə,  şaman terapiyası yox, oğuzların müqəddəs dəyərləri ilə 

bağlı qədim görüşlərini özündə əks etdirir. 

Oğuzlarda ana müqəddəsdir. «Ana haqqı – Tanrı haqqı» deyimi oğuz şüurunun 

müqəddəs hökmlərindən biridir. Türk folklorunda mifik süd simvolunun kosmoloji 

semantikası  məsələsini araşdırmış folklorşünas  Ə.Kərimbəyli eposdakı «ana südü, 

dağ  çəçəyi» ilə bağlı yazır ki, «mifopetik Ana südü bir sıra mifik funksiyalarla 

yükümlüdür: 

1. Ana südü – şəfa simvoludur. 

2. Ana südü – mistik simvoldur. 

3. Ana südü – mifik auralı simvoldur. 

4. Ana südü – hərəkətli (transferli) simvoldur. 

5 Ana südü – super simvoldur» (13, 198).  

Göründüyü kimi, ana südü müqəddəsdir və bu süd, hər  şeydən öncə, ana 

başlanğıcını ifadə edir. Tural ölümcül vəziyyətdədir. Qam-şaman görüşlərinə görə, 

 39



onun ruhu bədənindən çıxmış, yəni ölmüşdür. Dədə Qorqud onu həyata qaytarır, yəni 

dirildir. Bu, ölüb-dirilmədir. Folklorşünas alim R.Əliyev bu epizodu məhz ölüb-

dirilmə (totem əcdadların ölmüş  qəhrəmana yenidən həyat verməsi) kimi şərh 

etmişdir (14, 44). Bu cəhətdən, Turalın həyata qayıtması onun yenidən dünyaya gəl-

məsi – doğulması deməkdir. Doğum ata-ana ilə mümkün olur. Bu halda, bizim 

fikrimizcə, «ana südü və dağ çiçəyi» ana və atanı (ana və ata başlanğıclarını) sim-

vollaşdırır. Ana südü – ana başlanğıcının rəmzidirsə, dağ çiçəyi də – ata başlanğıcının 

rəmzidir. Türk mifologiyasının dərin qatlarını yazıçı  fəhmi ilə dərindən duyan Anar 

dağ obrazını povestdə açıq-aşkar şəkildə ata başlanğıcı kimi təqdim etmişdir. Əsərdə 

Turalla sevgilisi Günelin arasındakı dialoqa diqqət edək: 

«Tural dedi: 

– Günel, sən niyə dağlara baxanda həmişə yaşmaqlanırsan, üzünü gizlədirsən? 

Günel xəfifcə gülümsündü: 

– Bunu bizə anamız öyrədib, – dedi. Ona da nənəmiz öyüd verib. Deyirlər ki, 

Qazılıq dağı bizim –  Oğuz qızlarının, gəlinlərinin qayınatasıdır. Bu dağı görəndə 

gərək sifətimizi örtək» (3, 51). 

Göründüyü kimi, Qazılıq dağı Günelin qayınatası, yəni Turalın dağ atasıdır. 

Ölümcül yaralanaraq dağın yamacına düşüb qalmış Tural, əslində, dağ atası, yəni to-

tem atası (totem əcdadı) Qazılıq dağının quğacındadır. Onu ana südü ilə dağ çiçəyinin 

sağaltması Turala bu simvollarda bir mifik qüvvə kimi mövcud olan ana əcdadın ruhu 

ilə ata əcdadın ruhunun (ana və ata başlanğıclarının) yenidən həyat verməsidir. 

Bu simvollar nə eposda, nə də povestdə təsadüfi işlənməyib, xalqımızın dağın 

əcdad olması haqqında qədim mifik təsəvvürləri ilə bağlıdır. Bu cəhətdən, M.Rza-

quluzadənin öz əsərində  Xızırı  Dədə Qorqudla əvəzləməsi dövrün siyasi-ideoloji 

iqlimi ilə bağlı idisə, Anarda bu əvəzlənmə dəqiq mifoloji-epik, bədii-estetik məntiqə 

tabedir. 

Əsərin sonunda göstərilir ki, «Dədə Qorqud, Burla Xatun və Tural harasa gedir-

dilər. Onlar gəlib haman döyüş meydanına çıxdılar. Bura tamam dəyişmişdi. Qaraca 

Çoban yöndəmsiz daş qalıqlarını  dığırlayıb kənara atırdı. Daşlardan boşalmış mey-

danda öküzlər cüt sürür, adamlar holavar çağıra-çağıra torpağı xışlayırdı. Qaraca Ço-

ban qan-tər içində torpağı daşdan-kəsəkdən təmizləyirdi. Beyrəyin 14 yaşlı oğlu ona 

kömək edirdi» (3, 91). 

Burada Dədə Qorqudla Qaraca Çoban arasında əsərin bütün sətiraltı məna yü-

künü özündə daşıyan dialoq olur: 

«Dədə Qorqud: 

 – Çoban, oğul, nə edirsən belə? – dedi. 

Qaraca Çoban: 

– Torpağı təmizləyirəm, Dədə, – dedi. – İstəyirəm şumlayaq, əkək, biçək, ye-

yək, dolanaq. Məsləhətdirmi, Dədə? 

Dədə Qorqud: 

– Çoban, sözün haqdır, – dedi. – Yurdumuzun başına çox qəzalar gəldi, ərləri-

miz, igidlərimiz çox qırıldı. Amma tamam qırılıb qurtarmadıq. Hələ varıq, hələ olaca-

yıq, qalacayıq» (3, 91). 

Bu dialoq ikili məna sisteminə malikdir: mətnüstu və  mətnaltı  məna sıraları. 

Mətnüstündə  hər  şey aydındır: elin igidləri qırılıb,  əkib-biçmək, dolanmaq, artıb-

çoxalmaq, el-obanı dirçəltmək lazımdır. Lakin Anar mətnaltına çox dərin məna yükü 

yerləşdirib. Bunun üçün dialoqun məna aləminə, onu təşkil edən obraz-ünsürlərin 

 40



məna yükünə və poetik məkanın mənasına diqqət yetirmək lazımdır. 

Əvvəla, dialoqda söhbət əkib-biçməkdən gedir. Mətnüstündə bu, elin yaşaması, 

çörək  əldə etmək üçün taxıl  əkilməsi deməkdir. Bu halda Dədə Qorqudun Qaraca 

Çobanın bu məqsədinə xeyir-dua verməsi onun Oğuz cəmiyyətindəki ağsaqqallıq 

funksiyası baxımından tamamilə normaldır. 

Lakin taxıl əkmək istəyənin kim olduğuna diqqət verdikdə müəllif ideyası əsas 

konturları ilə boy verir. Anar povestdə Qaraca Çobanı bir çoban və döyüşçü kimi 

təsvir etmişdir. Çoban əkinçi deyil və onun işi mal-qaradır. Bu halda Qaraca Çobanın 

əkin  əkməsi onun funksiyası baxımından özünü doğrultmur.  İkincisi, o, həm də 

döyüşçüdür. Döyüşçülər isə  əkin  əkmirlər. Üçüncüsü və başlıcası, Qaraca Çobanın 

əkin  əkmək istədiyi yer bu məqsədin reallaşdırılmasından ötrü məqsədəuyğun yer 

deyil. Bu yer qardaş qırğınının acı xatirəsini özündə saxlayan daş məzarlıqdır. Yada 

salaq ki, Anar bu məzarlığı  əsərin  əvvəlində  oğuzların daş kitabəsi, xalqın daşla 

yazılmış tarixi kimi təsvir etmişdir. Bu halda Qaraca Çobanın məhz bu məzarlıqda 

əkin  əkmək istəməsi onun Oğuz xalqının tarixinə, müqəddəs abidəsinə – qardaşlıq 

məzarına qəsd etməsi deməkdir. O isə heç bir halda Oğuzun müqəddəs dəyərlərinə 

qarşı  çıxmazdı.  Əksinə, bu dəyərlərdən ötrü hər an özünü ölümə atan igid idi. Bəs, 

onda Qaraca Çobanın bu «anormal» hərəkətinin mənası nədir? 

Bu sualın cavabı Anarın «Dədə Qorqud» povestinin bütün həqiqi mənasını, 

gizlində qalan, yazıçının mətnaltına yerləşdirdiyi gizli ideyanı izah edir. Məsələ 

burasındadır ki, Qaraca Çobanın əkin əkdiyi yer döyüş meydanıdır. Döyüş meydanını 

əkmirlər, orada vuruşurlar. Döyüş meydanında  yalnız  məcazi mənada  əkin  əkmək 

olar. Qaraca Çobanın da əkin  əkməsinin məcazi mənası var. Bir çoban və döyüşçü 

olan Qaraca Çobanın döyüş meydanında  əkin  əkməsi onun Oğuz xalqının döyüş, 

vuruş  ənənələrini qoruması, davam etdirməsi mənasındadır. Yerə toxum əkirlər, 

toxum isə  ənənə deməkdir: hər hansı bir bitkinin toxumu həmin bitkinin tarix bo-

yunca dəyişməyən bütün ənənəvi  əlamətlərini özündə yaşadır. Burada yazıçı  fəlsəfi 

ideyanı inkar və  təsdiq üzərində qurub. Belə ki, Qaraca Çobanın döyüş meydanını 

təmizləməsi xalq tərəfindən qardaş qırğınının inkar olunması deməkdir. Çobanın dö-

yüş meydanında əkin əkməsi isə sonrakı nəsillərin – oğuzların yağılara, elin, yurdun 

düşmənlərinə qarşı birləşmə, döyüşmə ənənəsini qəbul edərək yaşatması, milli ideya 

kimi təsdiq etməsi deməkdir.  Əsərdə  Dədə Qorqudun da buna xeyir-dua verməsi 

rəmzi xarakter daşıyır. Unutmaq olmaz ki, son döyüşdə  oğuzlar məğlubiyyətə  uğ-

rayıb, məhv olublar. İndi yeni nəsil oğuz dövlətçiliyini bərpa etməlidir. Yazıçı Dədə 

Qorqudun xeyir-duası ilə demək istəyir ki, Azərbaycan xalqının öz milli varlığını 

qoruması, dövlətçiliyini yenidən bərpa etməsi xalqın əl-ələ verib birləşməsindən, elin 

dar günündə yağılara qarşı, şad günündə isə biri-birlərinə qarşı bir olmasından keçir. 



 

ƏDƏBİYYAT 

1. Anar. Dədə Qorqud (kinodastan) // «Azərbaycan» jur., 1974, № 1, s. 45-104. 

2. Anar. Dədə Qorqud (kinodastan) / Anar. Adamın Adamı. Bakı: Azərnəşr, 1977, s. 415-503. 

3. Anar. Dədə Qorqud (povest və pyes). Bakı: Gənclik, 1983, 168 s. 

4. Anar. Dədə Qorqud (kinodastan) / Anar. Seçilmiş  əsərləri. 2 cilddə. I c., Bakı: Azərnəşr, 

1988, s. 203-280. 

5. Anar. Dədə Qorqud. Bakı: Yurd, 1999, 84 s. 

6.  Анар.  Деде  Коркуд  (киноэпос).  Перевод  Э.Везировой  и  В.Портнова // Жур.  Лите-

ратурный Азербайджан, 1974, № 10, с. 74-106; № 11, с. 71-96. 

 41



7. Анар. Деде Коргут: повесть по мотивам азербайджанского эпоса. М.: Десткая литера-

тура, 1980, 126 с. 

8.  Анар.  Деде  Коргуд:  повесть  по  мотивам  азербайджанского  эпоса.  Баку:  Гянджлик, 

1988, 124 с. 

9. Анар. Деде Коркуд / Перевод Э.Везировой и В.Портнова. Баку: Юрд, 1999, 84 с. 

10. Tanrıverdi Ə. «Kitabi-Dədə Qorqud»un söz dünyası. Bakı: Nurlan, 2007, 456 s.  

11. Anar. Dede Korkud / Türk Diline Aktaran Ehed Eşqriz. Sunuş Osman Fikri Sertkaya. 

İstanbul: 1999 

12. Anarın «Dədə Qorqud» povesti Türkiyədə  nəşr edilmişdir. «Ədəbiyyat qəzeti», Bakı, 

1999, 19 fevral 

13. Kərimbəyli  Ə. Türk folklorunda mifik süd simvolunun kosmoloji semantikası / «Ortaq 

türk keçmişindən – ortaq türk gələcəyinə» V Uluslararası folklor konfransının materialları 

(17-19 oktyabr 2007). Bakı: Səda, 2007, s. 194-203  

14.  Əliyev R. Azərbaycan nağıllarında ölüb-dirilmə motivinin  tipləri və tipikləşdirilməsi 

haqqında // «Dədə Qorqud» jur., 2005, № 3, s. 36-49 

 

КИНОДАСТАН –ПОВЕСТЬ «КДК»-ПИК ТВОРЧЕСТВА АНАРА 

 

Е.Н.ИСМАИЛОВА 

 

РЕЗЮМЕ 

 

Известный  писатель  Азербайджана  Анар  в  своем  творчестве  многократно 

обращался к эпосу «Китаби Деде Коркуд». Писатель создал повесть «Деде Коркуд» на 

основе  творчества,  посвященному  «Деде  Коркуду».  Иначе  говоря,  сюжет  «Деде 

Коркуд» был использован и в форме массовой культуры, и  в форме повести, и в виде 

киносценария  (кинодастана).  В  творчестве Анара  центральное  место  занимает  повесть 

«Деде  Коркуд».  У  этого  произведения  отраженного  и в  кино,  и  на сцене  театра имеет 

успешную судьбу. Это произведение многократно публиковалось в Баку и в Москве как 

на азербайджанском, так и русском языках. 

 

 

THE FILM-EPOS-STORY «KDG»-AS THE APEX OF ANAR’S CREATIVITY 

 

Y.N.ISMAYILOVA 

 

SUMMARY 

 

The famous Azerbaijani writer Anar multiply referred to the epos “Kitabi-Dede 

Gorgud”. The writer created his story “Dede Gorgud” on the base of works of literature 

dedicated to the “Dede Gorgud” topic. In other words, the story of “Dede Gorgud” was also 

used in the form of mass culture, both as a story and a screenplay. The story “Dede Gorgud” is 

of key importance in Anar’s creativity. The story has been very successful both at stage and as 

a screenplay. The work has multiply been published in the Azerbaijani and Russian languages. 

 

 



 

 42

Yüklə 84,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə