1. “Qarabağlar” sözünün etimologiyası haqqında



Yüklə 461,63 Kb.
Pdf görüntüsü
tarix04.08.2018
ölçüsü461,63 Kb.
#60779


İsmayıl HACIYEV 

AMEA Naxçıvan Bölməsinin sədri,  

professor 

 

TARİXİ MƏNBƏLƏR QARABAĞLAR KƏNDİ VƏ QARABAĞLAR TÜRBƏ 



KOMPLEKSİ HAQQINDA 

1.

 

“Qarabağlar” sözünün etimologiyası haqqında 

Respublikamızın  ərazisində  “Qarabağ”  sözündən  yaranmış  Qarabağ,  Qarabak, 

Qarabağlar,  Qarabağlı  adlı  coğrafi  adlar,  yaşayış  məskənləri  –  kəndlər  mövcuddur. 

Tədqiqatçılar  bu  sözün  etimologiyasını  müxtəlif  yöndən  izah  edirlər.  Qarabak  adının 



qara  (böyük)  və  bak  (qədim  türk  dillərində  “el”,  “tayfa”,  “soy”)  sözlərindən  ibarət 

olduğu  ehtimal  edilir.  Məlum  olduğu  kimi,  qədim  kəngər-peçeneqlərin  tərkibində 



qarabağ  adlı  tayfa  olmuşdu.  Peçeneqlər  hələ  eramızın  əvvəllərindən  Azərbaycanda 

yaşamışlar (1, s.18). Məhz buna görə də bu adı həmin tayfanın adı ilə əlaqələndirirlər. 

“Qarabağ”ın türk sözü olması toponimiya ilə məşğul olan tədqiqatçıların, demək 

olar  ki,  əksəriyyəti  tərəfindən  təsdiq  edilir.  Prof.  V.Piriyev  “Qarabağ”dakı  “qara  və 

“bağ”  anlayışlarının  Azərbaycan  dilinə  məxsusluğuna  diqqət  çəkərək,  qara  (sifət)  və 

bağ  (isim)  ifadələrinin  birləşərək  mürəkkəb  tərkibli  Qarabağ  yer  adını  yaratmasını 

vurğulayıb  (18,  s.92).  Müəllifin  sözlərinə  görə,  Azərbaycan,  həmçinin  digər  türk 

dillərində “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da 

var.  Bu  baxımdan  “Qarabağ”  termini  “qara  bağ”,  yəni  “böyük  bağ”,  “sıx  bağ”,  “qalın 

bağ”, “səfalı bağ” və s. mənalarını da ifadə edir. 

Məlum  olduğu  kimi,  kəngərlilər  peçeneq  tayfalarından  olmuş  və  eramızın 

əvvəllərində  hunların  tərkibində  Cənubi  Qafqaza  gəlmişlər.  Kəngərlilər  Naxçıvanın 

köklü  sakinləri  və  ən  qədim  tayfalarından  biridir.  V.Q.Qriqoryevin  yazdığına  görə, 

“Naxçıvanın  ictimai-siyasi  həyatında  mühüm  rol  oynayan  kəngərlilər  XIX  əsrin  30-cu 

illərində: yurtçu, gümüşlü, xalxallı, qaraxanbəyli, Ağabəyli, Cığataylı, Qaracalı, Billici, 

Qaratulaqlı,  Gecələr,  Sarvanlar,  Şahbanlı,  Əlixanlı,  Ərovanlı,  Salayçı,  Qızıllı, 

Pirxaxanlı, Qızıl Qışlaqlı, Kəlfirli, Qarabağlar kimi 20 tayfadan ibarət olmuş” (23, s.32), 

“Sofulu  və  Qaradolaq  tayfaları  ilə  birlikdə  120  tirəyə  bölünmüşdür”.  Kəngərlilərin  bu 

tayfa  və  tirələri  Naxçıvan  şəhəri  və  onun  ətraf  kəndləri,  eləcə  də  Azərbaycanın  digər 




 

zonalarına  yayılmışdır.  Belə  ki,  tayfanın  Yurtçu  tirəsi  Yurtçu  və  Cəhridə,  Gümüşlü 



tirəsi Xok və Şahtaxtıda, Xalxallı tirəsi Vayxırda, Ağabəyli, Cığasaylı, Qaracalı, Billici, 

Qaratulağı, Gecələr, Sarvanlar, Şahbanlı, Əlixanlı tirələri Naxçıvan şəhərində, Ərovanlı 

Kərimbəyli  Dizəsində,  Salayçı  tirəsi  Nəhəcir,  Külüs,  Mahmudoba,  Qızıllı  tirəsi 

Kültəpədə,  Pirxaxanlı  tirəsi  Qahabda,  Qızıl  Qışlaqlı  tirəsi  Bulqanda,  Kəlfirli  tirəsi 

Tırkeş və Sələsüzdə, Qarabağlar tirəsi isə Qarabağlarda məskunlaşmışdır (23, s.32). 

X əsr müəllifi Konstantin Baqryanorod Cənub-Şərqi Avropa çöllərində  yaşayan 

peçeneqlərin  bir  tayfasının  Qarabay  adlandığını  yazmışdır  (22,  s.237).  Türkoloqlar 

müəyyən  etmişlər  ki,  qədim  peçeneqlərin  dilindəki  “y”  səsi  başqa  türk  dillərində  “q” 

səsini  əvəz  edirdi  (23,  s.32).  Ona  görə  də  Qarabay  etnonimi  “Qarabağ”  kimi 

oxunmalıdır. 

Qarabağ  və  Qarabağlar  toponiminin  yayılma  arealı  çox  genişdir. 

Respublikamızda  bir  neçə  oykonim  və  böyük  bir  ərazi  bu  adı  daşıyır.  B.Budaqov  və 

Q.Qeybullayevin  yazdıqlarına  görə,  hələ  1590-cı  ildə  Rəvan  əyalətinin  Vedi  və 

Ağcaqala  nahiyələrində  Aşağı  Qarabağlar,  Yuxarı  Qarabağlar,  1728-ci  ildə  İrəvan 

əyalətinin  Maku  nahiyəsində  Qarabağ,  1828-1832-ci  illərdə  İrəvan  xanlığı  və  Vedi 

rayonunda Qarabağlar, eləcə də XIX əsrdə Cənubi Qafqazda 5 Qarabağlar adlı kənd var 

imiş  (6,  s.  137,  178-179,  281).  XVIII  əsrdə  Qarabağ  xanı  Pənahəli  xan  Naxçıvandan 

kəngərlilərin  qarabağlar  tirəsindən  bir  sıra  ailələri  Qarabağa  köçürmüş,  orada 

Pirhəsənli,  Qızıllı  və  Xoruzlu  qollarına  ayrılan  bu  tayfanın  tirələri  Quba,  Dəvəçi, 

Göyçay və b. ərazilərə də yayılmışdır. 

Beləliklə,  Qarabağlar  adı  kəngərli  tayfa  birləşmələrinə  məxsus  ad  olub 

“kəngərlilərin böyük bir bölümü”, “kəngərlilərin güclü, qüdrətli bir hissəsi” mənasında 

işlənir  və  bu  fikri  yerli  faktlar  da  təsdiqləyir.  Belə  ki,  Qarabağlar  kəndi  və  onun  ətrafı 

tarixən Kəngərli zonası, bu ərazidə yerləşən kəndlər isə kəngərli kəndləri adlanır. Çünki 

Xok  mahalında  yaşayanların  əksəriyyəti  azərbaycanlı,  böyük  hissəsi  isə  kəngərli 

tayfalarına mənsub olub və tayfanın Qarabağlar qolu eyniadlı kənddə məskunlaşıb (23, 

s.32).  Deməli,  Qarabağlar  kəndinin  adı  Qarabağ  tayfasının  adından  yaranmışdır.  Ona 



 

görə  də  Qarabağlar  qədim  türk  mənşəli  peçeneqlərin  Qarabağ  tayfasının  adını  əks 



etdirir (5, s.81) 

2.

 

Tarixi mənbələr Qarabağlar kəndi haqqında 

Kəngərli  rayonunun  Qarabağlar  kəndi  Azərbaycanın  ən  qədim  yaşayış 

məskənlərindən biridir. Kəndin şimal-şərqində Qalacıq adlanan ərazidə e.ə. II minilliyə 

və  I  minilliyin  əvvəllərinə  aid  yaşayış  yeri  (sahəsi  təqribən  40  ha)  aşkar  edilmişdir  (2, 

s.48).  Burada  tunc  bəzək  əşyaları,  boyalı  qab  qırıqları,  iri  qaya  parçalarından  tikilmiş 

dördkünc və oval şəkilli bina qalıqları tapılmışdır. Qarabağlardakı qədim qəbiristanda at 

və  qoç  formalı  qəbirüstü  abidələr  aşkar  edilmişdir.  Qarabağlar  kəndi  ən  qədim  yaşayış 

məskənlərindən  biri  olmaqla,  tariximizin  orta  əsrlər  dövründə  Azərbaycanın  qədim 

şəhərlərindən birinə çevrilmişdir. 

Bəzi  mənbələrə  görə  şəhərin  əsasını  XII  əsrdə  Şirvanşah  Mənuçöhr  qoymuşdur 

(16,  s.42).  Bu  və  sonrakı  dövrdə  şəhər  Azərbaycanın  mühüm  ictimai-iqtisadi,  siyasi 

mərkəzlərindən  biri  olmuşdur.  Onun  Yaxın  Şərq  ölkələri  ilə  Avropanı  birləşdirən 

mühüm  karvan  yollarının  üzərində  yerləşməsi  sayəsində  burada  sənətkarlıq,  ticarət, 

iqtisadi  həyat  xeyli  tərəqqi  edib.  Burada  olan  möhtəşəm  memarlıq  abidələri  –  türbə  və 

minarələr  XII-XIV  əsrlərdə  Qarabağların  böyük  şəhər  olduğunu  sübut  edir. 

Qarabağların şəhər kimi formalaşması və inkişaf dövrü isə Hülakülər dövləti dövründə 

olmuşdur. Qarabağlar şəhəri XVI əsrdə dağıntılara məruz qalsa da, şəhər bölgə mərkəzi 

kimi  statusunu  itirməmişdir.  Lakin  bununla  belə  şəhərin  əksər  hissəsi  xarabalıqlardan 

ibarət  idi.  Birinci  Osmanlı  idarəçiliyi  dövründə  (1587-1603)  şəhər  baxımsızlıq 

səbəbindən  tənəzzülə  uğramış  və  hətta  1590-cı  il  tarixli  “İrəvan  əyalətinin  müfəssəl 

dəftəri”ndə kənd kimi qeyd edilmişdir (11, s.144).  

Qarabağlar  şəhəri  orta  əsrlərdə  bir  sıra  görkəmli  səyyah,  tarixçi  və 

coğrafiyaşünasların  diqqətini  cəlb etmişdir.  Orta  əsrlərin  bir  çox  məşhur  səyyahlarının 

əsərlərində  öz  gözəl  iqlimi,  əhalisi,  tarixi  abidələri  haqqında  çox  maraqlı  və 

əvəzolunmaz  məlumatlar  vardır.  Nizaməddin  Şami,  İbrahim  Əfəndi  Peçevi,  Övliya 

Çələbi,  F.Rəşidəddin,  N.Xanıkov,  Moryer,  İ.Şopen,  İ.Tavernye  kimi  alim  və  səyyahlar 

Qarabağlar haqqında çox qiymətli məlumatlar vermişlər. 



 

Qarabağlar  haqqında  XV  əsrin  görkəmli  səlnaməçisi  Nizaməddin  Şami 



“Zəfərnamə” əsərində bəhs etmişdir. Nizaməddin Şami orta əsrlərin məşhur fatehi Əmir 

Teymurun  səfərlərində  onu  müşayiət  etmiş,  tarixi  hadisələrin  canlı  şahidi  olmuşdu. 

Müəllif  özünün  “Zəfərnamə”sində  Əmir  Teymurun  Hindistandan  dönməsi  bölməsində 

Teymurun Qarabağlarda  müəyyən müddətdə qalmasını belə təsvir edir: “Əmir Teymur 

Hindistandan  paytaxt  Səmərqəndə  qayıtdıqdan  sonra  İran  məmləkətinə,  xüsusilə 

Azərbaycana  və ona bağlı  yerlərə  gürcü  və erməni əsgərləri  tərəfindən təcavüzlər  vaqe 

olduğunu, buna görə də rəiyyətlərin zərər gördüyünü xəbər aldı. Əmiri Hümayun namus 

və  qeyrətinə  toxunan  bu  hala  görə  802-ci  ildə  (miladi  1399-1400  –  İ.H.)  hərəkətlə 

Xorasana  doğru  yola  düşdü.  Sultaniyyəni  keçərək  Təbriz  Qarabağlarına  gəlib,  orada 

ordusu  ilə  nazil  oldu  və  səhraları  çadırları  və  bayraqları  ilə  işğal  etdi,  ordunu  təftiş  ilə 

əsgərlərin hamısına ülufə (yem) və yeyəcək verdi...”(20, s.13). 

Əmir Teymur  yağılara, düşmənlərimizə qan  uddurmaq  məqsədilə döyüş səfərinə 

çıxdığı  zaman  yolüstü  Qarabağlar  şəhərində  dayanmış,  buranın  gözəl  nemətlərindən 

dadmış, məscidlərində dua etmiş, əsgərlərinə “ülufə və yeyəcək” vermişdir. 

Nizaməddin  Şaminin  bu  şəhər  haqqında  yazdıqları  ondan  300  il  sonra  burada 

olmuş Ö.Çələbinin “binur (nursuz – İ.H) Teymur Qarabağlarda böyük bir qoşunu ilə beş 

ay müddətinə qışlağa qalmışdır” məlumatı ilə bir daha təsdiqlənir. 

Məşhur  türk  tarixçisi  İbrahim  Əfəndi  Peçevinin  “Tarix”  əsərində  də  Qarabağlar 

haqqında  bəhs  edilir.  İbrahim  Peçevi  XVI-XVII  əsərlərdə  bu  böyük  Azərbaycan 

şəhərinin  əhalisinin  həyatı,  ticarət  və  peşə  sənətkarlığı  haqqında  məlumat  verir.  O 

göstərir ki, Qarabağlar onun dövründə böyük bir dairə olmuşdu. Yəni Qarabağlar şəhər 

və ona tabe olan ətraf yerlərdən ibarət idi (20, s.14). 

Başqa  bir  ingilis  səyyahı  Moryer  Qarabağlardakı  xarabalıqları  qədim  İranın 

Persepol  şəhərinin  memarlıq  abidəsinə  oxşadır  (10,  s.57;  20,  s.14).  Moryerin 

Qarabağların xarabalıqlarını Persepolun (Təxti-Cəmşid – İ.H.) Əhəməni dövrü abidələri 

ilə  müqayisəsinə  münasibət  bildirən  AMEA-nın  müxbir  üzvü  V.Əliyev  yazır:  “Əlbəttə 

burada  mübaliğə  vardır.  Qarabağların  orta  əsr  müsəlman  abidələrini  Persepolun 

Əhəməni  dövrü  abidələri  ilə  müqayisə  etmək  olmaz.  Çox  güman  ki,  Moryer 




 

Qarabağların çox qədim dövrlərə aid abidələrini nəzərdə tutmuşdur...” (10, s.57). Digər 



tərəfdən  isə  arxeoloq-alim  “...doğrudan  da  arxeoloji  tədqiqatlar  nəticəsində  burada 

qədim dövrlərə aid xarabalıqlara təsadüf edilmişdir” – deyir. 

Türk  hakimi  III  Sultan  Muradın  hakimiyyəti  dövründə  Qarabağlar  Səfəvilər 

tərəfindən ələ keçirilmişdir. Tarixi mənbələrin verdiyi məlumata görə türk paşası Sultan 

Süleyman qışı öz əsabələri ilə birlikdə bu şəhərdə keçirərmiş (10, s.59). 

XVII  əsrin  tanınmış  türk  səyyahı  Övliya  Çələbinin  Azərbaycana  birinci 

səfərində  (1646-1647-ci  illər)  “Böyük  Qarabağlar  şəhərinin  təsviri”nə  geniş  yer 

vermişdir: “Bu şəhərin binasını ilk dəfə Mənuçöhr qoymuşdur. Qədim şəhərdir; indi də 

Naxçıvan  torpağında  ayrıca  sultanlıqdır.  Qədim  zamanlarda  böyük  şəhər  imiş.  1012-ci 

ildə (1603-cü ildə) Üçüncü Məhəmməd xan zamanında Osmanlı əlində ikən Əcəm zəfər 

qazandı.  1045-ci  il  tarixində  (1635-ci  il)  Rəvan  fatehi,  zəmanənin  Murad  xanı  Rəvan 

fəthindən  sonra  bu  şəhərə  gəlib  burada  dayandıqda  qədim  əlyazmalarda  cənnət  qədər 

abad olan şəhəri dərya misal qoşununun ixtiyarına verərək onu bilməzsə dağıdıb xarab 

etmişdir,  xarabalıqları  hələ  də  durmaqdadır”  (17,  s.42-43).  Göründüyü  kimi,  Ö.Çələbi 

“Səyahətnamə”  əsərində  Qarabağları  böyük  bir  şəhər  kimi  təsvir  etmişdir.  Onun 

məlumatına görə XVII əsrdə Qarabağlarda təqribən 50 min adam yaşayırdı; 10 min ev, 

70 məscid, 40 minarə, karvansara,  hamam, bazar və s. var idi. Şəhərin abu-havasından, 

bağ-bağatından, meyvələrindən, xörəklərinin dadından Ö.Çələbi ürəkdolusu söhbət açır: 

“Allaha həmd olsun bu şəhərin abu-havasının lətafətindən əhvalımız da xoş olub atlara 

süvar olmaqla bəzi rəfiqlərimizlə  şəhərə tamaşa etdik... Havasının lətafətindən xoşüzlü 

məhbub  və  məhbubələrə  rast  gəlirdik.  Yeyəcək  və  içəcəklərinin,  meyvələrinin  bənzəri 

heç  bir  diyarda  yoxdur.  Qara  Bağlar  desək  yerinə  düşər.  Elçi  ilə  bir  bağı  gəzərkən 

Yəzdan Qulu adlı bir bağban iyirmi altı cür şirəli armud gətirdi... Armudlar elə dadlı və 

şirəlidir ki, suyu yeyənin üzərinə əlbəttə nabat şərbəti kimi tökülər... Böyük bazarlarında 

pak və pakizə işçilərinin bişirdiyi cürbəcür Rəvan düyüsündən plovlar və hərisəsi, sanki 

sifr kimi ləziz və xoş ətirlidir. İşçiləri olduqca təmizdir. Zira cümləsi müsəlmandır” (17, 

s.43). 



 

Azərbaycan Səfəvilər dövlətində Azərbaycan bəylərbəyliyi dövründə  Naxçıvan 



ölkəsi  12  nahiyə  və  1  sultanlıqdan  ibarət  idi.  Naxçıvan  ölkəsinin  tərkibində  Naxçıvan, 

Şərur,  Dərələyəz,  Bazarçayı,  Məvaziyi-Xatın,  Mülki-Arslan,  Dərə-Şahbuz,  Əlincə, 

Sisəcan,  Azadciran,  Şorlut,  Dərəşam  nahiyələri  olmuşdur.  Qarabağlar  ərazisi  isə 

Naxçıvan  ölkəsi  tərkibində  sultanlıq  idi.  Birinci  Osmanlı  idarəçiliyi  dövründə 

Qarabağlar  sultanlığı  Naxçıvan  sancağının  bir  nahiyəsinə  çevrilmişdi.  Bu  dövrdə 

Qarabağ  nahiyəsi  6  kənd,  2  məzrədən  ibarət  idi.  Tarixçi  E.Kəlbizadə  göstərir  ki,  XVII 

əsrin əvvəllərində Naxçıvan ərazisində öz qanuni hakimiyyətlərini bərpa edən Səfəvilər 

Qarabağların sultanlıq statusunu özünə qaytarmışdır. Qarabağlar kəndi XVIII əsrin 30-

cu  illərində Naxçıvan sancağında Qarabağ adı  ilə 16 kəndi əhatə edən  nahiyə  mərkəzi, 

XIX  əsrdə  isə  Xok  mahalında  kənd  olub  (11,  s.114).  Göründüyü  kimi,  bu  ad  müxtəlif 

zamanlarda həm Qarabağ, həm də Qarabağlar şəklində işlənilib. 

İrəvan və Naxçıvan xanlıqlarının tarixi və coğrafiyasının tədqiqi ilə məşğul olmuş 

fransız  mənşəli  İ.Şopen  özünün  “Rusiya  imperiyasına  birləşdiyi  dövrdə  Ermənistan 

əyalətinin  tarixi  abidələrinin  vəziyyəti”  adlı  əsərində  Qarabağlar  şəhəri,  onun  sinfi  və 

etnik  tərkibi,  folkloru  və  incəsənəti,  təsərrüfatı  barədə  məlumat  vermişdir.  İ.Şopen  bu 

qədim yurdun rus işğalından çox əvvəlki vəziyyətinin təsvirini verə bilmişdir (24). 

1833-cü  ildə  Sankt-Peterburqda  B.Qriqoryevin  nəşr  etdirdiyi  “Naxçıvan 

əyalətinin statistik təsviri” əsərində də Qarabağlar haqqında geniş məlumat verilir (23). 

Buradan  da  Qarabağların  əhalisi,  onun  ödədiyi  vergilərin  adları,  həcmi  haqqında 

qiymətli məlumatlar əldə etmək mümkündür.  



3.

 

Mənbələr Qarabağlar Türbəsi Kompleksi haqqında 

Qarabağlar  Türbə  Kompleksi  qoşa  minarə,  onlar  arasındakı  baştağ,  qoşa 

minarələrə  birləşən  dini  binanın  qalıqları  və  türbədən  ibarətdir.  Bu  abidələrdən  ikisi  – 

qoşa minarəli baştağ və türbə dövrümüzədək gəlib çatmışdır. Türbə Kompleksi  göstərir 

ki, Qarabağlar orta əsrlərdə Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri 

olmuşdur.  Türbə  Kompleksində  hər  bir  abidənin özünəməxsus  yeri,  mövqeyi  və  tarixi 

əhəmiyyəti vardır. Qarabağlar Türbə Kompleksi təkcə Azərbaycanın deyil, Ön Asiyanın 

memarlıq  incilərindəndir.  Türbə  Kompleksi,  görünür  Elxanilərin  hakimiyyəti  illərində 




 

tikintisi geniş yayılmış əbvab-əl-birr (dindarlığın qapıları – İ.H.) adlı iri xatirə-xeyriyyə 



komplekslərindən  olmuşdur.  Tərkibində  saray,  məscid,  mədrəsə,  xanəgah,  şəfaxana, 

hamam  və  başqa  binalar  olan  belə  komplekslərin  mərkəzi  tikilisi  və  dominantı  “Ali 

günbəd” – uca türbə olurdu (7). 

Qarabağlar  Türbə  Kompleksinin  xalqımızın  maddi-mədəniyyət  abidələri 

arasında  tarixi  mövqeyini,  dünya  əhəmiyyətli  abidə  olmasını  nəzərə  alan  Naxçıvan 

Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbov  2016-cı  il  4  iyul  tarixdə 

“Qarabağlar  Türbə  Kompleksinin  bərpa  və  tədqiq  olunması  haqqında”  Sərəncam 

imzalamışdır.  Həmin  Sərəncamda  deyilir:  “Kəngərli  rayonunun  Qarabağlar  kəndində 

yerləşən  və  XII-XIV  əsrlərə  aid  edilən  kompleksdən  dövrümüzədək  qoşa  minarəli 

baştağ və türbə gəlib çatmışdır. Azərbaycan  xatirə  memarlığının  mütərəqqi ənənələrini 

yaşadan  bu  abidə  memarlıq  quruluşuna  və  oxşar  cəhətlərinə  görə  Əcəmi  Naxçıvani 

memarlıq  məktəbinin  davamı,  memar  Əhməd  Naxçıvani  yaradıcılığının  nümunəsidir 

(15, s.11). 

Mənbələr  və  mütəxəssislər  qoşa  minarələrin  XII-XIII  əsrlərdə,  baştağın  XIV 

əsrdə, türbənin isə 1332-1337-ci illərdə tikildiyini qeyd edirlər (2, s. 48; 8, s. 57). Üslub 

və tikinti texnikası xüsusiyyətlərinə görə, türbənin tikilmə tarixi Hülakü hökmdarı Əbu 

Səid Bahadır xanın hakimiyyəti illərinə (1319-1335) aid edilir. 

Qarabağlar  Türbə  Kompleksi  haqqında  tədqiqatçılardan  M.Mirheydərzadə, 

Ə.Salamzadə,  M.Useynov,  L.Bretanitski,  K.Məmmədzadə,  Ə.Əsgərzadə,  V.Sısoyev, 

T.Yazar,  C.Qiyasi,  S.Kərimzadə,  Ş.Məmmədova  və  b.  maraqlı  və  əhəmiyyətli  fikir  və 

mülahizələr  söyləmiş,  abidələrin  tarixi  haqqında  bir  sıra  dəqiqləşmələr  aparmışlar. 

Qarabağlar memarlıq kompleksinə daxil olan qoşa minarənin XII əsrin sonu- XIII əsrin 

əvvəllərində tikildiyi ehtimal edilir. Minarələri bir-birinə bağlayan baştağ  isə XIV əsrə 

aiddir.  Baştağın  üzərində  Elxani  hökmdarı  Hülakü  xanın  arvadı  Quti  xatının  adı 

yazıldığından,  onun  Quti  xatının  şərəfinə  tikildiyi  güman  edilir  (13,  s.  248,  253). 

M.Mirheydərzadə  baştağın  kitabəsində  “Allahın  bu  nişanəsi  türkman  Quti  xatındır” 

sözlərinin yazıldığını qeyd etmişdir. Ə.Salamzadə və K.Məmmədzadə güman edirlər ki, 

kitabə  parçasında  Elxanilər  sülaləsindən  olan  Abaka  xanın  arvadı  Koday  xatının  adı 




 

xatırladılır  (19,  s.140).  Tədqiqatçı  R.Əliyeva  da  bu  fikirdədir  (9,  s.66).  Azərbaycan 



Sovet  Ensiklopediyasında  “baştağın  üzərində  Elxani  hökmdarı  Hülakü  xanın  arvadı 

Quti  xatının  (Qutuy  xatın)  adı  yazıldığından,  onun  Quti  xatının  şərəfinə  tikildiyi 

göstərilir” (2, s.48). AMEA-nın müxbir üzvü C.Qiyasi də türbənin “Hülakü xanın arvadı 

Qudi (Quti) xatının şərəfinə tikildiyini təsdiq edir (7). Ə.Ələsgərzadənin fikrincə, kitabə 

aşağıdakı  formada  olmuşdur:  “Bu  binanın  tikilməsini...  cahan  Qudi  xatın  əmr  etdi”. 

Turqay Yazar kitabənin sülüs xətti ilə yazıldığını və aşağıdakı mənanı verdiyini bildirir: 

“...Bu binanın tikilməsini Cihan Koday xatın əmr etdi” (21, s.44). 

Beləliklə,  gətirilən  faktlardan  və  digər  mənbələrdəki  məlumatlardan  aydın  olur 

ki,  Qarabağlar  türbəsi  Elxanilər  sülaləsindən  olan  yeddinci  vəliəhd  Sultan  Əhmədin 

ölümündən sonra onun anası Cahan Quti xatının əmri ilə tikilib. Həmin dövrdə dövlətə 

rəhbərlik edən Quti xatın ölümündən sonra bu məqbərədə dəfn olunub. Mənbələrdə adı 

Quti,  Qudi,  Qutuy  xatın  şəklində  anılan  Quti  xatın,  tarixçi  Fəzlullah  Rəşidəddinin 

yazdığına görə “Çox ağıllı  və bacarıqlı olub, sarayda yüksək  mövqe tuturdu” (7). Quti 

xatın qısa  müddətdə olsa da oğlu Sultan Əhmədin hakimiyyəti illərində, 1382-1384-cü 

illər  arasında  dövləti  özü  idarə  etmişdi.  O,  böyük  hörmət  və  nüfuzunu  sonralar  da 

saxlamışdı. Görünür Abaqa xanın Quti xatın üçün ayırdığı yerlər içərisində Qarabağlar 

şəhəri də olmuşdur.  

Qarabağlar  türbəsi  iki  hissəlidir:  sərdabə  və  yerüstü  xatirə  abidəsi.  Bu  abidədə 

qülləvari  türbənin  əsas  xüsusiyyətləri  əks  olunmuşdur.  Daş  kürsülük  üzərində  dəstə 

şəklində  birləşən  12  yarımsılındrik  çıxıntı  onun  yerüstü  kompozisiyasını  təşkil  edir. 

Gövdə  səthinin  belə  yarımsilindrik  çıxıntılarla  işlənməsi  yalnız  bədii-dekorativ 

əhəmiyyətə  malik  olmayıb,  eyni  zamanda,  mühəndis  quruluşu  cəhətdən  də 

əhəmiyyətlidir. Bir-biri ilə birləşmiş on iki yarımsilindrik çıxıntı divarın ümumi həcmini 

azaltmaqla  bərabər,  eyni  zamanda,  türbəyə  bir  qala  görkəmi  də  verir.  Türbənin 

kompozisiya  xüsusiyyəti  dörd  baştağlı  olmasıdır.  Dörd  coğrafi  səmtə  cəhətlənən  giriş 

yerləri  türbəni  dörd  bərabər  hissəyə  bölür  (12,  s.21).  Binanın  bütün  səthlərində  xırda 

şirli  yaşıl  kərpiclərdən  çəkilmiş  üzlük  qırmızımtıl  kərpic  fon  üzərində  onun  səthini 

böyük  kvadratlara  bölür.  Çəpinə  qoyulmuş  belə  kərpiclərdən  isə  romblar  əmələ 




 

gəlmişdir.  Kvadratların  hər  birinin  içərisində  isə  iri  yaşıl  kərpiclərlə  “Allah”  və 



“Bismillah” sözləri yazılmışdır. Türbənin bütün səthində kufi xətti ilə yazılmış “Allah” 

sözü 200 dəfədən artıq təkrar olunur.  

Türbədən  təxminən  30  metr  aralıqda  iki  yüksək  minarə  ucalır  ki,  bunların 

hündürlüyü  17  metrə  qədərdir.  Minarələrin  aşağı  hissələrində  kvadratşəkilli  bünövrə 

düzəldilmişdir.  Minarənin  səthində  yaşıl  rəngli  kaşi  çəkilmiş  kərpiclərdən  bəzəklər 

yaradılmışdır.  Hər  iki  minarənin  içərisində  dolama  pilləkən  vardır.  Bu  minarələr 

Azərbaycan  ərazisindəki  ən  qədim  kərpic  minarələrdəndir.  Baştağın  özü  isə  təkcə 

yurdumuzun  deyil,  bütün  islam  ölkələrinin  memarlığında  qoşa  minarəli  baştağların  ilk 

örnəklərindəndir.  Qarabağlar  baştağı  nadir  abidədir.  Baştağ  gözəl  kompozisiya  və  incə 

memarlıq bədii həllinə görə də dəyərli sənət əsəridir. 

Tarix  və  mədəniyyət  abidələri  ilə  zəngin  olan  Naxçıvan  diyarının  quruculuq 

ünvanlarından  biri  olan  Qarabağlar  kəndi  və  onun  Türbə  Kompleksi  özünün  ikinci 

həyatını  yaşayır.  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  “Qarabağlar 

Türbə  Kompleksinin  bərpa  və  tədqiq  olunması  haqqında”kı  Sərəncamından  irəli  gələn 

vəzifələrə  uyğun  olaraq  abidələr  ən  yüksək  səviyyədə  bərpa  edilir,  ilkin  gözəlliyinə 

qaytarılır.  

 

 ƏDƏBİYYAT 

 

1.



 

Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, Şərq-Qərb, 2007, 304 s. 

2.

 

Azərbaycan Sovet Ensiklopediyası. On cilddə, III cild. Bakı, 1979, 600 s. 



3.

 

Azərbaycanın tarixi-memarlıq abidələri (Tərtibçi Ş.Məmmədova). Bakı, 2008, 136 s. 



4.

 

Bağırov A. Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri. Bakı, Elm, 2002, 288 s. 



5.

 

Budaqov B., Qeybullayev Q. Naxçıvan diyarının yer yaddaşı. Bakı, Nafta-Press, 2004, 120 s. 



6.

 

Budaqov  B., Qeybullayev Q. Ermənistanda Azərbaycan  mənşəli toponimlərin  izahlı  lüğəti. Bakı, 



Oğuz eli, 1998, 452 s. 

7.

 



Cəfər Qiyasi. Qarabağlar abidəsi. “Kommunist” qəzeti, 1989, 28 mart, №74 (20.842). 

8.

 



Əliyev V. Tarixin izləri ilə. Bakı, Gənclik, 1975, 66 s. 

9.

 



Əliyeva R. Memar Əcəmi Əbubəkr oğlu Naxçıvani. Bakı, Şərq-Qərb, 2013, 76 s. 

10.


 

Əsədov N. Adın tarixi, tarixin adı – Paleotoponimlər. Dərs vəsaiti. Bakı, Elm və təhsil, 2010, 280 

s.

 

11.



 

İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri Z.Bünyatov və 

H.Məmmədov. Bakı, Elm, 1996, 184 s. 

12.


 

Məmmədova Ş. Azərbaycanın tarixi-memarlıq abidələri. Bakı, 2008, 136 s. 

13.

 

Naxçıvan abidələri ensiklopediyası. İstanbul, 2008, 521 s. 




10 

 

14.



 

Naxçıvan  sancağının  müfəssəl  dəftəri.  Araşdırma,  qeyd  və  şərhlərin  müəllifi  H.Məmmədov 

(Qaramanlı). Bakı, Elm, 2001, 376 s. 

15.


 

Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin  “Qarabağlar Türbə Kompleksinin  bərpası  və 

tədqiq  olunması  haqqında”  Sərəncamı//  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi.  Rəsmi 

sənədlər. Naxçıvan, Əcəmi NPB, 2017, 74 s. 

16.

 

Onullahi  S.M.  J.B.Taverniye  Naxçıvan  haqqında//  Bakı  Universiteti  “Xəbərlər”inin  xüsusi 



buraxılışı, 1999, №3, s.87-93. 

17.


 

Övliya  Çələbi  Səyahətnaməsində  Azərbaycan.  Nəşrə  hazırlayan  Mehmet  Rıhtım.  Bakı,  Qafqaz, 

2012, 296 s. 

18.


 

Piriyev V. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, Müəllim, 2006, 148 s. 

19.

 

Salamzadə Ə., Məmmədzadə K. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri. Bakı, Elm, 



1985, 268 s. 

20.


 

Zahid Asəf oğlu. Oğuz-türk yurdu – Qarabağlar. Bakı, Şirvannəşr, 2005, 118 s. 

21.

 

Turqay Yazar. Nahçıvanda türk mimarisi (Başlanğıcdan 19. Yüzyılın sonuna kadar). Ankara, Türk 



Tarih Kurumu, 2007, 577 s. 

22.


 

Баскаков Н.А. Введение в изучение  тюркских языков. Москва, 1969, 496 с. 

23.

 

 Григорьев  В.Г.  Статистическое  описание  Нахичеванской  провинции.  Санкт-Петербург, 



1833, 263 с. 

24.


 

Шопен И. Исторический памятник состояния Армянской области в эпохе ее присоединения 

к Российской империи. Санкт-Петербург, 1852, 1231 с. 

 

 



Yüklə 461,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə