19-cu əsrin 40-cı illərinin islahatları. 1847-ci il kəndli islahatları



Yüklə 34,77 Kb.
tarix22.12.2023
ölçüsü34,77 Kb.
#154054
Kollec Tarix (2)


19-cu əsrin 40-cı illərinin islahatları. 1847-ci il kəndli islahatları

1847-ci il Kəndli Əsasnamələri - Çar Rusiyası tərəfindən Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə məqsədilə tətbiq olunmuş sənədlər.
Xanlıqlar dövründə (XVIII əsrin ortaları – 1828-ci illər) Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlər bütün ölkə miqyasında qanunla rəsmiləşdirilməmiş və nizamlanmamışdı. İşğaldan sonra bu problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycanın ali təbəqəsinin – xansultan, məlik, bəy və ağalarının torpaq üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları kəndləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar bəylərinə də verilmişdi. Lakin diyarda yaranmış gərgin vəziyyət bu fərmanın sonrakı taleyini qeyri-mümkün etdi. Rusiya imperatoru I Nikolayın əmri ilə 1844-cü ildə Qafqazda canişinlik yaradıldı və ilk canişin qraf M.S.Vorontsova verilən göstərişlərdən biri də Azərbaycan bəy və ağalarının silki hüquqi və imtiyazlarının nizamlanması idi. Çarın 6 dekabr 1846-cı il fərmanı ilə Azərbaycan ali silkinin torpaq üzərində mülkiyyət hüququ tanındı və qanuniləşdirildi. Yalnız bundan az sonra bəylərlə feodal-asılı kəndlilərin qarşılıqlı münasibətlərini qanuniləşdirən - "Kəndli Əsasnamələri" verildi.
Reskriptdə şərh olunan və torpaq sahibkarları ilə kəndlilərin qarşılıqlı münasibətlərini müəyyənləşdirən prinsiplər 1847-ci il 20 aprel və 28 dekabr tarixli "Kəndli əsasnamələri"ndə konkretləşdirildi. Bu əsasnamələrdən birincisi Şamaxı və Dərbənd quberniyalarınm bəy kəndlilərinə, yəni Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzalannm xüsusi sahibkar kəndlilərinə, ikincisi isə Tiflis quberniyasının Yelizavetpol qəzasındakı Qazax və Şəmşəddil nahiyələri ağalarının torpaqlarında yaşayan kəndlilərə aid idi.
1847-ci il 20 aprel "Əsasnaməsi"ndə torpaq mülkiyyətçiləri ilə kəndlilərin qarşılıqlı münasibətlərini müəyyənləşdirən, sahibkar kəndlilərinin iqtisadi və hüquqi vəziyyətinə aid bir sıra müxtəlif məsələlərə toxunulurdu. "Əsasnamə" torpaq mülkiyyətçilərinin üzərinə 15 yaşından yuxarı kişi cinsindən olan hər bir kəndlini taxılçılıq, maldarlıq və bostançılıq üçün yararlı olan 5 desyatinlik pay torpağı ilə təmin etmək vəzifəsi qoyurdu. Kəndlini torpaqla təmin etmək vəzifəsini irəli sürən qanunverici, hər şeydən əvvəl xəzinənin və dövlət təhlükəsizliyinin mənafelərini müdafiə etməyi, sahibkarlar və dövlət üçün torpaq rentasiyasının toplanmasını təmin etməyi qarşısına məqsəd qoymuşdu. Sahibkar kəndliləri isə islahata qədər ki, dövrdə olduğu kimi 5 desyatindən az torpaq sahələrindən istifadə edirdilər.
"Əsasnamə" bu tələbin sahibkarlar tərəfindən yerinə yetirilməsini təmin edəcək heç bir tədbir nəzərdə tutmurdu. Mükəlləfiyyətlərin həcmi pay torpağının sahəsindən asılı olaraq müəyyənləşdirilmədiyindən, kəndlinin pay torpağının artırılmasına və "Əsasnamə"də nəzərdə tutulmuş ölçülərə çatdırmağa sahibkarın heç bir marağı yox idi, belə ki, torpağı icarəyə vermək sahibkar üçün daha əlverişli idi. Bütün bunlar "Əsasnamə"nin bu maddəsini qabaqcadan uğursuzluğa məhkum edir, ona deklarativ xarakter verirdi.
"Əsasnamə"nin əsas maddələrindən biri kəndlilərin mükəlləfiyyətləri məsələsi idi. Qanun kəndli mükəlləfiyyətlərinin müxtəlif növlərini, onların ödənilməsi və yerinə yetirilməsi üsullarını ətraflı surətdə şərh edirdi.
Malcəhət - torpaq sahəsinin kəndlinin vəsaiti (iş heyvanı, kənd təsərrüfatı alətləri, toxum) hesabına becərilməsi şərti ilə istənilən kənd təsərrüfatı bitkisi məhsulunun sahibkarın xeyrinə ayrılan 1/10 hissəsi əsas məhsulla toplanan mükəlləfiyyət idi. "Əsasnamə" rəiyyətləri çoxdan bəri mövcud olmuş bir sıra digər məhsulla toplanan mükəlləfiyyətlərdən azad edərək və ya onları malcəhətin ümumi miqyasına daxil edərək, bu sahəyə nizamlayıcı əsas tətbiq edir və kəndlilərdən alınan natural məhsulla toplanan vergiləri müəyyən dərəcədə azaldırdı. Kəndlilər öz pay torpaqlannı sahibkarların iş heyvanı, alətləri və toxumundan istifadə edərək becərdikləri təqdirdə, onlar məhsulun 1/5-dən çox olmayan hissəsini sahibkara verməli idilər. Bu maddə feodal asılı kəndlilərinin rənc-bərlər (əkərlər) və nökərlər kimi əvvəlki zümrələri, habelə var-yoxdan çıxmış rəiyyətlər ücün nəzərdə tutulmuşdur.
"Əsasnamə"yə görə, torpaq mülkiyyətçiləri onlara pay torpağı ayırmalı idilər. Torpaq alan, lakin istehsal vasitələri olmayan bu kəndlilər "kömək" üçün feodala müraciət etməli olurdular.
"Əsasnamə" kəndlilər üzərinə məhsul yığımından sonra üç gün ərzində sahibkarın payını ayırmaq, feodal malikanənin hüdudlarında yaşayırsa, bu payı növbəti üç gün, məhsul yığılan yerdən 50 verstdən uzaqda yaşadığı təqdirdə 15 gün ərzində ona çatdırmaq vəzifəsini qoyurdu.
"Əsasnamə" məhsulla ödənilən vergi ilə yanaşı, kəndlilərin bəyin xeyrinə işləyib-ödəmə rentasını yerinə yetirmələrini nəzərdə tuturdu. "Əsasnamə" hər kəndli ailəsi üzərinə sahibkarın tələbi ilə öz iş eyvanı və alətlərilə ildə 18 gün ərzində onun təsərriifatında işləmək üçün bir işçi vemək təhəddüdü qoyurdu. Mükəlləfiyyətin bu növü, yəni biyar Azərbaycanda çoxdan bəri mövcud idi. Onun müddəti Azərbaycanın heç bir qəzasında dəqiq müəyyən edilməmişdisə də heç yerdə kəndlilərin feodalın xeyrinə işlədikləri günlərin sayı ―"Əsasnamə"də göstərilmiş rəqəmin heç yarısına da çatmırdı. "Əsasnamə" biyarın həcmini iki dəfədən çox artırdı və bununla da, əvvəlcə mövcud olmuş mükəlləfiyyəti daha ağır və məşəqqətli etdi.
Ədəbiyyat
Mühazirədən istifadə olunub.
Yüklə 34,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə